İşgüzar azərbaycanlı qadınlarla növbəti görüş keçirilib

post-img

Gürcüstanın işgüzar azərbaycanlı qadınları ilə növbəti görüş Marneuli şəhərində keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə baş tutan görüşdə Kvemo Kartli bölgəsindəki soydaşlarımız iştirak edib.

XQ xəbər verir ki, tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova tədbirin məqsədinin müxtəlif sahələrdə uğur qazanan xanımların fəaliyyətini işıqlandırmaq, onların nailiyyətlərini təqdim etmək və qarşılıqlı fikir mübadiləsi üçün platforma yaratmaq olduğunu bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Şəfəq Binnətova çıxışında qurumun xaricdə yaşayan azərbaycanlıların, xüsusilə qadınların bir araya gəlməsinə və müxtəlif sahələrdə fəaliyyət göstərən soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasına göstərdiyi dəstəkdən danışıb. O, həmçinin gənc nəslin ana dilini, mədəniyyətini və tarixini qoruması üçün həftəsonu məktəblərinin fəaliyyətinə dəstək verildiyini, eləcə də diaspor fəalı qadınların xüsusilə Vətən müharibəsi dövründə informasiya cəbhəsində mühüm işlər gördüyünü vurğulayıb.

Daha sonra müxtəlif sahələrdə fəaliyyət göstərən xanımlar uğurlarından bəhs edib və göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.





Sosial həyat