Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşəbbüsü və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Konsititusiya və Suverenlik İli" çərçivəsində Bərdə Peşə Təhsil Mərkəzində Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" və araşdırmaçı, yazıçı-publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitablarının təqdimatı keçirilib.
Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" adlı ilk kitabı Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə, araşdırmaçı, yazıçı-publisist Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan Musayevanın 70 illik yubileyinə töhfədir.
Tədbirin əvvəlində şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.. Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbir haqqında geniş məlumat verib. Bildiririb ki, Bakıda, Naxçıvanda, Gürcüstanda, bölgələrimizdə keçirilən tədbirlər davam edir, bu gün isə Tərlan Musayevanın dünyaya göz açdığı Bərdə rayonundayıq. 4 sentyabrda Ağcabədidə, 5 sentyabrda Yevlax rayonunda tədbirin davamı olacaq. İlin sonuna qədər tədbirlər davam edəcək.
Sonra söz Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələləri şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımova verildi. O, qeyd etdi ki, Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi sevindirici, qürurverici, həm də Tərlan Musayevanın Ulu Öndərə vəfa borcu, sədaqətinin tərənnümüdür. O bildirib ki, bu kitab gənc nəslə təbliğ olunmalıdır.
Şair Aqşin Hacızadə Ulu Öndər Heydər Əliyevin Tərlan Musayeva haqqında dediyi “Tərlan bütün respublika gənclərinə nümunədir” sözlərini xatırladıb və Tərlan xanıma həsr etdiyi poemadan səsləndirib. Sonra şəhid anaları- Nailə Ələkbərova, Arzu Hüseynzadə, Mehparə Qəribzadə, şəhid qardaşların bacısı, 2 nömrəli kitabxananın müdiri Nərgiz Cəfərova, şəhid yoldaşı, Veteranlar Şurasının sədri Etibar Hüseynova, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov, şair Arzu Yaqubqızı, Axund Hacı Ramazan, Dövlət İdarəetmə və Texnologiya Kollecinin rəhbəri Xosrov Musayev, təqaüdçü Şahin Məmmədov Tərlan Musayevanın keçdiyi şərəfli ömür yolundan danışdılar. Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolundan bəhs edir.
Bərdə rayon Kətəlparaq kənd uşaq musiqi məktəbinin ansamblının üzvləri Vüsal Mirzəyevin, Aydın Əsədovun, Cəlal Hüseynovun çıxışları alqışlarla qarşılandı.
Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Müsayeva öz çıxışında qeyd etdi ki, Ulu Öndər bir işıqlı, təmənnasız Günəş kimi ömür yoluna işıq salıb, həyatın dərin, az görünən dibindən məni səadətin, şöhrətim ən uca zirvəsinə qaldırdı.Belə qayğıkeş, əmək adamına qol- qanad verən böyük insanın dəstəyi mənə şan- şöhrət gətirdi.
Sonda Tərlan Musayeva Prezident Aparatına, Bərdə Rayon İcra Hakimiyyətinə və qonaqlara təşəkkürünü bildirib.
"Ulu Öndərə mənəvi borcum" kitabının redaktoru Vaqif Osmanlı, "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının redaktoru Güllü Eldar Tomarlıdır.