NDU nəzdində Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yerin qalibi olubnəzdində Gimnaziyanın komandası “Sabahın alimləri” müsabiqəsində I yerin qalibi olub

post-img

NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində böyük uğura imza ataraq I yerə layiq görülüb və qızıl medal qazanıb.

Gimnaziyanın XI sinif şagirdləri Hüseyn Tahirov və Kənan Məmmədzadənin təqdim etdikləri “ReseptPlus” adlı innovativ layihə müsabiqədə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Layihənin elmi rəhbəri Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri, “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrasının müəllimi Hüseyn İmanovdur.

Ümumilikdə bu il müsabiqəyə 760 layihə təqdim olunub. Seçim mərhələsindən uğurla keçən 152 layihə (127 kollektiv, 25 fərdi) final mərhələsində iştirak edib. IX–XI sinif şagirdləri riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt olmaqla 9 istiqamət üzrə layihələrini təqdim ediblər.

Komanda may ayında ABŞ-də keçiriləcək Regeneron ISEF beynəlxalq elm və mühəndislik sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, layihənin müəllifi Hüseyn Tahirov təhsil və olimpiada sahəsində qazandığı uğurlarla seçilir. O, 9-cu sinif üzrə ümumi orta təhsil haqqında attestat imtahanında 291 bal toplayaraq qırmızı attestata layiq görülüb.

Hüseyn Tahirov Dünya Robot Olimpiadasının Azərbaycan finalında “Robosports” kateqoriyası üzrə 1-ci yer qazanaraq Panama Respublikasında ölkəmizi təmsil edib. 10-cu sinifdə isə Respublikada eyni kateqoriya üzrə yenidən 1-ci yer tutaraq Türkiyədə keçirilən final mərhələsində ölkəmiz adından yarışıb. Azərbaycan bu olimpiadada 110 ölkə arasında 11-ci yeri tutub.

O həmçinin müxtəlif olimpiada və müsabiqələrdə uğurlar qazanıb: Respublika Fənn Müsabiqəsində riyaziyyat üzrə 4-cü yer, gimnaziyaya qəbul imtahanında Muxtar Respublika üzrə 2-ci yer, STEAM sahəsində keçirilən layihələrdə 6 dəfə qalibiyyət və “STEAM Azerbaijan 2022” festivalında nominasiya üzrə 2-ci yer əldə edib.

Bundan əlavə, informatika üzrə Respublika Fənn Olimpiadasında Naxçıvan üzrə ilk dəfə final mərhələsinə yüksələn şagird olub.

Səbuhi HƏSƏNOV
XQ









Elm