Nazim Kazımov – 75
Ölkənin musiqi, təhsil və elmi ictimaiyyəti Azərbaycan Milli Konservatoriyası Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun 75 illik yubileyini və elmi-pedaqoji fəaliyyətinin 55 illiyini sevgi-sayğı ilə qeyd edir. Bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində keçirilən yubiley gecəsində, ölkə mediasında dərc edilən yazılarda, teleradio verilişlərində ustad tarzən və təcrübəli musiqi təşkilatçısının mənalı və zəngin ömür yoluna geniş nəzər salınır, çoxsaylı yetirmələri öz müəllimlərinə rəğbət və ehtiramlarını ifadə edirlər.
Səslənən səmimi mülahizələrin, söylənən təbrik və arzuların ümumi məzmunu belədir: Nazim müəllim təkcə musiqi təhsili ocaqlarına rəhbərlik etməklə kifayətlənməyib, həm də Elm və Təhsil Nazirliyindəki məsul fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsinə, xalqımızın estetik tələbatının ödənilməsinə sanballı töhfə verib.
İstedadlı musiqiçilər nəslinin yetişdirilməsi və himayə edilməsi onun sənətə, təhsilə və vətənə sədaqətlə xidmətinin ana xəttini təşkil edir. Buna görə milli musiqimizin tanınmış ifaçıları böyük Üzeyir Hacıbəylinin yaratdığı ünlü sənət ocağının çağdaş rəhbərini onun arzu-istəklərinin layiqli davamçısı kimi sevir, dəyərləndirir və minnətdarlıq əlaməti olaraq ona ən xoş arzularını çatdırırlar. Gəlin, dəyərli soydaşımızın zəhmət, istedad və məsuliyyətlə aşılanmış ömür yoluna nəzər salaq.
Nazim Kazımov 1950-ci ildə Naxçıvan şəhərində doğulub, burada orta təhsil alıb. 1966-cı ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun (indi rəhbərlik etdiyi kollec–red.) xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olub. Musiqi təhsili almaqla yanaşı, Bakı Dövlət Universitetinin filologiya fakültəsini də qiyabi bitirib. Milli musiqimizə olan böyük maraq və dərin bağlılıq onu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib. O, bu ali təhsil ocağının xalq çalğı alətləri şöbəsində görkəmli bəstəkarlar, xalq artistləri Səid Rüstəmovdan (tar) və Süleyman Ələsgərovdan (dirijorluq) dərslər alıb.
Gənc sənətkarın həyat yolu xeyli müddət Şirvan şəhər musiqi məktəbi və bölgənin mədəni həyatı ilə bağlı olub. O, şəhər musiqi məktəbində müəllim, direktor müavini və direktor işləyib. Sonrakı illərdə Bakının 15 saylı musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi kafedrasında müəllim olmuş Nazim Kazımov Elm və Təhsil Nazirliyinə aparılaraq burada inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2001-ci ildən Azərbaycan Milli Konservatoriyası Musiqi Kollecinə rəhbərlik edir. Tanınmış musiqiçi Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının professorudur.
Nazim müəllimin 75 illik mənalı həyat yolunun və musiqimizin inkişafına həsr olunmuş 55 illik əmək fəaliyyətinin qısa statistik mənzərəsi belədir. Amma bu tarixçənin arxasında çoxillik zəhmət və istedad, zəka və təşəbbüskarlıq dayanır. Onun həyat və fəaliyyətinin hər bir ili, ayı, hətta günü və saatı milli musiqimizin inkişafına, bu sənətin təhsil sisteminin səmərəli fəaliyyətinə, elmi əsaslarla araşdırılmasına və geniş ictimaiyyətə tanıdılmasına həsr olunub.
Nazim müəllimin adı neçə-neçə istedadlı musiqiçi və pedaqoqun formalaşmasında, yetişməsində böyük rol oynamış bir ustad rəmzinə çevrilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam müsabiqələrində Musiqi Kollecinin tələbələri həmişə məharətləri ilə seçiliblər.
Professor Nazim Kazımovun pedaqoji və elmi fəaliyyəti üzvi vəhdət təşkil edir. O, 1997-ci ildə professor Vidadi Xəlilovun elmi rəhbərliyi ilə “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Professor Nazim Kazımovun “Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri” monoqrafiyası, “Tar, kamança ixtisası üzrə pedaqoji təcrübə”, “Ümumtəhsil məktəblərində muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti”, “Tar ilə fortepiano üçün pyeslər” proqram, metodik vəsait və kitabçaları, bir çox elmi məqaləsi ölkəmizdə musiqi ədəbiyyatı kitabxanasını zənginləşdirib.
Tanınmış ifaçı, pedaqoq və alim Nazim Kazımovun “Tar ilə fortepiano üçün pyeslər”, “Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri”, “Səid Rüstəmov”, “Asəf Zeynallı”, “Musiqi Kolleci – 110”, “Adil Gəray Məmmədbəyli” kimi monoqrafiyaları və “Pedaqoji təcrübə” adlı kitabları milli musiqimizin tədrisi və təbliği işinə önəmli töhfədir. Bundan başqa, Nazim müəllim tədrisi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün “Musiqi” dərsliklərinin həmmüəlliflərindəndir.
75 yaşlı yubilyarın musiqi mədəniyyəti sahəsindəki çoxillik fəaliyyəti, gənc musiqiçilərin hazırlanmasında göstərdiyi xidmətlər dövlət səviyyəsində yüksək qiymətləndirilib. Ona Prezident sərəncamları ilə “Əməkdar incəsənət xadimi” fəxri adı, II dərəcəli Əmək ordeni verilib. Təhsil və Elm Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan alim-pedaqoq nəşr edilən kitablarına və mediada fəal çıxışlarına görə “Qızıl qələm” mükafatına layiq görülüb.
Professor Nazim Kazımov bu gün də Üzeyir Hacıbəylinin bir zamanlar yaradıb rəhbərlik etdiyi, şöhrətli tarixi və zəngin ənənələri olan Musiqi Kollecinə bacarıqla rəhbərlik edir. Nüfuzlu musiqi xadimi ömrünün müdriklik, yaradıcılığının məhsuldar çağında bilik və istedadını böyük Üzeyir bəyin qoyub getdiyi irsi qorumağa, sənət yolunu davam etdirməyə səfərbər edib. O, rəhbərlik etdiyi təhsil ocağını tarixi köklər üzərində ucaldaraq çağdaş tələblərə cavab verən bir mədəniyyət mərkəzinə çevirə bilib.
Namiq QƏDİMOĞLU
XQ