“Düyməcik” Bakı səhnəsində

post-img

Uşaq vaxtı sevə-sevə baxdığımız “Düyməcik” nağılını Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı aktyorlarının ifasında izləmək imkanı yaranıb. Bu tamaşa insanı real həyatdan qoparıb nağıllar dünyasına aparır.

Səhnə tərtibatı, dekorasiyaları, bəzək əşyaları, səhnə və aktyorların rəngarəng geyimləri tamaşaya xüsusi gözəllik qatır. Uşaqların sevinci isə nəyə desən, dəyər. İzləyicilərin uşaq dünyasına səyahət etmək, onu daha da gözəlləşdirmək bu tamaşanı ərsəyə gətirənlərin əsas amalıdır.

Danimarkalı yazıçı Hans Xristian Andersenin 220 illiyinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyevadır. Plastika həlli Ceyhun Dadaşova aiddir.

Rolları aktyorlar Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gülbəniz Lətifova ifa edirlər.

Mehribanlıq, dostluq və müdriklik kimi saf hisslərdən bəhs edən nağıl insanlara həyatda baş verən çətinliklər qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı aşılayır.

Fidan SALMANOVA
XQ



Mədəniyyət