Əsərlərində türkün genetik yaddaşının dipdiri təqdim edildiyi Zəlimxan Yaqubun yeni kitabından boy verən obrazlar sistemi bir müstəvi ilə kifayətlənmir, bu insanlar min illər boyu təşəkkül tapmış bir səciyyəni ehtiva edirlər.
Unudulmaz şairimizin seçmə şeirləri onun yaradıcılığında çox mötəbər məqamların bol olduğunu bir daha təsdiqləyir. Zəlimxan Yaqub özü bu barədə deyib:
Kitab bizim, Quran bizim,
ocaq bizim, pir bizim,
Qıfıl bizim, açar bizim,
hikmət bizim, sirr bizim.
Şeirləri oxuduqca, bir daha əmin olursan ki, sözün əsl mənasında, Xalq şairi olan Zəlimxan Yaqub müasir ədəbiyyatımızın böyük nümayəndələrindən biridir. Onun əsərləri xalq ruhunun daşıyıcısı olmaqla yanaşı, həm də dövrümüzün poetik palitrasıdır. Bu yaradıcılıq nümunələri həm geniş oxucu kütləsinin sevgisini qazanıb, həm də peşəkarlar tərəfindən yüksək qiymətləndirilib. Bu səbəbdən sərhədlərimizi aşaraq təkcə türk və müsəlman coğrafiyasında deyil, dünyanın bir çox ölkələrində əks-səda doğurub.
“Qanun” Nəşrlər Evi “Azərbaycan poeziyası, seçmə şeirlər” seriyasından Zəlimxan Yaqubun müxtəlif tarixlərdə müxtəlif mövzularda qələmə aldığı şeirləri kitab halında oxuculara ərməğan edib.
Əli NƏCƏFXANLI
XQ

