Azərbaycan Prezidenti İlham Əliyevin tanınmış Azərbaycan rəssam və naqqaşı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncama əsasən, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Özbəkistan Rəssamlıq Akademiyasının dəstəyi ilə “Şərq vəhdəti – Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsi elan edilib.
Müsabiqənin keçirilməsində məqsəd Mirzə Qədim İrəvaninin yaradıcılığının və eləcə də erkən Azərbaycan milli modern rəssamlıq ənənələrinin gənc nəsillər arasında daha geniş təbliğ olunmasını təmin etmək, onun yaradıcılığını gələcək nəsillərə daha geniş şəkildə tanıtmaq, eyni zamanda xaricdə təbliğ etməkdən ibarətdir.
Müsabiqədə istənilən yaşdan olan rəssamlar, naqqaşlıq və dekorativ sənət sahəsində fəaliyyət göstərən istedadlı şəxslər iştirak edə bələr.
Müsabiqəyə təqdim edilmiş əsərlər müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Qaliblər və seçilmiş əsərlər AMM-də keçiriləcək sərgidə nümayiş etdiriləcək, qaliblərə mükafatlar təqdim olunacaq.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd