Zəfər yürüşünün Şuşa zirvəsi

post-img

Şuşa şəhəri əsası qoyulduğu vaxtdan Azərbaycanın milli və mədəniyyət mərkəzi olmaqdan əlavə, həm də strateji mövqeyi ilə mötəbər müdafiə qalası olmuş, ətraf bölgənin nəzarət altında saxlanması üçün əlverişli məkana çevrilmişdi. I Qarabağ savaşı zamanı şəhərin məsuliyyətsizlik və xəyanətin qurbanı olması çevrədəki yaşayış məntəqələrinin və rayonların da müdafiəsini zəiflətmiş və işğal olunmasını asanlaşdırmışdı.

Bu mənada, II Qarabağ savaşında şəhərin azad edilməsi və yenidən Azərbaycan dövlətinin nəzarəti altına qaytarılması Ermənistanın işğalçılığına son qoyulması və respublikanın ərazi bütövlüyünün təmin edilməsi üçün ciddi hərbi-siyasi üstünlük yaradırdı. Ona görə də Vətən müharibəsinin gedişində Şuşa şəhərinin azad edilməsi, bu şəhərdə milli ruhun bərpa edilməsi istəyi Azərbaycan xalqının və onun dövlət rəhbərliyinin diqqət mərkəzində dayanan mühüm məsələlərdən biri idi.

Bu gerçəyin önəmini ifadə edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olardı: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi. …Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsindən sonra cənub bölgəsində fəaliyyət götürən Azərbaycan Silahlı Qüvvələrinin əsas zərbə gücü Laçın və Şuşaya doğru istiqamətləndirildi. Amma dövlət başçısının qeyd etdiyi kimi, Şuşa şəhərinin azad edilməsi üçün konkret addımların atılmasına Hadrutun erməni hərbi qüvvələrindən təmizlənməsindən sonra başlandı.

Prezident İlham Əliyev bildirmişdi ki, “oktyabrın 9-da Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik”. Hadrutun azad edilməsi Şuşaya aparan yolun nəzarət altına alınması baxımından hərbi əhəmiyyət kəsb edirdi.

Bu qəsəbə erməni işğalından azad edildikdən sonra əsas diqqət ətraf yaşayış məntəqələrinin və Füzulinin azad edilməsinə istiqamətləndirildi. Şuşa istiqamətində uğurlu hücuma başlanması həm də göstərilən yaşayış məntəqələrinin azad edilməsindən asılı idi. Burada planlaşdırılan döyüşlərin aparılmasına xüsusi təyinatlı qüvvələr daha fəal şəkildə cəlb edildilər.

Hərbi rəhbərliyin qərarına əsasən, bölgədəki xüsusi təyinatlı qüvvələr iki dəstəyə bölündülər. Birinci dəstəyə Xocavənd, ikinci dəstəyə isə Hadrut–Şuşa istiqamətində irəliləmək əmri verildi. İki gün ərzində aparılan döyüşlər nəticəsində Füzulinin bir neçə yaşayış məntəqəsi, Hadrut-Qarakollu yolu, bir neçə böyük yaşayış məntəqəsi və strateji yüksəklik ələ keçirildi.

Erməni hərbi-siyasi rəhbərliyi Azərbaycanın hərbi qüvvələrinin Şuşaya həm də Hadrutdan keçməklə hücum edəcəyini gözləyirdi. Bunun qarşısının alınması üçün Hadrutdan Qırmızı Bazara aparan yolun şimal-qərbindəki dağ yüksəkliklərində erməni hərbi qüvvələri möhkəmləndirilmiş müdafiə mövqeləri qurmuşdular. Belə bir ehtimal var idi ki, Azərbaycan Ordusu bu istiqamətdən Şuşaya doğru irəliləmək istəsə, onda əlverişli mövqelərdən bu orduya güclü zərbə vurmaq mümkün olacaq.

