Ani reaksiya necə yaranır?

post-img

Təbiətdə sürətin biologiyası

Milçəyin reaksiyasının insanla müqayisədə 4–5 dəfə daha sürətli olması onun görmə sistemi və sinir quruluşu ilə bağlıdır. Milçəklər ətraf aləmi saniyədə təxminən 250 “kadr” tezliyi ilə qavrayır, halbuki insan üçün bu göstərici orta hesabla 60 kadrdır. Buna görə də insanın ani hərəkətləri milçəyə sanki yavaşladılmış kimi görünür. Milçəyin reaksiya müddəti cəmi 8–20 millisaniyə təşkil edir, insanlarda isə bu rəqəm 150–250 millisaniyə arasında dəyişir. Nəticədə milçək təhlükəni vaxtında hiss edir və uçub qaçmağa imkan tapır.

Bu sürətin elmi izahı milçəyin sinir sisteminin sadə, lakin son dərəcə effektiv quruluşunda gizlidir. Onun beyni vizual siqnalları demək olar ki, dərhal emal edir, uzunmüddətli düşünmə və analiz mərhələsi yoxdur – hər şey instinkt səviyyəsində baş verir. Bundan əlavə, milçəklər adətən geriyə və ya yan istiqamətə, müəyyən olunmuş hərəkət sxeminə uyğun uçur və bu da zərbəni qabaqlamağa imkan verir. Maraqlıdır ki, soyuq mühitdə milçəklərin maddələr mübadiləsi zəiflədiyindən reaksiyaları da nəzərəçarpacaq dərəcədə ləngiyir.

Bununla belə, təbiətdə reaksiyası milçəkdən də sürətli olan canlılar mövcuddur. Onların əksəriyyəti ov və ya müdafiə üçün son dərəcə ixtisaslaşmış mexanizmlərə malikdir. Məsələn, dəvədəlləyi-krevetkası adlanan dəniz canlısı qısqac zərbəsini cəmi 2–3 millisaniyədə endirir. Bu, əzələlərin birbaşa gücündən deyil, yay kimi işləyən xüsusi mexanizmdən qaynaqlanır: əzələlər enerjini yığır və onu bir anda boşaldaraq qısqacı saniyədə 23 metr sürətlə irəli atır. Qabığındakı hidroksiapatit nanokristalları zərbənin təsirini udur, kavitasiya qabarcıqları (maye daxilində təzyiqin yerli olaraq buxarlanma təzyiqindən aşağı düşməsi nəticəsində yaranan buxar və qaz dolu boşluqlardır-red.) isə dalğa effekti yaradaraq zərbəni daha da gücləndirir.

Oxşar sürətli reaksiyalar başqa canlılarda da müşahidə olunur. Məsələn, yırtıcı milçəklər olan iynəcə havada ov tutarkən təxminən 30 millisaniyəlik reaksiya göstərir, dua edən dəvədəlləyi isə hücumu 50 millisaniyədə həyata keçirir. Onurğalılar arasında da istisnalar var: ulduzburun köstəbəyin toxunmaya reaksiyası təxminən 8 millisaniyədir. Onun burnundakı 22 həssas çıxıntı torpağı daimi skan edir və siqnal demək olar ki, gecikməsiz beyinə ötürülür. Kolibrilər uçuş istiqamətini 10 millisaniyə ərzində dəyişə bilir, iynəcəklər isə saniyədə 300 dəyişiklik tezliyini, yəni 4 millisaniyədən az vaxt intervalını ayırd edə bilir.

Bu canlıların milçəkdən də sürətli olmasının əsas səbəbi təkamül prosesində formalaşmış xüsusi uyğunlaşmalardır. Onların sinir sistemləri kompakt quruluşa malikdir, sinapsların sayı minimumdur, əzələlərdə isə yayvari mexanizmlər üstünlük təşkil edir. Sensorlar yalnız ən vacib informasiyanı qəbul edir və siqnalı birbaşa icraedici strukturlara ötürür. İnsan beynində isə çoxsaylı analiz mərhələləri və mürəkkəb şəbəkələr mövcuddur ki, bu da reaksiyanı daha dəqiq, lakin daha ləng edir.

Beləliklə, təbiətdə müşahidə olunan bu fövqəlsürətli reaksiyalar ov, müdafiə və sağ qalma kimi konkret ehtiyacların məhsuludur. Milçək insan üçün “çətin tutulan” canlı hesab edilsə də, təkamül bəzi növləri ondan da sürətli, demək olar ki, ani reaksiya verən mexanizmlərlə təchiz edib.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı