Ana Qasımova: “Ürəyimiz Azərbaycanla döyünür”

post-img

ABŞ-da yaşayan soydaşımız – əslən Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndindən olan əczaçılıq üzrə fəlsəfə doktoru, Klivlenddəki Ohayo Şimal-Şərq Tibb Universitetində laboratoriya müdiri işləyən professor Tahir Qasımovun orada doğulmuş qızı, tələbə Ana Qasımova qonağımızdır.

Məlumat üçün bildirək ki, Ana Qasımovanın atası 100-ə qədər elmi məqalənin müəllifidir. Araşdırmaları Rusiya, Danimarka, İngiltərə, Almaniya, Fransa və Amerikada mötəbər elmi jurnallarda nəşr edilib. Həm alim, həm də ziyalı kimi Azərbaycanın ABŞ-da təbliğinə ömür sərf edən, fədakarlıq göstərənlərdəndir. Həyat yoldaşı Sevda xanım da tibb mütəxəssisidir. Qızları Ana Qasımava da bu sahəni seçib.

Görüşümüzdə ilk diqqətimi çəkən Amerikada doğulmasına baxmayaraq, istiqanlı, səmimi bir qız olan Ana Qasımovanın ana dilində səlis, təmiz nitqlə danışması oldu. Körpəliyindən ailə ocağında, ev mühitində doğma dili sevə-sevə mənimsədiyini vurğuladı.

– ABŞ-da yaşam tərzi fərqli olsa da, bizim ruhumuz, varlığımız özəldir. Ordakı evimiz bir parça Azərbaycandır, – dedi. – Dilimizi bilməyim mənə südlə, qanla gəlib. Valideyn tərbiyəsi, ulu Borçalı folklorunu eşitməyimlə bərabər, ana dilində kitabların mütaliəsi də mühüm rol oynayıb. Əvvəlcə Vətənə, millətə sevgi təlqin edilir, sonrası asan olur.

Qonağımızın adı da bizi maraqlandırdı.

– Adınız Anadır. İlk dəfə eşidirik. Necə oldu ki, sizə belə bir ad qoyuldu?

– Mən anadan olanda atam öz anasının, anam da öz anasının adını qoymaq istədilər (gülür). Məsələ “sülh”lə bitsin deyə, məni “Ana” adlandırdılar. Bu, həm də yaşadığımız mühitdə, amerikanların dilində asan olması üçün belə məqbul sayıldı.

Ana Qasımova ilk olaraq universiteti Ohayo ştatında bitirib. 1 il Bostonda işlədikdən sonra tibb üzrə magistraturaya qəbul olunub. Hazırda bu sahədə təhsil alır, 4 ildən sonra universiteti tam bitirəcək.

– Klivlenddə Azərbaycan diasporu varmı və necə fəaliyyət göstərir, qaneedicidirmi?

– Burda soydaşlarımızın sayı azdır, amma ailələrin hesabına artır və ümid var ki, təşkilatlanma baxımından qurum yaratmaq, mütəşəkkil təbliğat aparmaq imkanları genişlənəcək. Son illərdə azərbaycanlı tələbələrin çoxalması müşahidə edilir. Daha çox magistratura, doktorantura pillələrində təhsil alırlar. Hələlik Klivlenddə Azərbaycan disporu gəncdir. Bostonda yaşayanda daha çox azərbaycanlı tanımışdım. Atam əsli Faxralıdan olan azərbaycanlı ailə ilə məni tanış etmişdi. Onlarla da Azərbaycan dilində ünsiyyətim olub. Ailənin qızı Sona ilə həftəsonları olan görüşlərimizdə Azərbaycan dilində danışırıq. Biz tanış olanda o, universiteti bitirmişdi, loboratoriyada çalışırdı. Sonaya demişdim ki, Bakıda yaşayan nənəmin adı da Sonadır. Sona məni Bostonda digər azərbaycanlı qızlarla, ailələrlə də tanış etmişdi.

Klivlenddəki Con Rokfeller parkındakı “Mədəniyyətlər bağı”nda böyük bir Azərbaycan guşəsi var. Park 40-dan çox ölkəni və mədəniyyəti təmsil edən peyzaj və heykəllərlə əhatə olunmuş unikal açıq hava muzeyidir. Ana Qasımova atasının yaratdığı bu bağı belə təsvir elədi:

– Azərbaycan bağı 2008-ci ildə açılıb. Mərasimə Türkiyədən olan qardaşlarımız dəstək olublar. Onların icması böyükdür. “Mədəniyyətlər bağı”nda tədbirlərə türklər həmişə həvəslə qatılırlar. Burada üstünə “Azərbaycan ─ Odlar Yurdu” yazılmış daş lövhə, milli birliyi əks etdirən böyük bir güzgülü cam qoyulub: işıq düşəndə sanki alov saçır. Bağda Azərbaycan bayrağı dalğalanır. Milli bağımızın əsas abidəsi memar Xanlar Qasımovun yaratdığı “Ocaq” heykəlidir ki, kasavari abidənin büküklərində yerlə göyün çulğaşması əks olunub. Bu parkı, bayrağı, görəndən sonra Azərbaycanı tanımayan klivlendlilərdə də ölkəmizə maraq, təsəvvür genişlənir.

