Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Sabirabadda fermerlərin müraciətlərini dinləyib

post-img

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaşlarla görüş keçirilir.

Nazirlikdən XQ-yə bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli martın 6-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Sabirabad, Saatlı və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Görüşdə vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, əkin sahələrində həyata keçirilən monitorinqlər və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Sabirabad rayonunun Bulaqlı kəndində 6 hektar sahədə qurulmuş istixanaya və həmin kənddə “Seyidəli” MMC-yə məxsus 350 başdan ibarət damazlıq heyvandarlıq təsərrüfatına baxış keçirib. Baxış zamanı fermer və sahibkarlarla aqrar sektorda innovativ texnologiyaların tətbiqi, heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Sosial həyat