70 İldə qara dəliyə səyahət: Çin alimindən cəsarətli kosmik plan

post-img

Çinli astrofizik, Fudan Universitetinin əməkdaşı Kozimo Bambi ekstremal şəraitdə fizika qanunlarını yoxlamaq məqsədilə ən yaxın qara dəliyə miniatür kosmik zond göndərməyi nəzərdə tutan iddialı layihə irəli sürüb. Alimin hesablamalarına görə, çəkisi cəmi 1 qram, yelkəninin sahəsi isə 10 m² olan “nanokraft” işıq sürətinin üçdə birinə qədər sürətləndirildiyi halda 60–75 ilə, əgər sürət işıq sürətinin 90%-nə çatarsa, cəmi 40–45 ilə hədəfə çata bilər.

Aparatın sürətləndirilməsi yerüstü lazer qurğusu vasitəsilə nəzərdə tutulur — bu texnologiya ilkin olaraq Alfa Kentavra istiqamətinə uçuş üçün yaradılan Breakthrough Starshot təşəbbüsü çərçivəsində işlənir. Lakin hazırda tələb olunan supergüclü lazerin yaradılması trilyon avroya, missiyanın özü isə milyardlarla avroya başa gələ bilər.

Araşdırma üçün ən yaxın namizəd — GAIA-BH1 — Yer kürəsindən 1560 işıq ili uzaqlıqdadır. Lakin Bambi hesab edir ki, 20–25 işıq ili məsafədə yerləşən izolyasiya olunmuş qara dəliyi tapmaq daha məqsədəuyğun olardı. Belə obyektləri cazibə mikrolinzələnməsi və ya qaz udarkən yaydığı zəif şüalanma vasitəsilə, “Ceyms Uebb” teleskopu və ALMA rəsədxanasının köməyi ilə aşkar etmək olar.

Missiyanın əsas məqsədi — Kerr metrikasını yoxlamaq, fundamental fiziki sabitlərin dəyişməzliyini öyrənmək və hadisələr üfüqünün mövcudluğunu təsdiqləməkdir. Hazırkı texnologiyalarla qara dəliyin ətrafında orbitə çıxmaq mümkün deyil, buna görə də aparat yalnız qısa müşahidə imkanı ilə yanından keçə biləcək.

Alim etiraf edir ki, layihə hələlik fantastikaya yaxındır: superyüngül və davamlı materialların yaradılması, oriyentirsiz məkanda naviqasiya sisteminin işlənməsi və onlarla işıq ili uzaqlıqdan məlumat ötürülməsi kimi məsələlər həllini tapmalıdır. Lakin yaxın onilliklərdə bu çətinliklər aradan qalxarsa, bəşəriyyət ilk dəfə kainatın ən sirli obyektinə yaxınlaşaraq təbiət qanunlarını ən sərt şəraitdə sınaya biləcək.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı