İyulun 10-da Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev, NDU nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin saz müəllimi Həsən Həsənli və Naxçıvandan tanınmış aşıq Tural Bağırov Türkiyə Respublikasının Ardahan şəhərinin Çıldır rayonunda keçirilən “I Uluslararası Aşıklar/Ozanlar/Kamlar Bilgi festivalı”nda iştirak ediblər.
Festival türk xalq ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ustad xalq şairi Çıldırlı Aşık Şenliyin xatirəsinə həsr olunub. Tədbir bir sıra universitet və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilib. Festivala Türkiyə, Azərbaycanın müxtəlif bölgələri ilə bərabər Naxçıvan, Qırğızıstan, Rusiya–Altay Respublikası, Gürcüstan və İranı təmsil edən sənətkarlar və nümayəndələr qatılıb.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov “Naxçıvanda aşıq sənəti və mühiti” mövzusunda məruzə ilə çıxış edərək bölgədə bu qədim tarixi sənətin qorunması və inkişafı istiqamətində görülən işlər, eləcə də universitetdə aparılan mədəni fəaliyyətlər haqqında iştirakçılara ətraflı məlumat verib.
Səfər çərçivəsində NDU nümayəndə heyəti Ardahan Universitetində də olub. Nicat Yaqubov universitetin rektoru, professor Öztürk Emiroğlu ilə görüşüb. Görüşdə hər iki ali təhsil müəssisələrinin fəaliyyətindən bəhs olunub, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda NDU nümayəndə heyəti Ardahan Universitetinin qurucu rektoru, professor Ramazan Korkmaz və Daxili Xəstəliklər Qastroenterologiya üzrə tanınmış mütəxəssis, professor Yusuf Bayraktar ilə də görüşlər keçirib.