“Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanırıq. Hələ gənclik illərində Azərbaycana sevgi hissləri ilə dolu şeirlər də yazmışam”.
Bu sözlərin müəllifi Dağıstanın milli iftixarı, Azərbaycanın dostu olmuş məşhur şair, yazıçı Rəsul Həmzətovdur. Bakıdakı Rus evində görkəmli ədibin 100 illik yubileyi münasibətilə qələmə alınmış “Milyonların nəğməkarı – Rəsul Həmzətov” kitabının təqdimatında onun Azərbaycanla bağlılığı diqqət mərkəzində oldu. Bildirildi ki, onun şeirlərinə ölkəmizdə də mahnılar bəstələnmişdir. O, Dağıstan şairi olsa da orada böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına sıx bağlı olub. Rəsul Həmzətov bir sıra şeirlərini Azərbaycana həsr edib. Şairlərimizdən Səməd Vurğun, Tofiq Bayram, Rəsul Rza, Nəbi Xəzri və digər şəxsiyyətlərlə onun yaxından tanışlığı sonralar möhkəm dostluğa çevrilib. Tofiq Bayram onun şeirlərini dilimizə tərcümə edib.
Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Çingiz Abdullayev, Rusiya səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Pavel Kuznetsov, Azərbaycanın Dağ Yəhudiləri icmasının sədri Melix Yevdayev və digər qonaqlar Rəsul Həmzətovun yaradıcılığında toxunduğu mövzulardan, şeirlərinin sənətkarlıq xüsusiyyətlərindən, müdrik fikirlərindən danışdılar. Sonra Nizami rayonu 10 saylı məktəbin şagirdləri, Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi Nurlan Ağayev yubilyarın şeirlərindən nümunələr səsləndirdilər.
Sonda “Dağıstan Respublikası Yazıçılar İttifaqı İdarə Heyəti”nin təşəbbüsü ilə diplom formasında hazırlanmış “Mənim Dağıstanım.100.Bizim Rəsul” adlı məktub Bakı Rus Evi tərəfindən kitabın müəllifi yazıçı, publisist Reyhan Mirzəzadəyə təqdim olundu. R. Mirzəzadə tədbir iştirakçılarına minnətdarlığını ifadə edərək, Rəsul Həmzətovun parlaq şəxsiyyətinin insanlarda böyük maraq doğurmasından, onun yaradıcılığının bu gün də aktual olmasından danışdı.
Bu yaxınlarda işıq üzü görən kitabda Rəsul Həmzətovun Azərbaycanın siyasi və ictimai xadimləri, görkəmli ədibləri, alimləri və musiqiçiləri ilə birgə çoxsaylı fotoları yer alıb. Burada şairin məktubları və xatirələri, nəsr və poeziya əsərlərindən parçalar da toplanıb.
Qeyd edək ki, Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Fidan SALMANLI,
Elşən AĞALAROV (foto)
XQ





.jpeg)

.jpeg)

.jpeg)



.jpeg)

.jpeg)

.jpeg)
.jpeg)


