Ruhumuzun Faxralı işığı

post-img

Ağır ellərimizdən olan Borçalıda, Faxralıda söz sözü çəkən­də, köz közə mehir salanda göz-könül sevinir, yurd yerlərinin ocağı daha gur yanır. 

Faxralıda yaradılan “Mədəniyyət və İncəsənət Mərkəzi” də ruhumuzun regional manifesti kimi səciyyə daşıyır. Bura Vətən sevgili hər kəs üçün ulu ru­hun havalandığı, qanadlandığı bir mə­kandır. Ötən əsrin əvvəllərindən üzübəri Faxralı Borçalının istər ərazicə, istərdə də sayılıb-seçilən kişilərilə, sazıyla-sö­züylə, yarağıyla, qoçaqlığıyla, mənəvi dünyasıyla tanınan ellərdən biri olub. Mahalda bütün tədbirlərdə adı anılıb, özü görünüb, sözü eşidilib. 1919-cu il iyul ayının 15-də Lüksemburqda (indi­ki Bolnisi) Borçalı mahalında bələdiyyə məclisinin ilk iclasında Faxralı da təmsil olunub. O iclasda Şair Nəbi iştirak edib. Elə bunun özü o deməkdir ki, yaranışın­dan bu ağır elin “zəri də olub, zoru da”... 

Şair Nəbi deyirdi: 

Qılıncın qınsızdı, qolun quvvatdı,

Baxmadın qocaya, cavana, dün­ya!

Faxralının şeir ruhu burda qonaq olan ustad Səməd Vurğunu da heyrət­ləndirib. Böyük şairin tövsiyəsi ilə Hü­seynqulu müəllim (Məmmədov) Şair Nəbinin şeirlərini toplayıb. Sonralar bu mənəvi cəfakeşliyi oğlu Elxan Məm­mədli davam etdirib, könülə yatımlı ön sözü ilə Şair Nəbinin kitabını nəşr etdirib, sonra toplu təkrar nəşr olunub. Aydın gecələrdə Dan ulduzu göydə necə seçilirsə, necə göz çəkirsə, bu kitablar mərkəzin eksponatları arasında eləcə seçilir, eləcə göz çəkir...

Rəşid Behbudov adına Mahnı Teat­rında söz pirimiz Şair Nəbinin 150 illiyi keçiriləndə ruhumun ustada, ustadlığa biəti kimi yazdığım şeiri xatırlayıram:

Ərşi-gürşü gülləndirdi 

Yusifmisal röyasıyla,

Göyü Yerə tül elədi saza-sözə sev­dasıyla...

“Dünya”lara heyrət oldu dünyalaşan “Dünya”sıyla,

Yüz illərdən yüz illərə zəmanətdi Şair Nəbi!..

Şeirin nə olduğunu dərsliklərdən öyrənə-öyrənə böyümüşdük. Bizə şe­iriyyəti Əli Səngərlinin şeir, şeiriyyət (və heyrət!) dünyası sevdirmişdi. İlk dəfə şair görürdük, şeirin nəfəsini şai­rin səsində duyurduq. Əli Səngərlinin “Qoca Vələsin nağılı”, “Bağçasaray”, “Kirkirə”... kimi əsərlərinin şair hünə­ri olduğunu bilənlər bilirdi, duyanlar duyurdu. Sonralar biz də duyduq, mil­li-xəlqi mübarizənin Faxralıdan ucalan harayıyla yaşıd olduq. Əli Səngərlinin şeir kitablarını (“Şair harayı” və digərlə­ri) hamı kimi mən də poeziyamızın boy ölçüsü bildim...

ŞAİR idi, həyatı, yaşam fəlsəfəsini belə şeirləşdirmişdi: “Ölüm nədi, kül ələyim gözünə...” – Əli Səngərlinin “Mədəniyyət və İncəsənət Mərkəzi”nə gələnlərin düşüncələrinə bu şeir biçi­mində bir şair kəlamı da hopur: “Həyatı sevin, Faxralını yaşada-yaşada yaşa­yın!”. Nə gözəl arzudu, diləkdi – şair duasıdı!..

“Mədəniyyət və İncəsənət Mərkə­zi”ndəyəm. Mənə elə gəlir ki, indicə ustadımın əlini çiynimdə hiss edəcəm. Yenə deyəcək ki, ə Rəşid, bir şeir oxu. Oxuyacam. Sonra gözüm üzündə qala­caq: Görəsən, bəyəndimi?.. 

Bu mərkəz ruhumuza düşən işıqdı. Bu işığı tarixləşdirənlərin kimliyini öy­rənmək istəyirəm. Qürurla “Faxralının oğulları!” deyirlər. Yadıma İkinci Qa­rabağ müharibəsində döyüşdə ağır ya­ralanmış döyüşçüdən sorğum, sorğuma aldığım cavab düşür:

– Adın nədi, əsgər bala?

