Ayın yaranışı və Yerdə həyatın doğuşu

post-img

Astronomlar bu barədə yeni model irəli sürürlər

Bəşəriyyətin ən fundamental suallarından biri – həyatın başlanğıcı məsələsi alimlərin yeni araşdırması fonunda fərqli bucaqdan cavablandırılır. Astrofiziklərin təklif etdiyi modelə əsasən, 4,5 milyard il əvvəl Yerə çırpılmış nəhəng kosmik obyekt – Teyya adlı hipotetik cisim, sadəcə, Ayın yaranmasına səbəb olmayıb, həm də Yerə həyat üçün vacib olan kimyəvi komponentləri gətirib.

İndiyədək mövcud nəzəriyyələrə görə, Teyya Yerə yaxın bölgədə, Venera və Marsın orbitləri arasında, yaranmış və tərkibi Yer və Ayla oxşar olub. Lakin Portuqaliyanın Lissabon Universitetindən Duarte Branko və onun beynəlxalq tədqiqat qrupu yeni bir model irəli sürərək bildirirlər ki, Teyya Günəş sisteminin kənar bölgəsində formalaşıb və daha sonra daxili planetlərlə, o cümlədən Yer ilə toqquşma ehtimalı qazanıb.

Tədqiqatçılar vurğulayırlar ki, bu göy cisminin tərkibi karbonlu xondritlərə – həyat üçün mühüm elementlər daşıyan meteoritlərə oxşaya bilər. Alimlərin yaratdıqları dinamik model göstərir ki, qaz nəhəngləri (Yupiter və Saturn) formalaşarkən bəzi karbonlu cisimlər Günəş sisteminə yönəlib və Yerə qədər yol qət ediblər.

Modelə əsasən, Yerə çırpılan bu cisimlərin əksəriyyəti (52 faiz) ya tamamilə karbon mənşəli olub, ya da azı 6 faizə qədər belə materialı özündə daşıyıb. Qalan hissə isə Yer və Ayın strukturuna bənzər maddələrdən ibarət olub. Maraqlıdır ki, Veneraya aid nəticələr oxşar olsa da, Marsın kütləsi az və yerləşməsi daha uzaq olduğundan, belə toqquşmaların başvermə ehtimalı xeyli aşağı (1 faizdən az) göstərilib.

Hesablamalara görə, Teyyanın kütləsi Yerin 1–5 faizi qədər olub. Bu isə onun Yer üzərində əhəmiyyətli təsir gücünə malik olduğunu göstərir. Əsas fərziyyə ondan ibarətdir ki, bu toqquşma nəticəsində Yerə həyat üçün zəruri olan karbon, azot və digər kimyəvi komponentlər gətirilib.

Yeni elmi iş hələlik “Cornell University” tərəfindən idarə olunan elmi məqalə arxivində (preprint server) təqdim olunub. Alimlər bildirirlər ki, bu model təkcə Ayın yaranmasını izah etməklə kifayətlənmir, həm də Yer kürəsinin ilkin kimyəvi tərkibini, onun Marsla müqayisədə niyə daha çox “həyata əlverişli” maddə ilə zəngin olduğunu da aydınlaşdırır.

Bu yanaşma Günəş sisteminin erkən dövrlərinin dinamikasını daha dəqiq anlamağa, eləcə də həyatın başlanğıcı ilə bağlı nəzəriyyələri yenidən düşünməyə imkan yaradır.

S.ELAY
XQ

Dünya