Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19-22 may tarixlərində Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bununla əlaqədar mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Düşənbədə səfərdədir.
Tacikistan Milli Kitabxanasında mədəniyyət naziri Adil Kərimli ilə tacik həmkarı xanım Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş keçirilib. Əvvəlcə nazirlər Tacikistan Milli Kitabxanası ilə tanış olublar. Kitabxananın tarixi və nadir əlyazmaların qorunduğu fond haqqında ətraflı məlumat verilib. İkitərəfli görüşdə çıxış edən Tacikistanın mədəniyyət naziri Azərbaycan Mədəniyyəti Günlərini xalqlarımızı daha da yaxınlaşdıran mədəni hadisə kimi səciyyələndirib. Xanım nazir ötən ilin mayında Azərbaycanda keçirilən Tacikistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə göstərilmiş dəstəyə, keçirilən səmərəli görüşlərə görə təşəkkürünü bildirib.
Adil Kərimli Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Tacikistan tərəfinə təşəkkürünü bildirib. Qeyd olunub ki, iki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri Azərbaycan və Tacikistan arasında əlaqələrin hərtərəfli inkişafında müstəsna əhəmiyyətə malikdir. Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon tərəfindən 2024-cü ilin mayın 23-də Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanması dost ölkələrimizin əməkdaşlığının zirvəyə yüksəlməsinin göstəricisidir. Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib. Vurğulanıb ki, Azərbaycan tərəfi kinematoqrafiya, kitabxana, mədəni irs və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
Rizvan FİKRƏTOĞLU
XQ