Qırmızı Bazardan keçən yolun ətrafında güclü müdafiə mövqelərinin qurulması erməni hərbi komandanlığının Qarabağın, xüsusilə Şuşa və Xankəndinin qorunması üçün yaratdığı çoxeşelonlu müdafiə sisteminin tərkib hissəsi idi. Erməni rəhbərliyinin planlarına görə, əgər cənubdakı aran ərazilərdə, xüsusilə Füzuli–Cəbrayıl istiqamətindəki erməni müdafiə xətləri Azərbaycan Ordusu tərəfindən yarılmış olardısa, onda Hadrut–Qırmızı Bazar yolunun hər iki kənarındakı dağ yüksəkliklərində yaradılmış müdafiə xətti ilə Azərbaycan qüvvələrinin Şuşaya doğru irəliləməsinin qarşısını almaq olardı.

Bu yolun ermənilər tərəfindən bağlanması ilə Azərbaycan hərbi qüvvələrinin, hərbi texnikasının Şuşaya yaxınlaşmasına ciddi əngəllər yaradılmış olardı. Ona görə, Hadrut–Qırmızı Bazardan keçməklə Şuşaya aparan yol hər iki tərəf üçün hərbi-strateji əhəmiyyət kəsb edirdi. Bu yol ilə irəliləmək Azərbaycan Ordusu üçün müəyyən itkilərlə müşayiət oluna bilərdi. Ona görə, Qırmızı Bazardan keçən yolun ətrafında hərbi gərginliyi saxlamaqla Azərbaycan Ordusunun bölmələri Hadrutdan başlayaraq yolsuz dağlıq və sıx meşəlik ərazilərlə Şuşaya doğru irəliləməyə başladılar.

Prezident İlham Əliyev qeyd edilən istiqamətdən Şuşaya doğru irəliləməyin nə dərəcə çətin olduğunu belə izah edirdi: “Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək Şuşaya istiqamət götürdülər”.

Hadrutdan düz xətt boyunca Şuşaya qədər olan 50–60 kilometr məsafədəki sıldırım dağlı ərazilər o dərəcədə keçilməz ərazilər idi ki, erməni hərbi komandanlığı üçün Azərbaycan Ordusunun rəhbərliyi tərəfindən belə bir qərar veriləcəyi insan zəkasına sığışmayacaq bir seçim kimi qəbul edilirdi. Digər tərəfdən erməni hərbi-siyasi rəhbərliyi inanmırdı ki, Azərbaycan Ordusunun bölmələri hərbi texnikanın və pilotsuz uçuş aparatlarının köməyi olmadan erməni mövqelərinə doğru irəliləməyə cəsarət edə bilərlər. Amma Azərbaycan Ordusunun rəhbərliyi belə bir qərarı qəbul etdi. Bununla belə Azərbaycanın hərbi komandanlığı Hadrut-Xocavənd istiqamətində xeyli sayda qüvvə də saxladı ki, oradakı erməni qüvvələrinin Şuşanın müdafiəsinə yönəlməsinin qarşısı alınsın.

Azərbaycan hərbi qüvvələrinin Hadrut-Şuşa istiqamətində irəliləməsinin təmin edilməsi üçün Müdafiə Nazirliyinin Mühəndis-istehkam qoşunları böyük məharət və peşəkarlıq nümayiş edirdilər. Bu qüvvələrin köməyi ilə keçilməz ərazilərdən yollar açıldı, Azərbaycan bölmələrinin qısa bir zaman ərzində Şuşa ətəklərinə çatması təmin edildi. Bu qüvvələr məsuliyyətli və gərəkli bir vəzifəni icra etdikləri üçün onlara hərtərəfli dəstək verildi. Ordu bölmələri bölgədə planlaşdırdıqları bəzi döyüşlərlə erməni hərbi qüvvələrinin diqqətini mühəndis qüvvələrinin fəaliyyətindən də yayındıra bildi.

Qeyd edilməlidir ki, müharibənin gedişində Şuşa şəhərinin dinc yolla geri qaytarılması imkanı da meydana gəlmişdi. Belə ki, Azərbaycan Ordusu qüvvələri oktyabr ayının 20-də Zəngilan şəhərini azad edərək İranla sərhəd boyunca əraziləri nəzarət altına alanda Rusiya Prezidenti V.Putin iki respublika arasında gedən müharibənin dayandırılması haqqında Azərbaycan və Ermənistan tərəfinə təkliflər təqdim etdi.

