Tarixin qəhrəmanı olan qadınlarımız

post-img

Böyüklük, humanizm Azərbaycan qadınına xas olan ali keyfiyyətlərdəndir. Həyatımızın ayrılmaz hissəsi olan qadınlarımız tarix boyu kişilərimizlə çiyin-çiyinə dayanaraq adlarını şərəf səhifələrinə yazmış, cəmiyyətimiz üçün dəyərli nümunələr yaradaraq xalqımız üçün faydalı olublar. Şanlı tariximizin səhifələrini vərəqlədikcə məişət qayğılarından qəhrəmanlıq zirvələrinə, dövlət idarəçiliyindən böyük elm və ədəbiyyat aləminə qədər Azərbaycan qadınının gücünü və müdrikliyini aydın şəkildə görürük. Azərbaycan qadını daim ucalığı, mərhəməti və mənəvi zənginliyi ilə seçilib. Diplomatiya sahəsində Sara Xatun, döyüş meydanında Tomris, ədəbi fikir tariximizdə Məhsəti Gəncəvi və Xurşidbanu Natəvan, elm dünyasında isə akademik Zərifə Əliyeva kimi şəxsiyyətlər qadınlarımızın cəmiyyətimizdə yüksək mövqeyini təsdiqləmişlər. Onların hər biri öz dövründə iradəsi, zəkası və vətən sevgisi ilə seçilərək milli iftixar mənbəyimizə çevrilmişdir. Xüsusilə müasir dövrdə Azərbaycan qadınının bəşəri obrazı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın simasında Azərbaycan qadını idarəçilikdə ümumxalq sevgisini qazanaraq mərhəmət simvolu kimi dünya üçün nümunə göstərir. Mehriban xanım fəaliyyəti ilə sübut etdi ki, tarixin qəhrəmanı olan qadınlarımız həm də dövlətin və cəmiyyətin mənəvi sütunu kimi çıxış edib. Bu gün də qadınlarımız müxtəlif sahələrdə uğurlar qazanaraq ölkəmizin inkişafına töhfə verir, milli-mənəvi dəyərlərimizi qoruyub yaşadırlar. Bu da təsadüfi deyil.

Sovet dönəmindən başlayaraq qadınların ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atan Ümummilli lider Heydər Əliyev müstəqillik illərində bu siyasəti daha da sistemli və məqsədyönlü şəkildə davam etdirdi. Onun müəyyənləşdirdiyi strateji xətt qadın hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin bərabər hüquqlara malik olması təsbit olundu və bununla gender bərabərliyinin möhkəm hüquqi təməli yaradıldı.

1995-ci ildə Azərbaycanın Pekin Bəyannaməsi və Fəaliyyət Platforması sənədinə qoşulması qadın hüquqlarının beynəlxalq prinsiplər əsasında qorunmasına verilən önəmin bariz nümunəsi idi. 1998-ci ildə keçirilən qadınların ilk qurultayı isə dövlət qadın siyasətinin cəmiyyət səviyyəsində təsdiqi kimi tarixə düşdü. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda rolu daha da genişlənmiş, onların təşəbbüsləri və liderlik imkanları üçün yeni perspektivlər açılmışdır.

Azərbaycan qadını müasir dünyanın tələblərinə cavab verən cəmiyyət üzvü olmaqla yanaşı tarixi ənənə prinsiplərinə sadiq qalaraq özünü ana ucalığında hər zaman təsdiq edib. Övladına Vətən sevgisini, insanpərvərliyi və ədalət hissini aşılayaraq gələcək nəsillərin formalaşmasında mühüm rol oynayıb. Vətənpərvərlik və layiqli vətəndaş yetişdirmək missiyası məhz onların fədakarlığı sayəsində nəsildən-nəslə ötürülür. 44 günlük Qarabağ müharibəsi dövründə bütün dünya Azərbaycan qadınının Vətən üçün necə layiqli övlad böyütdüyünün şahidi oldu. Könüllü olaraq müharibəyə yollanıb şəhid və ya qazi olmağı şərəf hesab edən övladlar məhz qadınlarımızın böyük tərbiyəsi sayəsində ana dediyimiz Vətənin müdafiəsindən qalib ayrıldılar. Bu qalibiyyət həm də Azərbaycan qadınının mənəvi qüdrətinin göstəricisi oldu. Onlar şəhid və qazi anası kimi ali zirvəyə yüksələrək müqəddəs amallar uğrunda böyütdükləri övladları ilə özləri də müqəddəsləşdilər. Onların böyüklüyü bir daha sübut etdi ki, biz Vətənə ana deyir, onu ana çağırır, uğrunda ölməyi şərəf bilirik. Vətəni bizə ana kimi qorumağı öyrədən qadınlarımız isə Vətən kimi müqəddəsdir.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

 

Sosial həyat