– Azərbaycan əsgəridi!..

O zaman yaşadığım qürurun eyni­sini Faxralı “Mədəniyyət və İncəsənət Mərkəzi”ndə də yaşayıram. O qürurla bu qürurun arasında ancaq zaman və məsafə fərqi var...

Elxan Məmmədlinin Şair Nəbiyə həsr etdiyi monoqrafiya... Həzi Həsən­linin Borçalının ilk ali təhsilli riyaziyyat müəllimi Nəbi Gülməmmədova həsr etdiyi kitab... İsmayıl Güllərin “Fax­ralının torpağıdı bu yerlər”, Səməndər Məmmədlinin “Faxralılar” kitabları... Hər birində türk dünyası var, Borçalı var, Faxralı var, faxralılıq var. 

Ruhun şad olsun, İsmayıl Güllər, sözlə (şeirlə) Faxralının ərazisini ta­rixə tanıdıb könüllərə çəkən şair, Şair Nəbinin oğlu Rəhimlə deyişmən də us­tadlıqdan düşən işığıydı. Zaman-zaman dünyaya könlünün gözüylə baxanlar şeiriyyət kəhkəşanında Faxralı poezi­yasının gur işığını aydınlığıyla görüb; bu ağır elin deyimləri də ustadnaməlik­di (“Əti yeyilmir, gönü geyilmir, insan insana yağı kəsilib”). Hərdən yazdığım belə deyimləri Faxralıya ad eləmək də keçir könlümdən: “Qışda qarı diz­ləməsən, yayda izin üşüyəcək”. Deyim­lər kimi bayatıları da:

...ya daşa,

Ya qaynaya, ya daşa.

Can verərəm, qoymaram

Bu dağları yad aşa!..

Hamlet Kazımoğlu fitrətən şair idi. Oxuyanlar onun şeirlərini, illah da gə­raylılarını ruhuna meh həzinliyi, şeh zərifliyi, qövsi-qüzeh gözəlliyi bilir. Bu istedadlı şairin də sədaqətlə yaşadılan poetik dünyası min illərlə böyük dün­yaya buradan deyəcək ki, mən Faxra­lının (deməli, Borçalının, deməli, Türk dünyasının) şair oğlu Hamletəm! “Bu ehtiram özü könüllərdə, sözü dillərdə (və tarixdə!) yaşayanlara mənəvi bor­cumuzdu!” Bu kəlamı da Faxralı deyimi bilmək suç deyil...

Bolnisi meriyasının İmirhəsən və Faxralı kəndləri üzrə nümayəndəsi Novruz Ayvazov “Mədəniyyət və İn­cəsənət Mərkəzi”nin mahiyyətinin ta­rixə, milli-xəlqi ruha sədaqət olduğunu bildirərək deyir ki, bugünün gəncləri Faxralının saz-söz, incəsənət cəfasını çəkmiş fədailərin kimliyini xatirələrdən eşidirdilər, buradan öyrənəcəklər. Bu mərkəz həm də Faxralının etnoqrafik tarixi muzeyinin başlanğıcı olacaq. İşı­ğı ömürlərə düşəcək. Gürcüstanda belə bir mərkəzin yaradılması bəşərilik baxı­mından dəyərlidir...

Gürcüstan parlamentinin deputatı David Şaradizişvili “Mədəniyyət və İn­cəsənət Mərkəzi”ni bir kəndin timsalın­da dövlətə ehtiram adlandırır...

Faxralı orta məktəbinin müəllim­ləri Səlminaz Əhmədovanın, Fatma Əliyevanın, Səmayə Musayevanın fi­kirləri (“Bu mərkəz mahiyyəti etibarilə pedaqoji prosesin davamı olacaq”; “Bu mərkəzə Faxralıda yaranmış ədəbiyya­tımızın, formalaşmış incəsənətimizin yaddaş muzeyi də deyə bilərik”; “Son 100 ildə Faxralıda yaranan ədəbiyyatı­mızın şəriksiz işığı Şair Nəbinin poetik dünyasının İşığıdı”) pedaqoji, ədəbi, etnoqrafik və tarixi gerçəkliklər kimi dinlənilir...

Faxralıdan ruhumuza təzə işıq dü­şür, Vətən! Bu lacivərd işıq Faxralıdan uzaqlarda daha gözəl görünür!.. 

Şair Nəbinin bir gözəl ustadnaməsi­ni xatırlayıram: “Min şükür”...

Rəşid FAXRALI



Sosial həyat