(əvvəli qəzetin 15, 25, 28 noyabr və 3 dekabr tarixli saylarında)
Bundan əvvəlki yazılarda 2025-ci ildə daha böyük yubileyləri olan “Arşın mal alan”, “Bəxtiyar”, “Görüş”, “Koroğlu”, “Aygün”, “Yenilməz batalyon, “Yeddi oğul istərəm”, “Alma almaya bənzər” və “Tütək səsi” bədii filmlərindən bəhs etmişdik.
Ötən əsrdə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş bir çox ekran işləri məşhurluq qazanaraq, keçmiş SSRİ-nin müttəfiq respublikalarında və xarici ölkələrdə nümayiş etdirilib. Milli kino nümunələrimizin bir çoxunun festivallarda fərqlənməsi, mükafatlara layiq görülməsi 127 yaşlı ekran sənətimizin nail olduğu aşkar uğurların təcəssümüdür.
İndi isə xəyal atlarımızı yəhərləyib, xatirə cığırları ilə yolumuza davam edək və daha gənc ekran əsərlərini – 40 yaşlı “Atları yəhərləyin” və “Bağ mövsümü” filmlərini yada salaq.
“Atları yəhərləyin”
Dövlət mükafatına layiq görülmüş bu ekran əsəri Azərbaycan kinematoqrafiyasında yeganə filmdir ki, 3 adla tanınır. Həsənağa Turabovla Əbdül Mahmudbəyovun rejissoru olduqları film əvvəlcə Süleyman Rüstəmin eyni adlı pyesi əsasında çəkildiyi üçün “Qaçaq Nəbi” adlandırılıb. Sonrakı proseslərdə müəyyən siyasi müdaxilələr səbəbindən “Qanlı zəmi” və “Atları yəhərləyin” olub.
Xalq hərəkatı qəhrəmanına həsr olunan kəskin süjetli filmdə onun qisasçı dəstəsinin igidliklərindən söhbət açılır. XIX əsrin sonlarında silahlı kəndlilər Zəngəzurda çar canişinlərinin amansız hakimiyyətinə, xalqı soymaqla varlanan feodal əyanlarına və tacirlərinə qarşı mübarizə aparırlar. Qaçaq Nəbinin (Həsənağa Turabov) arvadı qorxmaz Həcər (Mömünat Qurbanova) də əri ilə birgə həmin dəstədə vuruşurdu.
Ssenari müəllifi Əhmədağa Mahmudov (Muğanlı) olan ekran əsərinin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı Kamil Nəcəfzadə, geyim rəssamı Kazım Kazımzadə, bəstəkarı Emin Sabitoğludur. Yeri gəlmişkən, Emin Sabitoğlunun məşhur “Anama deyin” mahnısı (Niyaməddin Musayevin səsində) bu film üçün yazılıb.
Kinoda əsas rolları Həsənağa Turabov və Mömünat Qurbanova ilə bərabər, Rasim Balayev, Ənvər Həsənov, Gümrah Rəhimov, Eldəniz Quliyev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov və başqaları ifa ediblər.
Əvvəl belə bir fikir olub ki, “Qanlı zəmi” Nəbinin öz yurdunda - Qubadlıda çəkilsin. Amma ora Bakıdan çox uzaq məsafədə olduğuna və kinostudiya ilə əlaqə çətinliyinin baş verəcəyi ehtimalına görə çəkilişlər üçün məkan seçimi Şamaxı olub. Dağlıq Şirvan ərazilərində təxminən 40 nəfərlik heyət çəkilişlərə qatılıb. Filmdə iştirak edən kaskadyorlar isə məşhur “Dartanyan və 3 muşketyor”da çəkilmiş “Lenfilm” qrupunun üzvləri idi. Bəzi döyüş səhnələri Qobustanda, dekor çəkilişləri kinostudiyada, interyer çəkilişləri isə İncəsənət Muzeyində aparılıb.
O vaxtlar “Mosfilm”də vəzifə tutan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə çalışıblar və səbəb olaraq Qaçaq Nəbinin ermənilərə divan tutmasını göstəriblər. Lakin onlar Qaçaq Nəbi ilə başqa bir qəhrəman olan Qara Nəbini qarışdırırdılar. Uzun çək-çevirdən sonra ermənilər məqsədlərinə çatmayıb, yalnız filmin adının dəyişdirilməsinə nail ola biliblər. Nəhayət, 1985-ci ildə film çəkilib və böyük uğurla nümayiş etdirilib.
