Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” keçirilib.
Festival çərçivəsində 50-dək ölkədən Azərbaycana gələn qonaqlar paytaxtın müxtəlif görməli yerlərini ziyarət ediblər.
Festivalın mötəbər qonaqlarından olan, İslam Əməkdaşlıq Təşkilatının İnformasiya və Mədəniyyət İşləri üzrə Daimi Komitəsinin baş katibi Dr. Ameth Diallo və köməkçisi Kemo Tome Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Qonaqları muzey ekspozisiyası ilə muzeyin Məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin kiçik elmi işçisi Nəzrin Yusifova tanış edərək Azərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf yolu haqqında müfəssəl məlumat verib. O, ziyarətçilərə Azərbaycan xalqının əsrlər boyu formalaşmış dini-əxlaqi dəyərlərinin ədəbi-bədii nümunələrdə ifadə olunduğunu, xüsusilə klassik Azərbaycan poeziyasının bu mədəni irsin daşıyıcısı kimi mənəvi dəyərləri parlaq şəkildə əks etdirdiyini bildirib.
Muzeyin ekspozisiyası ilə tanışlıqdan böyük zövq aldıqlarını qeyd edən qonaqlar, Azərbaycanı İslam-Şərq mədəniyyətinin aparıcı mərkəzlərindən biri kimi xarakterizə edərək, bu irsin ölkəmizdə yüksək diqqət və qayğı ilə qorunub saxlanılmasını yüksək qiymətləndiriblər. Onlar, Ədəbiyyat Muzeyinin fəaliyyətinin milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi kimi vacib missiyanın həyata keçirilməsi olduğunu vurğulayıblar.
Qonaqlar ürək sözlərini muzeyin rəy kitabında bölüşərək, Azərbaycan xalqının qədim və zəngin ədəbiyyatının onlarda dərin təəssürat yaratdığını bildirib, bu ədəbi irsin təkcə bir xalqa deyil, bütün bəşəriyyətə bəxş edilmiş nadir və əvəzsiz sərvət olduğunu qeyd ediblər.
XQ


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)