Qaradağda 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

post-img

Avqustun 9-10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 23,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 156 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 472 kiloqram çəkidə 511 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Bundan əlavə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb. 

Saxlanılan şəxs narkotikləri “lnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub. 

Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Mirzəyev ilə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

P.ƏMİRCANOV
XQ

Hadisə