Naxçıvan şivələrini yaddaşlarda yaşadan alim

post-img

Qədim Naxçıvan yalnız tarixi və qədim mədəniyyəti ilə deyil, həm də zəngin danışıq irsi ilə seçilir. Bu bölgənin şivələri yüzillərin yaddaşını, həyat tərzini, düşüncə biçimini və dünyagörüşünü özündə yaşadır. Sevindirici haldır ki, zaman keçdikcə bir çox sözlər unudulsa da, bəzi ifadə və deyimlər gündəlik istifadədən çıxsa da, bu şivələrimiz dilçi alim Nuray Əliyevanın tədqiqatlarında dolğun əksini tapır, qorunaraq gələcək nəsillərə ötürülür.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva 22 sentyabr 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ə. Qəmküsar adına Naxçıvan şəhər 39 nömrəli dəmiryol orta məktəbini bitirmiş, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə daxil olmuş, 1999-cu ildə həmin fakültəni əla qiymətlərlə başa vurmuşdur. 1999–2004-cü illərdə müəllim kimi fəaliyyət göstərmiş, paralel olaraq magistratura təhsili almış və 2004-cü ildə fərqlənmə diplomu ilə məzun olmuşdur.

2004-cü ildən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsində böyük laborant kimi fəaliyyətə başlayaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri kimi çalışmışdır. 

Nuray Əliyevanın elmi fəaliyyəti zənginliyi ilə diqqət çəkir. O, Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya və Türkiyədə keçirilən 40-a yaxın beynəlxalq və respublika səviyyəli elmi konfrans, konqres və simpoziumda məruzələrlə çıxış etmiş, alimin 170-ə yaxın elmi məqaləsi və konfrans materialı, 6 monoqrafiyası, 2 kitabı, 70-dən artıq publisistik yazısı nəşr olunmuşdur. Ali məktəblərin bakalavriat səviyyəsi üçün iki tədris proqramının müəllifi olan Nuray Əliyevanın iki monoqrafiyası xaricdə işıq üzü görüb. 9 məqaləsi beynəlxalq indeksli elmi jurnallarda dərc edilib ki, bunlardan ikisi Web of Science bazasına daxil olan nüfuzlu nəşrlərdəndir. Lakin onun fəaliyyətinin əsas dəyəri kəmiyyət göstəricilərində deyil, seçdiyi elmi istiqamətin konseptual bütövlüyündədir. 

Alimin tədqiqatlarının mərkəzində Naxçıvan dialekt və şivələrinin fonetik, morfoloji, sintaktik və xüsusilə leksik xüsusiyyətlərinin kompleks şəkildə araşdırılması dayanır. O, dialekti ayrı-ayrı dil faktlarının məcmusu kimi deyil, daxili qanunauyğunluqları olan sistem kimi təqdim edir. Araşdırmalarında Naxçıvan şivələrinin zəngin lüğət tərkibi geniş faktoloji materiallar əsasında təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, bu şivələrdə Azərbaycan dilinin qədim qatlarını yaşadan çoxsaylı türk mənşəli sözlər qorunub saxlanılmışdır. Eyni zamanda müxtəlif tarixi mərhələlərdə dilə daxil olmuş ərəb, fars, rus və Avropa mənşəli sözlərin yerli mühitdə fonetik və semantik uyğunlaşması araşdırılmışdır.

Dialektlərdə ədəbi dildə artıq köhnəlmiş sözlərin yaşaması faktının elmi əsaslandırılması Nuray Əliyevanın tədqiqatlarında xüsusi yer tutur. Bu yanaşma dialektlərin dil tarixinin canlı yaddaşı olduğunu sübut edir. Onun araşdırmaları göstərir ki, Naxçıvan şivələri yalnız regional danışıq forması deyil, həm də zəngin semantik sistemə malik dil hadisəsidir. Alimin elmi fəaliyyətində Şahbuz şivələrinin fonetikası, morfologiyası və sintaksisi müqayisəli şəkildə tədqiq edilmiş, bu şivələrin Azərbaycan dialekt sistemindəki yeri elmi arqumentlərlə müəyyənləşdirilmişdir. Fonetik hadisələr, sait və samit variantları, sintaktik quruluş xüsusiyyətləri geniş şəkildə təhlil olunmuş, ədəbi dildən fərqlənən cəhətlər konkret faktlarla əsaslandırılmışdır.

Frazeologiya sahəsində apardığı araşdırmalar da diqqətəlayiqdir. Naxçıvan dialektində işlənən sabit söz birləşmələri və ifadələr bölgənin həyat tərzi, adət-ənənəsi və sosial mühiti ilə bağlı şəkildə şərh edilmişdir. Bu baxımdan onun tədqiqatları yalnız dilçilik üçün deyil, etnoqrafiya və folklorşünaslıq üçün də əhəmiyyətlidir. Eyni zamanda Naxçıvan bölgəsində işlənən peşə, sənət və məişətlə bağlı dialekt sözlərinin araşdırılması, bitki adları, yemək və geyim adları, qohumluq terminləri, əkinçilik və heyvandarlıqla bağlı leksikanın sistemləşdirilməsi dil və mədəniyyət arasındakı bağlılığı aydın şəkildə ortaya qoyur.

Qeyd edək ki, elm sahəsindəki xidmətlərinə görə Nuray Əliyeva 2015-ci ildə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin Qərarı ilə “İlin alimi” fəxri adına layiq görülmüş, müxtəlif diplom və təşəkkürnamələrlə təltif edilmişdir. O, VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. 5 noyabr 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Filologiya elmləri doktoru Nuray Əliyevanın çoxillik elmi fəaliyyəti Azərbaycan dilçiliyində, xüsusilə dialektologiya sahəsində sistemli istiqamətin möhkəmlənməsinə mühüm töhfədir. Onun tədqiqatları dialektlərin milli kimliyin qorunmasında, ədəbi dilin zənginləşməsində və dil tarixinin öyrənilməsində oynadığı rolu elmi əsaslarla sübut edir. Alimin hazırladığı lüğətlər və monoqrafiyalar dialekt materialının sistemləşdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Toplanmış zəngin dil faktlarının elmi dövriyyəyə daxil edilməsi Azərbaycan dialektologiyasının mənbə bazasını əhəmiyyətli dərəcədə genişləndirmişdir.

Bütün bunlar göstərir ki, Nuray Əliyevanın elmi fəaliyyəti fərdi yaradıcılıq çərçivəsini aşaraq milli dil siyasətinin və dilin qorunması istiqamətində aparılan ümumi elmi strategiyanın tərkib hissəsinə çevrilmişdir. Onun tədqiqatları Azərbaycan dilinin regional müxtəlifliyinin qorunmasının vacibliyini elmi əsaslarla sübut edir və dialektlərin ədəbi dilin zənginləşməsində oynadığı rolu konkret faktlarla ortaya qoyur.

Nəticə etibarilə, Nuray Əliyevanın fəaliyyəti müasir Azərbaycan dilçiliyində dialektoloji məktəbin inkişafına verilmiş sistemli və konseptual töhfə kimi dəyərləndirilə bilər. Onun elmi irsi yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də etibarlı mənbə və istiqamətverici baza rolunu oynayacaqdır.

Məhsəti Cəfərli
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Sosial həyat