Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü münasibətilə Ankarada onun xatirəsi ehtiramla yad olunub.
Ankara şəhərində fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəri, professor Əmirulla Məmmədov bildirib ki, bu gün Azərbaycan dövlətçiliyinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin haqq dünyasına qovuşmasının 71-ci ildönümüdür. Hər il olduğu kimi bu il də Ankaranın Cəbəci Əsri məzarlığında yerləşən məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.
Professor Əmirulla Məmmədov qeyd edib ki, Rəsulzadənin Azərbaycan xalqının tarixində və dövlətçilik ənənələrinin formalaşmasında müstəsna xidmətləri olub.
“Uca Yaradan Məhəmməd Əmin Rəsulzadəyə və Azərbaycan Xalq Cümhuriyyətinin bütün qurucularına rəhmət eləsin. Bir kərə yüksələn üçrəngli bayrağımız bir daha enməsin və əbədi olaraq Vətənimizin hər guşəsində dalğalansın”, – deyə o vurğulayıb.
Əmirulla Məmmədov həmçinin bildirib ki, ziyarət zamanı Rəsulzadənin 1947-ci ildə Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyinin hazırkı başqanı Cəmil Ünal və onun həyat yoldaşı Nesrin Ünal ilə də ziyarət mərasimində görüşüblər. Görüş zamanı Rəsulzadənin xatirəsi anılıb və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, Azərbaycan istiqlal hərəkatının liderlərindən olan Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib və Cəbəci Əsri Məzarlığında dəfn olunub. Onun məzarı bu gün də Türkiyədə yaşayan azərbaycanlılar və türk dünyasının nümayəndələri tərəfindən mütəmadi olaraq ziyarət edilir.
Namiq Qədimoğlu
XQ

