Oktyabrın 31-də “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ DUY” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində qonaqların iştirakı ilə daha bir kurator turu İçərişəhərdə Şirvanşahlar Saray Kompleksində baş tutub.
Burada “Art Weekend” layihəsinin daha bir sərgisi “Şeh. Olmayan səhər” ekspozisiyası təqdim edilir. Sərgidə rəssam Vüsalə Ağarəziyeva Şirvanşahlar Sarayını gecə ilə sübh arasındakı o incə, düşüncəli məqama çevrilən kontemplativ bir məkana bənzədir.
Heykəltaraşlıq instalyasiyaları, zərif video işləri və abstrakt rəsmlər vasitəsilə Vüsalə Ağarəziyeva şehin mahiyyətini – uzaqdan görünməyən, lakin yaxınlaşdıqca dərin dəyişdirici gücə malik olan, ötəri, amma təsirli təbiətini əks etdirir. Sərgi yaddaş, varlıq və reallığı necə qavradığımızı formalaşdıran incə keçidlər üzərində düşünməyə çağırır.
Sərgidə instalyasiya, videoinstalyasiya və rəngkarlıq əsərləri bir-birini tamamlayaraq vahid fəlsəfi konsepsiya yaradır. Rəssamın bu dəfə metalla işləməsi isə diqqətçəkici yenilikdir. O, metalın sərtliyini və parlaqlığını “şeh”in həm soyuq, həm də mistik təbiəti ilə birləşdirərək yeni bir ifadə dili yaradıb. Onun əsərləri zərifliklə dərinliyi birləşdirir, uzaqdan görünməyən, lakin yaxınlaşdıqca izləyicini dəyişdirən bir güc daşıyır. Rəssamın yaradıcılığında keçicilik, dərinlik və səssiz enerjinin harmoniyası duyulur.
XQ




