Erməni separatçıları siyasi və hərbi cinayətlərdə təqsirləndirilirlər

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 7-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmə iclasında sənədlərin və sübutların təqsirləndirilən şəxs Babayan David Klimi ilə bağlı olan hissəsini diqqətə çatdırıb.

Bildirilib ki, David Babayan Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təcavüzkar müharibə zamanı 1998-ci ildə qondarma qurumun fəaliyyətinə qoşulub, 2023-cü ilədək müxtəlif “vəzifələr”də işləyib. D.Babayan təcavüzkar müharibənin hazırlanması, təşkili, aparılması və legitimləşdirilməsində qəsdən və bilavasitə iştirak etməklə müharibə və sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsində iştirak edib.

Dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxs İşxanyan Davit Rubeni barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb. Bildirilib ki, D.İşxanyan müxtəlif vaxtlarda batalyon komandiri, qondarma rejimin “deputatı, “parlamentinin spikeri” və digər “vəzifələr”də işləyib. Qeyd olunub ki, D.İşxanyan qoşulduğu cinayətkar birliyin tərkibində 1989-2023-cü illərdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının suveren ərazilərinin işğalında iştirak edib.

Sonra dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev təqsirləndirilən şəxs Babayan Madat Arakeloviç barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə zəruri xüsusatları elan edib. Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı törədiləcək cinayətlərdə iştirak etmək məqsədilə cinayətkar birliyə qoşulub.

Paşayan Melikset Vladimiri barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev bildirib ki, təqsirləndirilən şəxs 1992-1995-ci illərdə, 2020-ci ilin sentyabr-noyabr və 2023-cü ilin may-sentyabr aylarında cinayət hadisələrinin törədilməsində iştirak edib.

Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev Martirosyan Qarik Qriqori barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları elan edib. Müəyyən edilib ki, Q.Martirosyan cinayətkar birliyin üzvü kimi azərbaycanlılara qarşı ağır və xüsusilə ağır cinayətlərin törədilməsi ilə müşayiət olunan təcavüzkar müharibədə fəal iştirak etdiyi üçün və işğal dövründə törədilən cinayətlərə görə məsuliyyət daşıyır.

Sonra Allahverdiyan Davit Nelsoni barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatlar diqqətə çatdırılıb. Dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev qeyd edib ki, təqsirləndirilən şəxs 2006-2008-ci illərdə, 2020-ci ilin sentyabr-noyabr, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində cinayət hadisələrinin törədilməsində iştirak edib.

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev Balayan Levon Romiki barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb. Qeyd olunub ki, o, 1995-1998-ci illərdə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan müddət ərzində cinayət hadisələrinin törədilməsində iştirak edib.

Beqlaryan Vasili İvani barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev bildirib ki, təqsirləndirilən şəxs 2012-2013-cü illərdə, habelə 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabr ayının sonunadək Azərbaycan Respublikasının ərazilərində cinayət hadisələrinin törədilməsində iştirak edib.

Dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev Stepanyan Qurgen Homeri barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb. Bildirilib ki, o, 2005-2007-ci illərdə Füzuli rayonu ərazisində ön cəbhədə “xidmət edib”, Xocalı rayonunun ərazisində qanunsuz silahlı mütəşəkkil birləşməyə qoşulub.

Qazaryan Erik Roberti barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona qarşı irəli sürülən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayev bildirib ki, Ermənistan Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayının sonunadək olan müddət ərzində cinayət hadisələrinin törədilməsində iştirak edib.

İttiham tərəfinin çıxışları zamanı təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayətlər üzrə fotoşəkillər də nümayiş etdirilib.

Məhkəmə prosesi noyabrın 13-də davam etdiriləcək.

XQ

Son xəbərlər