Aİ-nin erməni terrorçunu şərəfləndirməsi məyusluq doğurur

post-img

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət ünvanlayıblar.

Müraciətdə erməni terrorçu Monte Melkonyanın adını daşıyan Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb. Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən forumun bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində Aİ-nin öz prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.

Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri M.Melkonyanın adını daşıyan Hərbi-idman liseyinə forumun üzvlük statusunun verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağının gözlənildiyini vurğulayaraq, bəzi məsuliyyətsiz Aİ rəsmilərinin bu terrorçunun Azərbaycan xalqı üçün nə ifadə etdiyini bilmədikləri təqdirdə onları M.Melkonyanın Kəlbəcər rayonunun işğalı dövründə çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar.

Müraciəti ünvanlayanlar Mariyana Kuyundiç ilə görüşərək Avropa Komissiyasının Monte Melkonyan kimi terrorçunu necə və nə üçün qəhrəmanlaşdırması barədə izahat verməsini tələb ediblər.

XQ

Son xəbərlər