Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçirilib.
Bu barədə, teatrın mətbuat xidməti məlumat yayıb. Xəbərdə qeyd olunur ki, iyunun 21-i və 22-də oynanılan tamaşa yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanıb.
Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissoru Səbinə Məmmədzadə, rejissor assisentləri Fuad Cavadzadə və Nəsibə Canəliyevadır.
Tamaşada rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov və başqaları ifa edirlər.
Dördhissəli tarixi-psixoloji dram "Şah Abbas Namə" tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir.