Qazaxıstanın yeni nəsil şairlərindən olan, Dünya Gənc Türk Yazarları Birliyinin (DGTYB) üzvü Sayat Kamşigerin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib.
Sayat Kamşigerin poeması Beynəlxalq PEN Klubunda (Poets, Essayists, Novelists) International Club) fərqləndirilib. Mükafat müəllifə Avstraliyanın Sidney Opera Evində keçirilən möhtəşəm mərasimdə təqdim edilib.
Qeyd edək ki, “Qarabağ” poeması bu ilin martında Azərbaycanda işıq üzü görüb və Qazaxıstanda geniş ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. DGTYB ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) ortaq layihəsi olaraq ərsəyə gələn kitab Xəzərin o tayından gələn poetik səda, Qazax-Azərbaycan ədəbi-mədəni bağlarının daha bir möhkəm halqasına çevrilib.
Poemanın Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini professor Rəsmiyyə Sabir həyata keçirib. Layihənin rəhbəri – Uluslararası “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, ön söz müəllifi Arzu Bağırova, rəyçilər İntiqam Yaşar və Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayner isə Cəsarət Qasımovdur.
Əsər Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş yolunu, şəhidləri və Türk dünyasının birliyinə çağıran mənəvi düşüncələri poetik dillə ifadə edir. Sayat Kamşigerin Azərbaycana səfərindən sonra verdiyi vədə sadiq qalaraq qələmə aldığı “Qarabağ” bu gün həm Azərbaycan, həm də qazax oxucuları üçün dəyərli ədəbi hadisəyə çevrilib.
XQ

