Bu il dünyaşöhrətli kimyaçı-alim, Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu əlamətdar tarix münasibətilə iyulun 5-də Sərəncam imzalayıb. Sərəncama əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası alimin həyat və fəaliyyətini əks etdirən xüsusi elektron məlumat bazası hazırlayaraq oxucuların istifadəsinə verib.
Elektron bazada Yusif Məmmədəliyevin həyatı, tanınmış şəxslərin onun haqqında fikirləri, layiq görüldüyü mükafatlar, eləcə də “Dünya elminə töhfələr verən alim”, “Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz” kimi məqalələrin tam mətni təqdim olunur. Bazaya akademik Yusif Məmmədəliyevin yazdığı, redaktə etdiyi Azərbaycan və rus dillərində kitabların, məqalələrin siyahıları, həmçinin onun haqqında nəşr olunan kitablar və dövri mətbuat materialları daxil edilib. Elektron bazada “Filmoqrafiya”, “Bədii ədəbiyyatda”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi müxtəlif bölmələr də mövcuddur. Alimin Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdə yaradılan institutlar və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumatlar da bazaya əlavə olunub.
“Akademik Yusif Məmmədəliyev – 120” adlı bu elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Arzu ƏLİYEVA
XQ