Şair qəlbli ədəbiyyatşünas

post-img

Mikayıl Rəfili – 120    

Onun taleyinə eyni bir gündə – aprelin 25-də anadan olmaq və dünyaya əlvida demək düşüb. Görkəmli şair, ədəbiyyatşünas Mikayıl Rəfili daşlı-kəsəkli, çətin həyat yolu keçsə də, elmə, ədəbiyyata xidmətindən bir gün də qalmayıb, 53 illik ömrünü bütünlüklə sənət amalına həsr edib. Azərbaycan elmində və ictimai fikrində bir sıra ilklərə imza atıb.

Mikayıl Rəfili 1905-ci il aprelin ­25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində doğulub. Erkən yaşlarından gözəl şeirlər, məqalələr yazaraq qəzet və jurnallarda dərc etdirib. Bakıda və Moskvada ali təhsil alıb, sonra nəşriyyatlarda çalışıb, institutlarda dərs deyib. “Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri” mövzusunda namizədlik, “Qədim dövrdən indiki çağlaradək Azərbaycan ədəbiyyatı tariхi оçеrkləri” adlı doktorluq dissertasiyalarını uğurla müdafiə edib. Onun elmi məqalə və monoqrafiyaları zamanında əl-əl gəzib.

Şair qəlbli alim olan Mikayıl Rəfili yüksək savadı ucbatından tədricən poeziyadan uzaqlaşıb və həyatını ədəbiyyatşünaslıqla bağlayıb. Onun şəxsində incə ruhlu bir şairi itirsək də, dərin bilikli bir alimimizin olması ilə fəxr edirik. İllərcə dostluq etdiyi böyük türk şairi Nazim Hikmətin onun ölümünə yazdığı poetik ağısında belə bir misralar var: “Nəslimin yarpaq tökümü başlandı...”, “Şahi, Mikayıl, şair ola bilərdin, professor oldun”.

Azərbaycan ədəbiyyatında formalizm (30-cu illər) və nihilizm cərəyanlarını (50-ci illər) Rəfilinin adı ilə bağlayırdılar. Əslində, hər ikisi sənətdə, ədəbiyyatda və mədəniyyətdə ümumittifaq prosesi idi, sadəcə onun alim təfəkkürünün işığında sanballı şəkildə izah olunub. Moskvada oxuduğu illərdə o, Sovet proletar yazıçılarının 1-ci qurultayında (1929) iştirak edib, müəyyən bir zaman aralığında “proletkult” ideologiyasına aludə olub. Yazıçılar İttifqının üzvlüyündən çıxarıldığı da, haqqında ədəbi kukuarlarda hərzə-hədyanların söyləndiyi də danılmaz faktlardır. Savadlı, bilikli, prinsipial Mikayıl Rəfilini gözü götürməyənlər onun varlı ailədən olduğunu dönə-dönə dəstəvuz edib, mənəvi təqiblərə məruz qoyub,   və alimə başağrıları yaradıblar. Guya böyük alim “Azərbaycan sоvеt ədəbiyyatının böyük nailiyyətlərini inkar еtməyə cəһd göstərmişdir”.

Mikayıl Rəfili ilə bağlı söz-söhbət “Kitabi-Dədə Qorqud” dastanı ilə də bağlı yaranıb. 30-cu illərin sonlarında Həmid Araslının bu dastanı nəşr etməsi böyük hadisəyə çevrilmişdi və Mikayıl Rəfili də bu barədə yazdığı məqalələrdə onun “vətənpərvərlik və qəhrəmanlıq ruhunu” yüksək qiymətləndirmiş, hətta dastanı yunan eposları ilə müqayisə etmişdi. Mircəfər Bağırov 1951-ci ildə Dədə Qorquda qarşı kampaniya başlayanda bu məqalə Rəfiliyə qarşı, az qala, ölüm ittihamına çevrilib. Guya Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Mikayıl Rzaquluzadə və Mikayıl Rəfili “köçəri feodal eposu”na tənqidi yanaşmayıblarmış. 

Rəfilinin elmi fəaliyyətində iki ­böyük klassikin – dahi Nizami Gəncəvinin və böyük mütəfəkkir Mirzə Fətəli Axundovun tədqiqi mühüm yer tutur. Onun Nizami və intibah haqqında ­fikirlərini görkəmli rus alimləri də ­yüksək ­qiymətləndiriblər. “M.F.Axundov (həyatı və yaradıcılığı)” monoqrafiyası Moskvada “Görkəmli adamların həyatı” ­seriyasından da rus oxucularına çatdırılıb. 

Yuxarıda qeyd etdiyimiz kimi, işıqlı şəxsiyyət, böyük ziyalı Mikayıl Rəfili didərgin türk şairi Nazim Hikmətlə, eləcə də repressiya qurbanı, nakam şairimiz Mikayıl Müşfiqlə yaxın dost olub. Nazim Hikmətin fikrincə, Mikayıl Rəfili, doğrudan da, şair idi, sadəcə, elmi yaradıcılıqla müntəzəm məşğul olduğundan, bir müddət şeirin daşını atmışdı. Yalnız ömrünün son illərində bir daha şeirə qayıtmış, hətta “Mingəçevir” adlı poema da yazmışdı. Nazim Hikmətə həsr etdiyi bir şeirdə ona olan məhəbbətini  bu misralarla ifadə etmişdi:

Qarşımda əksin. Əlimdə sadə bir qələm. 
Gözlərimdə Moskvada keçən gəncliyimizin solmayan yarpaqları. 
Sən Nazim Hikmətsən, mən-sadə bir tələbən...

Qeyd edək ki, Mikayıl Rəfili sərbəst şeirin alovlu təbliğatçısı kimi həm özü bu səpkidə şeirlər yazır, həm də sərbəst şeir nəzəriyyəsini anladan məqalələrlə mətbuat səhifələrində çıxış edirdi.

Mikayıl Rəfili dünya ədəbiyyatının ən şedevr əsərlərini dilimizə çevirib.  Hüqonun “Gülən adam”, “Paris Notrdam kilsəsi”, “Səfillər” (5 hissəsi), Balzakın “Qorio ata”, “Qobsek”, “Novellalar”, Tolstoyun “Dirilmə” (I və II hissələr), Puşkinin “Bağçasaray fantanı”, “Tunc atlı”, “Ərzrus səyahəti” əsərlərinin tərcümələri   bədii tərcümə tariximizin qızıl fondunda yer alıb. 1939-cu ildə rusca nəşr olunan “Azərbaycan poeziya antologiyası”nın hazırlanmasında o da yaxından iştirak edib.

Həm ədəbiyyat tarixçisi, həm də nəzəriyyəçi kimi yad etdiyimiz Mikayıl Rəfili xatırlanır. Xalq yazıçısı Anar doğru olaraq qeyd edir: “M.Rəfilinin Azərbaycan ədəbiyyatşünaslığı, ədəbiyyat tariximiz sahəsində gördüyü iş əvəzsizdir. Onun zəngin elmi irsi mədəniyyət tariximizin qiymətli səhifələrindəndir. Rəfili bütün elmi fəaliyyəti boyu doğma ədəbiyyatımıza və daha geniş götürsək, doğma xalqımıza, onun inkişafına, dünyagörüşünün genişlənməsinə, daha artıq maariflənməsinə, mədəniləşməsinə xidmət etmişdir”.

Filoloq Vaqif Yusifli isə bu barədə yazır: “Ədəbiyyat tarixinə və ayrı-ayrı sənətkarlara həsr etdiyi tədqiqatlarında onun nəzəri bazasının möhkəmliyinə yalnız heyrət edirsən. Azərbaycan ədəbiyyatşünaslığında ilk “Ədəbiyyat nəzəriyyəsi” kitabının müəllifi də Rəfilidir və bu kitab üstündən onillər keçməsinə baxmayaraq, indi də ali məktəblərdə tədris olunur, ya da tələbələrə tövsiyə olunur ki, ondan istifadə etsinlər”.

Ə.ƏLİYEV
XQ

 



Mədəniyyət