Fevralın 3-də Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib.
Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, agentliyin icraçı direktoru Əhməd İsmayılov və onun müavini Natiq Məmmədli iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova qurumun 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edib. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin və kommunikasiyaya məsul şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, xarici əlaqələrin qurulması və inkişafı ilə bağlı görülən işlər, təşkil edilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilib.
Sonra maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun nizamnaməsinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə ətraflı məlumat verib. Şura üzvləri 2026-cı il üçün nəzərdə tutulmuş büdcə çərçivəsində vəsaitlərin bölgüsü məqsədəuyğun və qənaətbəxş hesab ediblər.
Bununla yanaşı, müzakirələr zamanı media sahəsinin davamlı inkişafını təmin edəcək strateji layihələrin icrası, innovativ yanaşmaların təşviqi və mövcud resurslardan səmərəli istifadə imkanları geniş müzakirə olunub, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
XQ

