18 may tarixi dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.
Bu günün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirir. Qədim əsərlər, sənədlər bizə keçmişdə yaşayan insanların düşüncələri, inancları, yaşayışları, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bugünü anlamağımıza kömək edir.
Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
Milli Kitabxanada bu günlə əlaqədar olaraq “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Muzeyler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Ənənəvi sərgidə dünya muzeyləri, xüsusən Azərbaycan muzeyləri haqqında, muzey işi mövzusu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.