Rusiyanın dünyaca məşhur ədəbi nəşri “Literaturnaya qazeta”nın Azərbaycan təmsilçisi, tanınmış şair-tərcüməçi, Prezident mükafatçısı Akif Əhmədgil Şuşada fəaliyyətini bərpa edən Musiqi Məktəbinə ailə pianosunu hədiyyə edib.
Həmkarımız bu barədə XQ-yə açıqlamasında bildirdi ki, dünyada Azərbaycanın musiqi konservatoriyası kimi tanınmış, xalqımıza Üzeyir Hacıbəyli, Bülbül, Fikrət Əmirov, Rəşid Behbudov kimi sənət korifeyləri bəxş etmiş Şuşada musiqi ocağının yenidən dirçəldilməsi onu ürəkdən sevindirib. Şəhərdə ezamiyyətdə olarkən musiqi məktəbinə də gedən qələm sahibi bu sənət ocağına öz töhfəsini verməyi qərara alıb və əlavə pianoya ehtiyac olduğunu öyrənib.
Bakıya qayıdandan sonra Akif Əhmədgil vaxtilə qiymətli musiqi alətini Şuşaya göndərməyi özünə mənəvi borc bilib. Ağır çəkili hədiyyəni məktəbə çatdırmaqda jurnalistə tələbəlik dostu, Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev yardımçı olub.
Akif Əhmədgil bildirdi ki, erməni vandalları Qarabağın şəhər və kəndlərinin mədəniyyət obyektlərini məhv etdiklərinə görə, yeni yaradılan təhsil və sənət ocaqlarının fəaliyyətinə bacardığımız köməyi göstərməliyik. Musiqiçilərimiz istifadəsiz alətlərini, ziyalılarımız öz kitablarını və onlara lazım olmayan nəşrləri Qarabağın bərpa edilən, məskunlaşdırılan məntəqələrinə göndərə bilərlər.
Müsahibimiz sonda qeyd etdi ki, o, növbəti addım olaraq Xankəndidə açıq kitabxana yaratmağı qərara alıb və ziyalılarımızı bu təşəbbüsə qoşulmağa çağırır.
Ə.ƏLİYEV
XQ