Azərbaycan tərəfi qaçqın və köçkün düşmüş Azərbaycan vətəndaşlarının öz yurdlarına, o cümlədən Şuşa şəhərinə qaytarılması şərti ilə müharibənin dayandırılmasına razı oldu. Ermənistanın baş naziri isə bu təklifi qəbul etmədi. Ermənistan rəhbərliyinin nəzərində Şuşaya azərbaycanlı köçkünlərin qayıtması Şuşanın azərbaycanlıların ixtiyarına verilməsi demək idi. Çünki Şuşa 1992-ci ildə Ermənistan hərbi qüvvələri tərəfindən işğal ediləndə bu şəhərin əhalisinin 80 faizi azərbaycanlılar və cəmi 20 faizi ermənilər idi. Yəni Şuşa yenidən öz azərbaycanlı görkəminə qayıtmalı idi. Bu isə erməniləri qane etmirdi. Ona görə də müharibənin dayandırılması üçün mövcud olan fürsət Ermənistan rəhbərliyinin günahı üzündən əldən verilmiş oldu.

Müharibənin dayandırılması ilə bağlı Rusiya prezidentinin təklifləri müzakirə olunanda Azərbaycan Ordusunun bölmələri artıq Şuşanın 20 kilometrliyinə qədər irəliləyə bilmişdilər. 2020-ci il oktyabr ayının 29-da isə Azərbaycan hərbi qüvvələri artıq Şuşa şəhərinin 5 kilometrliyinə qədər yaxınlaşmışdılar. Bunun Xankəndidə yaradılmış qondarma qurumun rəhbərləri də etiraf etmək məcburiyyətində qalmışdılar. Ona görə də Şuşaya təcili şəkildə Ermənistandan yeni erməni qüvvələri gətirilməsi məsələsinə baxıldı, Şuşa ətrafındakı mövqelər mümkün qədər gücləndirildi və şəhərin dörd ətrafı ciddi müşahidə altına alındı.

Həvalə edilmiş döyüş tapşırığının icrası üçün yaradıcı təfəkkürün ortaya qoyulması, gözlənilməzliyin, sürətin məntiqi seçimlə düzgün uzlaşdırılması, fiziki göstəricilər və mənəvi motivlər Azərbaycanın xüsusi təyinatlı qüvvələrinə imkan verdi ki, çox mürəkkəb coğrafi şəraiti arxada qoymaqla Şuşa şəhərinə yaxınlaşsın və bu şəhərin həndəvərində yerləşmiş erməni hərbi qüvvələri ilə döyüşlərə başlasın. Hərbi aviasiyanın, raket-artilleriya qüvvələrinin fəal himayəsindən uzaq düşmüş Azərbaycan bölmələri kiçik dəstələrlə düşmənin müdafiə sahələrini tədricən zərərsizləşdirərək Şuşa həndəvərinə qədər təhlükəli və məsuliyyətli bir yol keçməli oldular.

Dağ yüksəkliklərində yaradılmış atəş nöqtələrindən erməni hərbi qüvvələrinin müqavimət göstərmək cəhdləri də Azərbaycan bölmələrinin irəliləməsinin qarşısını saxlaya bilmədi. Erməni hərbi qüvvələri əlverişli atəş mövqelərində olsalar belə, təcrübəli mütəxəssislər Azərbaycan Ordusunun uğuruna şübhə etmirdilər. Bir tərəfdən Azərbaycan hərbi qüvvələrinin üstün fiziki və taktiki hazırlığı, döyüşkən mənəvi əhvali-ruhiyyəsi, digər tərəfdən də erməni hərbi qüvvələrinin aldıqları ağır zərbələrdən və itkilərdən sonra sarsıntı və çarəsizlik içərisində olması belə bir qənaətə gəlməyə əsas verirdi.

