Alimlər hesab edirlər ki, Yer üzündə həyatın əsasını təşkil edən maddələr planetimiz yaranmamışdan çox əvvəl, kosmosda formalaşa bilərdi. Yeni tədqiqat göstərir ki, zülalların ilkin forması sayılan qısa amin turşusu zəncirləri — peptidlər — ulduzlararası məkanın buzlu toz hissəciklərində yarana bilir. Bu araşdırma 20 yanvar 2026-cı ildə Nature Astronomy jurnalında dərc olunub.
Elm adamlarına çoxdan məlumdur ki, qlisin kimi sadə üzvi maddələr kosmosda mövcuddur və meteoritlər vasitəsilə Yerə çata bilir. Ancaq bu sadə maddələrin necə birləşib daha mürəkkəb quruluşlar yaratdığı indiyə qədər aydın deyildi. Çünki Yer üzündə belə proseslər üçün su və fermentlər lazımdır, kosmosda isə bunlar yoxdur.
Danimarkanın Orhus Universitetinin alimləri laboratoriyada ulduzlararası mühiti təqlid ediblər. Onlar qlisini çox aşağı temperaturda dondurub, kosmik şüaları əvəz edən yüksək enerjili hissəciklərlə təsir ediblər. Nəticədə, heç bir su olmadan ən sadə peptidlərdən biri yaranıb. Bu göstərib ki, kosmik şüalar belə reaksiyaları təkbaşına başlada bilir.
Alimlərin fikrincə, bu cür proseslər təkcə qlisinlə məhdudlaşmır. Başqa amin turşuları da oxşar şəkildə birləşərək peptidlər yarada bilər. Bu isə o deməkdir ki, mürəkkəb üzvi maddələr ulduzlar və planetlər yaranmazdan əvvəl mövcud ola bilərdi.
Əgər peptidlər kosmosda formalaşıbsa, onlar kometlər və meteoritlərlə gənc planetlərin səthinə düşə bilərdi. Su olan mühitlərdə bu maddələr həyatın yaranması üçün hazır başlanğıc material rolunu oynaya bilərdi. Yəni həyat üçün lazım olan “tikinti daşları” Yer kürəsinə sonradan gətirilmiş ola bilər.
Bir sözlə, alimlər ilk dəfə sübut ediblər ki, zülalların ilkin formaları kosmosda, maye su olmadan yarana bilir. Bu kəşf göstərir ki, həyat üçün lazım olan maddələr Yer yaranmazdan əvvəl də mövcud olub və kainatda həyatın yaranma ehtimalı düşündüyümüzdən daha yüksək ola bilər.
S.ELAY
XQ

