Yapon alimləri indiyədək elmə məlum olmayan yeni nəhəng virus növü aşkar ediblər. Bu kəşf virusologiya sahəsində mühüm yenilik olmaqla yanaşı, çoxhüceyrəli həyatın mənşəyinin öyrənilməsi baxımından da yeni elmi yanaşmaların formalaşmasına imkan yaradır. Araşdırmanın nəticələri nüfuzlu Journal of Virology elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı virus Tokionun yaxınlığında yerləşən şirin su gölməçəsində yaşayan bir amöb hüceyrəsində aşkarlanıb. Alimlər virusu tapıldığı əraziyə - İbaraki prefekturasında yerləşən Usiku-numa gölməçəsinə istinadən “Usiku-virus” adlandırıblar.
Elm tarixində uzun müddət nəhəng viruslar diqqətdən kənarda qalıb. Onların iri ölçüləri səbəbindən çox vaxt bakteriya kimi qəbul edilməsi bu sahənin gec inkişafına səbəb olub. Yalnız son onilliklərdə aparılan araşdırmalar göstərib ki, bu viruslar ətraf mühitdə geniş yayılıb və quruluş baxımından gözlənildiyindən daha mürəkkəbdir.
Ümumilikdə viruslar Yer üzündə ən çox rast gəlinən bioloji strukturlar hesab olunur. Bununla belə, onların təkamül tarixi və canlı orqanizm kimi qiymətləndirilib-qiymətləndirilməməsi hələ də elmi mübahisə mövzusudur. Buna baxmayaraq, virusların bütün həyat formalarına, o cümlədən insana təsiri danılmazdır.
Alimlərin fikrincə, viruslar təkcə xəstəlik törədən amil deyil, həm də təkamül prosesinin fəal iştirakçısıdır. Onlar canlılar arasında genetik məlumatın ötürülməsini təmin edən horizontal gen transferində rol oynayır, retroviruslar isə öz DNT-lərini sahib hüceyrənin genomuna daxil edə bilir. Əgər bu proses rüşeym hüceyrələrində baş verərsə, virus mənşəli genetik material nəsildən-nəslə ötürülür.
Məhz bu mexanizmlər nəticəsində insan genomunun təxminən 8 faizinin qədim retrovirusların qalıqlarından ibarət olduğu müəyyən edilib. Bu genetik irs erkən onurğalılarda sinir liflərini qoruyan mielin qişasının formalaşmasına, həmçinin plasentanın təkamülünə mühüm töhfə verib.
Bəzi alimlər hesab edir ki, viruslar həyat tarixində ən böyük təkamül sıçrayışlarından birində — birhüceyrəli prokariontlardan nüvəli eukariotlara keçiddə həlledici rol oynayıb. Bu yanaşmaya əsasən, iri DNT virusları ibtidai hüceyrələrə daxil olaraq onları məhv etməyib, əksinə hüceyrə daxilində məskunlaşıb və zamanla membranla əhatə olunmuş hüceyrə nüvəsinin formalaşmasına səbəb olub.
Bu fikir 2003-cü ildə hüceyrə daxilində xüsusi “virus fabrikləri” yaradan nəhəng virusların kəşfindən sonra daha geniş elmi əsas qazanıb. Həmin strukturlar forma və funksiyalarına görə eukariot hüceyrə nüvələrinə bənzərlik göstərir.
Yeni aşkar edilmiş Usiku-virus da bu baxımdan xüsusi maraq doğurur. Virus yoluxdurduğu amöb hüceyrələrinin normadan artıq böyüməsinə səbəb olur, onun qoruyucu qabığı unikal tikanvari çıxıntılara və lifli quruluşa malikdir. Digər nəhəng viruslardan fərqli olaraq, Usiku-virus çoxalma mexanizmini qurarkən sahib hüceyrənin nüvə membranını tamamilə məhv edir.
Tədqiqatın müəlliflərindən olan Tokio Elm Universitetinin molekulyar bioloqu Masaharu Takemuranın fikrincə, nəhəng viruslar hələ tam öyrənilməmiş elmi bilik xəzinəsidir və bu cür araşdırmalar viruslar aləmi ilə canlılar dünyası arasındakı sərhədlərə yenidən baxmağa imkan verəcək.
Hazırladı:
S.ELAY
XQ

