Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun böyük elmi işçisi, dosent Emin Bağırovun həmmüəllifi olduğu məqalə Birləşmiş Krallığın nüfuzlu hesab edilən Q1 kateqoriyalı “Waves in random and complex media” jurnalında dərc olunub.
AZƏRTAC xəbər verir ki, alimlərimizin “Maye ilə ikitərəfli kontaktda olan əvvəlcədən gərginləşdirilmiş yüksəkelastikli lövhədə yayılan oxa simmetrik dalğaların dispersiyası” adlı məqaləsi beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu araşdırma mühəndislik və tətbiqi mexanika sahələrində geniş perspektivlər açır və Azərbaycan alimlərinin beynəlxalq səviyyədə elmi nüfuzunu artırır. Alimlərin əldə etdiyi nəticələr aerokosmik texnologiyalar, gəmiqayırma və materiallar mühəndisliyi sahələrində tətbiq oluna bilər. Tədqiqat, həmçinin tələbələr və gənc tədqiqatçılar üçün elmi motivasiya mənbəyi kimi dəyərləndirilir. Bu iş gələcəkdə daha mürəkkəb mexanika sistemlərinin modelləşdirilməsi və optimallaşdırılmasına da töhfə verə bilər.