Erməni hərbi-siyasi rəhbərliyinin havaların soyuması ilə hərbi vəziyyətin yaxşılaşacağına bağladığı ümidlər isə özünü doğrultmadı.

Mürəkkəb coğrafi şəraitin Şuşaya doğru irəliləyən Azərbaycan bölmələrinə hansı çətinliklərin yaratdığını Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarının birində belə şərh etmişdi: “Döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər, amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah”.

Azərbaycan əsgərinin və zabitinin sonsuz fədakarlığı nəticəsində nəinki bu fiziki sınaqlara, həm də döyüş sınaqlarına üstün gəlmək mümkün oldu. Onun üçün idi ki, 2020-ci il oktyabr ayının 29-30-da Azərbaycan Ordusunun bölmələri artıq Daşaltı kəndi ətrafında döyüşlər aparırdılar. Bu kənd Şuşanın qapısı hesab edilirdi və erməni hərbi komandanlığına aydın idi ki, bu kəndin işğaldan azad edilməsi erməni hərbi qüvvələrinin durumunu daha da ağırlaşdıracaqdır.

Oktyabrın 29-30-da yalnız Şuşa ətrafında deyil, eyni zamanda Qubadlı və Xocavənd istiqamətində də gərgin döyüşlər davam etdi. Bu şəhərlərin hər ikisi Şuşaya aparan strateji yolların üzərində yerləşirdi. Xocavənddən keçən yol Qarabağın cənub-şərqindən Şuşaya çıxmaq imkanı verə bilərdisə, Qubadlıdan keçən yol isə Qarabağın cənub-qərbindən, Ermənistan sərhədi boyunca irəliləməklə Laçına çıxmaq və Laçın-Şuşa yolunu nəzarət altına almaq imkanı verə bilərdi. Ona görə də Qubadlıdan Laçına aparan ensiz dağ yolu həm Ermənistan tərəfindən, həm də Laçın istiqamətindən erməni hərbi qüvvələrinin atəş nəzarəti altına alınmışdı.

Coğrafi şəraitin xüsusiyyətlərinə görə, erməni hərbi qüvvələri böyük qüvvə cəlb etmədən də bu istiqaməti raket-artilleriya nəzarəti altına ala bilərdilər. Müşahidəçilər hətta onu da qeyd edirdilər ki, erməni hərbi-siyasi rəhbərliyi lazımi çevikliyi nümayiş etdirəcəyi təqdirdə Qubadlı istiqamətindəki Azərbaycan hərbi qüvvələrinə ciddi təhlükə də yarada bilərdi.

Bununla belə, noyabr ayının 2-də Qubadlının daha bir neçə yaşayış məntəqəsini erməni işğalından azad etmək mümkün oldu. Həmin kəndlər arasında rayonun İşıqlı, Muradxanlı, Milanlı kəndləri də var idi. Bu kəndlər Laçın qəsəbəsinin cəmi 12 kilometrliyində idi. Bu da imkan verirdi ki, həmin məntəqələrdən Laçın qəsəbəsi və Ermənistan Şuşa ilə birləşdirən Laçın-Şuşa yolu raket-artilleriya atəşlərinin nəzarəti altına alınsın. Şuşanın şərqindən isə Azərbaycan hərbi qüvvələri artıq Sıqnax kəndi ətrafına yetişmişdilər. Yəni Azərbaycan bölmələri həm Sıqnax istiqamətində, həm də Daşaltı tərəfdən Laçın yolu kənarında kifayət qədər uğurlu mövqelər ələ keçirməklə Şuşa üzərinə hücum üçün əlverişli üstünlüklər qazanmışdılar.

Bu uğurların nəticəsi idi ki, noyabr ayının 3-də Laçın-Şuşa yolu hərəkət üçün bağlanıldı və hətta Ermənistandan Xankəndiyə gələn bir sıra jurnalistlər artıq bu yol ilə geri qayıda bilmədilər. Bununla eyni zamanda Qarabağdakı erməni qüvvələrinin Ermənistanla əsas təchizat yolu da bağlanmış oldu.