Bir çox filmlərimizdə olduğu kimi, “Atları yəhərləyin”də də zərb-məsələ çevrilən məşhur ifadələr var. Məsələn, “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı, bu başı olmaz”, “Tənha quş yuva bağlamaz, lap qartal da olsa”, “Yalın artıq düşüb, deyəsən”, “Hələ, gör, neçə il də vuruşmalıyıq ki, bu camaat bir ağ gün görsün”. Bu sitatlar Qaçaq Nəbinin elə-obaya nə qədər bağlı olduğunu əks etdirir. Yaxud Mirzənin (Eldəniz Quliyev) dediyi “Sapı özümüzdən olan balta düşməndən də qorxuludur” fikri bu gün də yeri gəldikcə işlədilir. Filmdə Səlim bəyin (Rasim Balayev) dediyi bu ifadə də məşhurlaşıb: “Kişinin qoluna qandalı gərək kişi vursun”.
Nəhayət, qeyd edək ki, “Atları yəhərləyin” bədii filmi 2013-cü ildə yeni həyat qazanıb. Azərbaycan və Rusiyanın dövlət film fondları birlikdə həmin kinolenti bərpa edərək elektron formata keçiriblər.
“Bağ mövsümü”
Rejissoru Tofiq Tağızadə olan bu tammetrajlı filmin də 40 yaşı var. Ssenari müəllifi özünün məşhur “Dolça” povestinin motivlərindən istifadə etmiş yazıçı Elçindir. Filmi operator Elxan Əliyevin qrupu çəkib, rəssamlıq işləri Kamil Nəcəfzadəyə, musiqisi bəstəkar Xəyyam Mirzəzadəyə məxsusdur. Kinolentdə baş rolları Həsən Məmmədov, Zemfira Sadıqova, Səməndər Rzayev, Leyla Şıxlinskaya, Hacımurad Yegizarov, Nuriyyə Əhmədova, Ramiz Əzizbəyli, Elxan Səfərov və başqaları oynayırlar. Ustalıqla seçilmiş heyət ekran əsərinin maraqlı alınmasına tam mənada nail ola bilib.
Həsən Məmmədovun Ağababa obrazı maraqlı olduğu qədər də, yaratdığı digər obrazlardan kəskin fərqlənir. Çünki Ağababa “Bağ mövsümü”ndə baş qəhrəman olaraq çoxuşaqlı ailə başçısı, sadə bir insan kimi təqdim olunur və bunun öhdəsindən çox bacarıqla gəlir. Filmdə Ağababanın həyat yoldaşı - Ağabacı rolunda çəkilmiş Zemfira Sadıqovanın ifasını rejissor tam qəbul etməsə də, aktrisa obrazı lazımi səviyyədə, sadə, səmimi şəkildə canlandıra bilib.
Filmdə Mərdəkan bağlarında baş verən ibrətamiz əhvalatdan, namuslu ailə başçısı olan avtobus sürücüsü – Ağababanın külfətindən söhbət gedir. Halal zəhmətin hər şeydən üstün olması fikri təlqin edilir. Ssenari kəndin şəhərlə mənəvi-psixoloji ziddiyyəti üzərinə qurulub: Ağababanın avtobusu bu iki ziddiyyətli məkan əlaqəsinin aparıcı vasitəsidir. Ağababa ilə dostluğu ön plana gətirilən Toplan (Dolça) iki mühit arasındakı fərqin yeganə qurbanı kimi təqdim olunur.
Bu da maraqlıdır ki, filmdə Toplan kimi Moskvadan gətirilmiş və xüsusi təlim keçmiş Emma adlanan it çəkilib. Həmin kadrlar isə çoxsaylı dubllarla, ifrat çətinliklə başa gəlirdi. Aktrisa Zemfira xanım deyib ki, itlə olan çəkilişlərin birində hətta bütün günü oyaq qalıblar.
Halallıqla dolanan ailənin Toplanı uzun müddət evdə verilən yeməklərə qane olsa da, sonda başqa itlər kimi, nəfsini saxlaya bilməyib, kababxana tərəfə üz tutur, orada sür-sümük gəmirir və tədricən sahibindən də üz döndərir. Bu isə ailəyə pis təsir edir.
Ssenariyə görə, içki aludəçisi olan Əmirqulu rolunu “alkaş” kimi canlandırmaq Qorbaçovun o zamankı alkoqolizmə qarşı mübarizə dövrünə düşdüyü üçün mətn məcburi dəyişikliyə məruz qalıb. Həmin obrazı yaradan Ramiz Əzizbəyli şahmat aludəçisi kimi təqdim olunub, həyat yoldaşı Xeyransanı (Nuriyyə Əhmədova) da bu “azar”a düçar edib.
İnamla deyə bilərik ki, Azərbaycan kinosunun patriarxlarından sayılan Tofiq Tağızadə özünün “Görüş”, “Uzaq sahillərdə”, “Mən ki gözəl deyildim”, “Arşın mal alan” (1965), “Əsl dost”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” kimi “Bağ mövsümü” filmi ilə də milli kinomuza fərqli, yeni nəfəs gətirib.
(ardı var)
Ə.DOSTƏLİ
XQ


