Yerə yaxın: Alfa Kentavr sistemində nəhəng planet əlamətləri aşkarlanıb

post-img

Alimlər Yerə cəmi 4,5 işıq ili məsafədə yerləşən, bizə ən yaxın ulduz sistemi olan Alfa Kentavrda Yupiter və ya Saturna bənzər, nəhəng qaz planetinin mövcudluğuna dair yeni sübutlar tapıblar.

Planetin özünün, böyük ehtimalla, həyat üçün əlverişli olmadığı düşünülür. Lakin mütəxəssislər onun peyklərində yaşamağa uyğun şəraitin mövcud ola biləcəyini istisna etmirlər.

Kosmik nəhəngə dair ilk izlər ötən il “Ceyms Uebb” kosmik teleskopu vasitəsilə qeydə alınıb. Lakin sonrakı müşahidələr zamanı obyekt “itirilib” - əldə olunan məlumatlar onun mövcudluğunu təsdiqləmək üçün kifayət etməyib. İndi isə astronomlar onun həqiqətən mövcud olub-olmadığını dəqiqləşdirmək üçün yeni ölçmələr aparmağı planlaşdırırlar.

Xüsusi maraq doğuran məqam isə budur ki, planetin dövr etdiyi ulduz temperatur və parlaqlıq baxımından Günəşə çox bənzəyir.

- “Dörd işıq ili uzaq çox görünə bilər, amma qalaktika ölçülərinə görə bu, çox yaxındır, demək olar ki, ‘bizim məhəllədir’”, - deyə Oksford Universitetinin kosmik cihazqayırma kafedrasının dosenti doktor Karli Xovett bildirir. - “O, Günəşə bənzər bir ulduzun ətrafında fırlanır. Əgər biz yaşana biləcək dünyalar axtarırıqsa, bu, çox önəmlidir”.

Əgər kəşf təsdiqlənərsə, bu, Günəş sistemindən kənarda ekzoplanetlərin və potensial yaşayış üçün yararlı dünyaların axtarışında mühüm mərhələ olacaq.

Alimlərin ehtimalına görə, yeni aşkar edilən planet Günəş sistemimizdəki Yupiter və ya Saturna bənzəyən qaz nəhəngidir və qalın atmosfer təbəqəsi ilə əhatə olunub. Bu o deməkdir ki, planetin özündə həyat mövcud deyil, lakin onun peykləri potensial olaraq yaşana bilən mühitə sahib ola bilər.

Günəş sistemində Yupiterin və digər planetlərin buzla örtülü peykləri var ki, alimlərin fikrincə, onlar həyat üçün əlverişli ola bilər. Hazırda bu ehtimalı NASA-nın Europa Clipper və Avropa Kosmik Agentliyinin JUICE missiyaları araşdırır. Fərq ondadır ki, bizim sistemimizdəki buzlu peyklər Günəşdən çox uzaqdadır, halbuki yeni kəşf edilən potensial planet öz ulduzuna nisbətən daha yaxındır - bu isə həyat üçün əlverişli şərait ehtimalını artırır.

Kəşf, dünyanın ən güclü kosmik teleskopu “Ceyms Uebb” vasitəsilə əldə olunub. Teleskop planetin “birbaşa təsvirini” (direct imaging) alıb — bu metod ekzoplanetlərin ulduzlarından əks etdirilən və ya onların özlərinin yaydığı işığın birbaşa qeydə alınmasına əsaslanır.

- “Bu, hətta ən güclü kosmik teleskop üçün belə inanılmaz dərəcədə çətin müşahidədir. Ulduzlar çox parlaqdır, bir-birinə yaxındır və səmada sürətlə hərəkət edir”, - deyə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından tədqiqatın həmmüəllifi Çarlz Beyxman izah edir. Onun sözlərinə görə, ulduzun güclü parıltısı yaxınlıqdakı obyektlərin təsvirini tamamilə örtə bilir.

Bu səbəbdən alimlər hesab edirlər ki, planet yalnız bir dəfə - 2024-cü ilin avqustunda görünə bilib, sonra isə müşahidə sahəsindən itib. - “Yəqin ki, planet ulduzun arxasında olub və ya ona o qədər yaxınlaşıb ki, onu görmək mümkün olmayıb. Burada bir az da bəxt lazımdır”, - deyə doktor Karli Xovett bildirir.

Aparılacaq yeni müşahidələr planetin mövcudluğunu təsdiqləməyə kömək edəcək. Yaxın illərdə astronomlar NASA-nın 2027-ci ildə buraxılması planlaşdırılan yeni teleskopu - Nancy Grace Roman Space Telescope-dan da istifadə edəcəklər.

Bundan başqa, “Ceyms Uebb” teleskopu ilə aparılacaq əlavə müşahidələr spektroskopik analiz vasitəsilə planetin tərkibini öyrənməyə imkan verəcək. Bu isə həm planetin özünün, həm də onun potensial yaşana bilən peyklərinin daha dəqiq təsvirini yaratmağa kömək edəcək.

S.ELAY

XQ

Maraqlı