Şuşa şəhərinin azad edilməsi üçün Azərbaycan Ordusunun əldə etdiyi mühüm uğurlardan biri isə noyabr ayının 4-də Daşaltı kəndinin erməni işğalından azad edilməsi oldu. Bu kəndin azad edilməsi üçün Azərbaycanın ordu bölmələri, o cümlədən xüsusi təyinatlı qüvvələr ciddi sınaqlarla qarşılaşmalı oldular. Bu kəndin azad edilməsi Azərbaycanın ordu bölmələrinə Şuşa ətrafında əlavə taktiki üstünlüklər yaratmaqla Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin Şuşaya girməsini də asanlaşdırmalı idi. Ona görə də Daşaltı ətrafında tədricən güclü Azərbaycan dəstəsi formalaşdırılmışdı.

Daşaltı kəndinin Şuşanın müdafiəsi üçün hansı əhəmiyyət kəsb etdiyini erməni hərbi-siyasi rəhbərliyi də yaxşı başa düşürdü. Ona görə də erməni hərbi komandanlığı da bura əlavə qüvvələr cəlb etməklə Azərbaycan Ordusunun hücumunun qarşısını almağa çalışırdı. Xüsusilə, Daşaltı kəndinə aparan yolu kənarında yerləşən 1431 və 1553 nömrəli hakim yüksəkliklərdə böyük sayda erməni qüvvələri yerləşdirilmişdi. Həmin yüksəklikləri işğaldan azad etmədən, Daşaltı kəndinə yaxınlaşmaq da mümkün deyildi.

Noyabr ayının ilk günlərindən etibarən Şuşa ətrafında hava şəraiti də mürəkkəbləşmişdi. Ona görə Azərbaycan bölmələri artilleriyanın və pilotsuz hava aparatlarının imkanlarından istifadə etmək məhdudiyyəti ilə qarşılaşmışdılar. Bu isə əlverişli coğrafi şəraitdə qərar tutan erməni hərbi qüvvələrinin daha yaxşı müdafiə olunmaq imkanlarını artırırdı. Onun nəticəsi idi ki, Azərbaycan bölmələri 1553 nömrəli yüksəkliyin ələ keçirilməsi üçün çox ağır bir döyüşə qatılmalı oldu.

Həmin yüksəkliyin alınmasında xüsusi təyinatlı qüvvələrin üç taboru iştirak edirdi. Bütün mövcud çətinliklərə baxmayaraq, xüsusi təyinatlılar dörd saat ərzində bu yüksəkliyin zirvəsinə doğru süründülər və xeyli itki ilə qarşılaşmalarına rəğmən, yüksəkliyi ermənilərdən azad etdilər. Amma erməni hərbi qüvvələri bu itki ilə razılaşmadılar və 1553 nömrəli yüksəkliyin geri qaytarılması üçün çox ciddi əks-hücuma başladılar.

Bu əks-hücumun qarşısını saxlamaq tapşırığı almış xüsusi təyinatlı kəşfiyyat bölüyünün şəxsi heyətinin təxminən 60 faizi şəhid oldu. Lakin öz mövqelərindən geri çəkilmədilər. Sonra isə xüsusi təyinatlıların kəşfiyyat taboru irəli göndərildi. Bu tabor da itkilərlə qarşılaşdı. Lakin yüksəkliyi qoruyub saxlamaq mümkün oldu. Bu isə Daşaltı kəndinin erməni işğalından azad edilməsində həlledici rol oynadı. Daşaltının azad edilməsi ilə Şuşanın cənubu və Laçın yolu Azərbaycan qüvvələrinin nəzarəti altına alındı.

