Berlin şəhərində almaniyalı türkoloq, tarixçi alim, Qissen Universitetinin əməkdaşı Mixael Raynhard Hebin “Qarabağ XIII əsrdən 1920-ci ilədək” başlıqlı kitabının 3-cü nəşri işıq üzü görüb.
Yeni nəşr Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Münhen Azərbaycan Evinin təşkilatçılığı ilə ingilis dilində “Gulandot” nəşriyyatında çap olunub. Kitabda Azərbaycanın tarixi və mədəniyyətində Qarabağın yeri öz əksini tapıb. 7 əsr ərzində burada baş verən hadisələrə işıq salınıb. Heç vaxt heç bir erməni dövlətinin tərkibində olmayan, XVIII-XIX əsrlərdə çiçəklənən Qarabağda çar Rusiyasının işğalından sonra məqsədli şəkildə həyata keçirilən inzibati-ərazi bölgüsünə toxunulub. Ermənilərin bura köçürülməsi, demoqrafik və mədəni tarazlığın pozulması milli zəmində baş verən münaqişənin əsas amillərindən biri kimi göstərilib.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabda Azərbaycanın 44 gün davam edən Vətən müharibəsindəki parlaq qələbəsi nəticəsində yaranmış yeni reallıqlar da nəzərə alınıb. Azərbaycan ərazilərinin işğaldan azad olunduğu tarixlər, “Dağlıq Qarabağ” münaqişəsinin başa çatması və bu toponimin artıq mövcud olmaması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair faktlar kitaba daxil edilib.
Qeyd edək ki, elmi əsərdə Qarabağ sözünün etimologiyası, bölgənin Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin mühüm tərkib hissəsi olmasına dair faktlar geniş təqdim edilib.
Əli NƏCƏFXANLI
XQ

