Yanvarın 22-də Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ötən il dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi, musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif səpkili tədbirlərlə qeyd edilib. Nazirlik və tabe qurumlar yubiley ilində çoxsaylı layihə və tədbirlər həyata keçirib.
Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə keçirilən müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim qatılıb. Onların sırasından 19 müəllim müsabiqənin qalibi olub.
Bu qəbildən layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayan A.Kərimli “Üzeyir Hacıbəyli mükafatı”nın qaliblərini təbrik edib, onlara yeni uğurlar arzulayıb.
Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov rəhbərlik etdiyi qurumun yaradıcılıq layihələrinə də öz töhfəsini verdiyini bildirib. O bundan sonra da milli mədəniyyətimizin inkişafına xidmət edən layihələrə dəstək veriləcəyini deyib, mükafatçıları təbrik edib.
Daha sonra müsabiqənin qaliblərinə mükafat və diplomlar təqdim edilib.
Sonda “Üzeyir Hacıbəyli mükafatı”nın laureatı olan müəllimlərin və onların şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.
XQ