Daşaltının azad edilməsi də Azərbaycan bölmələrinin misilsiz şücaəti və igidliyi nəticəsində baş verdi. Ermənilər bu kənd üzərində də güclü əks-hücum təşkil etdilər. Belə ki, noyabr ayının 5-də ermənilər dörd taborluq qüvvələrlə Şuşa-Daşaltı, Qaybalı-Daşaltı, Laçın-Daşaltı istiqamətlərindən kənd üzərinə güclü hücuma başladılar. Ermənilər qüvvə üstünlüyü yaratmaqla Daşaltını geri qaytarmağa cəhd göstərdilər. Baş verən döyüş altı saat davam etdi. Buna baxmayaraq, kəndi ələ keçirmiş xüsusi təyinatlı qüvvələr bir addım da olsa geri çəkilmədilər.

Noyabrın 5-də Daşaltı kəndi ətrafındakı döyüşdə iştirak edən xüsusi təyinatlı qüvvələrin komandiri bu döyüşün gərginliyi haqqında belə yazırdı: “Daşaltı ətrafına böyük sayda erməni qüvvələri gətirilmişdi. Əlverişli coğrafi mövqelərdə, hakim yüksəkliklərdə yerləşdirilmiş çoxlu sayda hərbi texnika və raket-artilleriya ilə dəstəklənən bu qüvvələr bizim dəstəmizi dairəvi atəş altına almağa müvəffəq olmuşdular. Ona görə də xüsusi təyinatlılar Daşaltı ətrafında çox güclü bir müqavimətlə qarşılaşdılar.

Bu ağır döyüşlərdə onların xeyli yorulduğu hiss olunurdu. Çünki saatlarla və hətta günlərlə davam edən fasiləsiz və şiddətli döyüşlərdə bu vəziyyət təbii idi. Düşmənin ağır artilleriya atəşi altında, bu çətin anlarda son variant olaraq onlara bildirdim ki, cənab Prezident bu vəziyyəti bilir. Onlar isə təəccübləndilər: “Cənab Prezident bizim burada olmağımızı doğrudan bilir?” Mən isə əminliklə bildirdim: “Əlbəttə, bilir. O, bütün döyüş əməliyyatlarını izləyir”. Bundan sonra onların əhval-ruhiyyəsi tam dəyişdi və çox böyük əzmlə döyüşə davam etdilər”.

Daşaltının azad edilməsi əslində Şuşa şəhərinin Azərbaycan qüvvələri tərəfindən əhatələnməsini də tamamlamış oldu. Həm bu kəndin, həm də Laçından və Qırmızı Bazar istiqamətindən gələn yolun Şuşaya girişinin nəzarət altına alınması bu şəhər üzərinə əsas hücumun başlanmasına da əlverişli zəmin yaratdı. Noyabr ayının 4-də bu hücuma başlanması üçün qüvvələrin konkretləşdirilməsi, onların şəhərə qəfil hücum marşrutlarının müəyyənləşdirilməsi üçün lazım olan qərarlar qəbul edildi, Şuşa ətrafında olan qüvvələrin qarşısında dayanan vəzifələrə bir də baxıldı.

Şəhər ətrafında olan Azərbaycan qüvvələri Şuşa üzərinə əsas hücumun məhz onlar tərəfindən həyata keçiriləcəyi görüntüsü yaradıb erməni hərbi qüvvələrinin diqqətini öz üzərinə cəlb etməklə xüsusi təyinatlı qüvvələrin ermənilərin ehtimal etmədiyi ərazilərdən Şuşaya girməsinə şərait yaratmalı idilər. Bu mənada noyabr ayının 4-də həm də Şuşa şəhəri üzərinə qətiyyətli hücum üçün zəruri şəraitin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü.

Noyabr ayının 5-də Şuşa üzərinə sürətli bir hücum başladı. Erməni hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusunun şəhər üzərinə əsas hücumunun Şuşaya giriş yollarından həyata keçiriləcəyini gözləyirdilər və əsas diqqəti də bu istiqamətlərə yönəltmişdi. Şuşanı dövrələmiş olan qayalıqlardan bu şəhərdəki erməni qarnizonuna ciddi təhlükə törədə biləcək qədər Azərbaycan qüvvələrinin şəhərə daxil ola bilməsi isə erməni hərbi-siyasi rəhbərliyinə mümkünsüz görünürdü.

