İyulun 15-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbirini Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində təşkil edib. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi kiçik qrant müsabiqəsində qalib gəlib və Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilir.
Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhərrəm Məmmədov bu layihənin bölgə ictimaiyyəti üçün əhəmiyyətindən bəhs edərək, regionlarda milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Layihənin rəhbəri Güllü Eldar Tomarlı təşəbbüsün məqsədləri, fəaliyyət istiqamətləri və indiyə qədər görülmüş işlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu layihə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqinə, təbliğinə və bu irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva, ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu və birliyin üzvü Zülfiyyə İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimov, Salyan Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, “Qələbə” qəzetinin əməkdaşı, şair-publisist, Əzizağa Məmmədli, Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anası Sevil Hüseynova çıxışlarında qeyd ediblər ki, milli geyimlər yalnız maddi mədəniyyət nümunəsi deyil, həm də xalqın yaddaşında və kimliyində mühüm yer tutan simvolik dəyər daşıyır. Natiqlər layihənin maarifləndirici və tərbiyəvi əhəmiyyəti xüsusi vurğulayıblar.
Aşıqlar Rəvanə Mirzəyeva, Nərmin Cəlal və Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri ifaları ilə tədbirə xüsusi bədii ovqat bəxş ediblər. Saz və sözün vəhdətində xalqın ruhunu yaşadan sənət nümunələri alqışlanıb.
Layihə çərçivəsində kəlağayı, papaq, tirmə çalma və digər milli baş geyimlərindən ibarət sərgi nümayiş etdirilib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən nəşr olunmuş kitablar da sərgi zamanı ziyarətçilərə təqdim olunub.
Layihə çərçivəsində növbəti tədbirlərin Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında keçirilməsi planlaşdırılır.
XQ