“Qərbi Azərbaycanın idman tarixi”

post-img

Əməkdar bədən tərbiyəsi və idman xadimi, pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dilqəm Quliyevin ölkəmizin idman tarixinə işıq salan silsilə kitablarına daha bir gərəkli nəşr əlavə olunub. “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyada erməni vandallarının mədəni irsini tamamilə məhv etdikləri qədim diyarın idman tarixi geniş əksini tapıb.

Azərbaycan İdman Akademiyasının Elmi Şurasının qərarı ilə nəşr edilmiş monoqrafiya 200 kompüter mətni səhifəsində tərtib olunub, girişdən, 37 yarımfəsli özündə birləşdirən 8 fəsildən, rus və ingilis dillərində xülasədən, 206 istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

Müəllif zəngin fakt və sənədlərə əsaslanaraq göstərir ki, Qərbi Azərbaycanın başqa sahələrdə olduğu kimi, idman tarixində də silinməz izlər qoymuş insanlarının əfsanəyə bənzər fəaliyyətləri bu gün də xalqın hafizəsində yaşamaqdadır. Qərbi Azərbaycana Qayıdış hərəkatına töhfə olan bu tədqiqat bu bölgədə yaşamış və idman uğurlarını ölkəmizdə davam etdirmiş məşhur idmançılarımızı xalqımıza tanıtmaq məqsədi daşıyır.

Prezidentin fərdi təqaüdçüsü Dilqəm Quliyev kitabın əvvəlində bildirir ki, 5 il əvvəl Ali Baş Komandan İlham Əliyevin müzəffər rəhbərliyi ilə Azərbaycan Ordusu erməni işğalçılarını rüsvaycasına məğlub edib ölkəmizdən qovdu. Bununla Qərbi Azərbaycanda vəhşicəsinə deportasiya və soyqırımına məruz qalmış soydaşlarımızın doğma yurdlarına qayıtmaqla bağlı çoxillik ümidlərinə də gur işıq düşdü. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının təmsilçiləri ilə keçirdiyi görüşdə dediyi kimi: “İnşallah! O gün gələcək. Necə ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün hər birimiz Qərbi Azərbaycan İcmasına əlimizdən gələn köməyi əsirgəməməliyik”.

Dilqəm Quliyev Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi kimi dövlət başçısının Qərbi Azərbaycanın mükəmməl tarixini yaratmaq çağırışını cavablandıraraq ötən dövrdə müvafiq sənədlərə və mənbələrə istinad edərək “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyanı hazırlayıb və çap etdirib.

Bu günlərdə oxuculara təqdim olunan bu kitab Qərbi Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın XX əsrdən bu günümüzədək keçdiyi inkişaf yolu, kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, idmançıların həyatı və idman nailiyyətləri barədə ensiklopedik məlumatlar toplusudur. Monoqrafiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan həqiqətləri haqqında fikirləri, imzaladıqları tarixi sənədlər, xalqımızın Qarabağ zəfərinin xronikası ön səhifələrdə yer alıb.

Toplunun əsas hissəsində Qərbi Azərbaycan idmançılarının Olimpiya oyunlarında, Dünya, Avropa çempionatlarında və beynəlxalq yarışlarda göstərdikləri nailiyyətlər konkret faktlarla işıqlandırılır. Bu materiallar Qərbi Azərbaycan torpağının xalqımızın idman tarixinə verdiyi töhfələr barədə geniş təsəvvür yaradır.

Monoqrafiya Qərbi Azərbaycanın tarixi-mədəni irsi, xalqımızın idman sahəsində uğurları ilə maraqlananlar, bütövlükdə geniş oxucu kütləsi üçün dəyərli elmi-kütləvi mənbədir. Kitab Qərbi Azərbaycan idmançıları barədə yazılmış ilk irihəcmli nəşrdir.

T.RÜSTƏMLİ
XQ

Mədəniyyət