Azərbaycanın xüsusi təyinatlı qüvvələri isə ənənəvi taktiki təfəkkür çərçivələrini aşaraq şəhərin ətrafında olan qayalıqlardan, dar cığırlardan, sıx meşəlikdən aşmaqla irəliləməyə, kiçik qruplarla şəhərə daxil olmağa başladılar. Sonra da bu qruplar gözlənilməz və qəfil şəkildə erməni mövqelərinə nüfuz etməklə onları məhv etdilər. Malik olduqları əlverişli mövqelər, çoxsaylı zirehli texnika da erməni qüvvələrini məhv olmaqdan xilas edə bilmədi. Nəticədə, elə noyabr ayının 5-də şəhərin xeyli hissəsi Azərbaycan qüvvələrinin nəzarəti altına keçdi.

Erməni mənbələri də etiraf edirlər ki, noyabrın 5-də Azərbaycanın xüsusi təyinatlı qüvvələri artıq Şuşaya daxil olmuşdular. Xankəndidə yaradılmış qondarma qurumun rəhbəri bildirirdi ki, noyabr ayının 5-də Şuşa şəhərinə nəzarət artıq qismən əldən çıxmışdı. Şuşanın işğal altında saxlanmasına kömək göstərilməsi üçün bu şəhərə gəlmiş Ermənistanın keçmiş müdafiə naziri də bildirirdi ki, noyabrın 5-də o və onun ətrafındakılar Şuşada Azərbaycan hərbi qüvvələrinin mühasirəsinə düşmüşdülər. Erməni mənbələrinin bəziləri isə noyabrın 5-də Şuşa şəhərinin bütünlüklə Azərbaycan Ordusunun nəzarəti altında olduğunu bildirirdi.

Qeyd etmək lazımdır ki, Şuşanın azad edilməsi uğrunda aparılan döyüşlər bütün cəbhə miqyasında planlaşdırılmış əməliyyatın tərkib hissəsi idi. Ona görə noyabr ayının 5-də Şuşa ilə bərabər, bütün cəbhə xətti boyunca Azərbaycan Ordusunun hücumları davam etdirildi. Müxtəlif istiqamətlər üzrə gərginliyi səngiməyən döyüşlər yeni-yeni ərazilərin işğaldan azad edilməsinə yol açmaqla, bütünlükdə erməni hərbi qüvvələrinin zəiflədilməsinə və cəbhəboyu yerləşən erməni qüvvələrinin Şuşa ətrafına atılmasına mane olmağa xidmət edirdi. Bütün bu istiqamətlərdə də Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi davam etməkdə idi.

Gün ərzində Tərtər, Ağdərə və Ağdam istiqamətində döyüşlər kifayət qədər intensiv xarakter aldı. Azərbaycan Ordusunun bölmələri Ağdərə və Xocavənd istiqamətlərində davam edən döyüşlərdə düşmənin hücumlarının, Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu hissəsində isə təxribat cəhdlərinin qarşısını qətiyyətlə aldılar. Tərtər istiqamətində endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu darmadağın edildi.

Erməni silahlı qüvvələrinin Ağdərə–Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə sıradan çıxarıldı. Həmin gün cəbhənin Ağdam istiqamətində Ermənistan ordusunun 41-ci topçu alayının batareyasının atəş mövqeləri də Azərbaycan bölmələri tərəfindən məhv edildi. Xocavənd istiqamətində də döyüşlər öz intensivliyini itirmədi.

Sonradan əldə edilmiş məlumatlar onu göstərirdi ki, Ağdam–Papravənd istiqamətində məhv edilən erməni hərbi qüvvələri Şuşanın qorunmasının gücləndirilməsinə vəzifələndirilibmişlər. Azərbaycan Ordusu bölmələrinin sərrast atəşlərindən sonra bu qüvvələr məhv edilməklə bərabər, həm də onların Şuşaya getməsinin qarşısı alındı.

Həm Azərbaycan üçün, həm də Ermənistan üçün müharibənin taleyinin həll edildiyi məkan isə Şuşa şəhəri idi.

(ardı var)

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru



Siyasət