Ötən ay Amerikadan bir fərəhli xəbər də aldıq ki, ABŞ-də təhsil alan tələbələrimizin təşəbbüsü ilə Azərbaycan Tələbə Assosiasiyası yaradılıb və “Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya” adlı tədbir ilk təşkil olunub. Viskonsin və İllinoys ştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla, 100-dən çox adam bu tədbirdə bir araya gəlib. Qonaqlar Azərbaycan musiqisi, rəqsləri və sənət nümunələri ilə yaxından tanış olub, maarifləndirici videolar izləyiblər. Azərbaycan guşəsində milli geyimlər, sənət nümunələri, suvenirlər və ölkəmizin zəngin mədəniyyəti haqqında məlumatlar nümayiş etdirilib. Üzeyir Hacıbəyovun “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarından səhnələri ingilis dilində təqdim olunaraq, qonaqların böyük alqışlarını qazanıb. Bu kimi layihələr Azərbaycanı qədim mədəniyyəti olan, tolerant, multikultural bir ölkə kimi tanıdır, bizə rəğbəti artırır.

– Bizdə olan məlumata görə, orada hər il Dünya Birlik, Şükranlıq günləri keçirilir...

– Bəli. İnsanlar ailəlikcə iştirak edirlər. Biz bayramlaşmaq məqsədilə azərbaycanlı tələbələri də ətrafımıza toplayır, evə dəvət edir, sıx ünsiyyət yaradırıq. Tanışlıq çoxalır. Başqa ölkələrin nümayəndələri bayraqları, millli geyimləri ilə gəlib iştirak edirlər. Payız aylarında incəsənət muzeyində də şərait yaradılır ki, başqa ölkənin nümayəndələri ölkələrinin artibutlarını nümayiş etdirə bilsinlər. Yeri gəlmişkən, sizin qəzetin baş redaktoru Əflatun Amaşov bizə bir sıra milli əşyalar hədiyyə edib. Balaca tarımız və digər musiqi alətlərimiz, Azərbaycanla bağlı kitablarımız, milli mədəniyyətə, mətbəxə dair simvolik əşyalarımız var ki, qürurla nümayiş etdiririk.

– Vətən müharibəsində qələbənin əks-sədası okeanın o tayına necə yayılmışdı? Sadə amerikalıların münasibəti necə oldu, sizlər haqq işimizi necə təbliğ etdiniz?

– Müharibə zamanı 2-ci kursda oxuyurdum, ailəmlə deyildim, evdən uzaqda qalırdım. Bu haqda dostlarımla, xarici vətəndaşlarla qürur duya-duya danışırdım. O zaman gecə-gündüz müharibə xəbərləri ilə yaşayırdıq. Yarı canımız Vətəndə idi, hər gün Azərbaycandan gələn zəfər müjdəli xəbərləri oxuyur, qürur duyurduq. Evə zəng edəndə valideynlərimin səsindən narahat olduqlarını hiss edirdim. Çünki bizim də müharibəyə qatılan qohumlarımız var idi. Nəhayət, Azərbaycan qələbə qazandı, çox sevindik, duyğulandıq. Qələbə hissi çox qəribədir.

Ermənilərin əks təbliğatını lazımınca cavablandırır, haqq işimizin təbliğatını dayandırmırıq. Bilirsiniz, orda da ermənilərin yalançı olduğunu artıq bilirlər. Bizsə qalib xalqın nümayəndələri kimi, ABŞ-də alnı açıq, üzü ağ gəzə bilirik. Ermənilərin və tərəfdarlarının səsləri elə də eşidilmir. Azərbaycan dövləti Qələbə qazanmaqla onları təmiz susdurub. Düzdür, Amerikadakı məşhur ermənilərin sosial şəbəkələrdə xeyli izləyicisi var. Müharibə vaxtı Azərbaycan əleyhinə çox yazırdılar. Mən də onlarla bacardığım qədər mübarizə aparır, sosial şəbəkə hesablarımda Azərbaycanın haqlı mövqeyindən yazırdım. Bundan sonra da Azərbaycanımızı layiqli təmsil etməyə çalışacağam.

Qasımovlar ailəsi 1997-ci ildə okeanın o tayına köçüb. Məskunlaşdıqları Klivlend bizim Sumqayıt kimi bir sənaye şəhəridir: 400-500 min əhalisi var. Amma yaşı 2 əsri ötüb. Yeri gəlmişkən, Ananın anası Sevda xanım və qardaşı Məhəmməd Sumqayıtda doğulublar. Məhəmməd indi Klivlendin sakini olması ilə öyünür. İxtisasca mühəndisdir, bizneslə məşğul olur. Anagildən sonra əmisinin də ailəsi Klivlendə köçüb. Yəni elə də darıxmırlar.

– Əsas odur ki, biz artıq orada qəribçilik çəkmirik, – dedi Ana xanım. – Qonum-qonşu ilə səmimi münasibətlərimiz var. Bizim universitetdə çox tanışlar professor Tahir Qasımovun mənim atam olduğunu bilmədən onun haqqında xoş sözlər söyləyirlər. Bunu eşidəndə təbii bir fərəh hissi keçirirəm. Klivlendlə bağlı bir həzin, kövrək duyğumuz da budur ki, ulu öndər Heydər Əliyev ağır xəstəlikdən sonra 12 dekabr 2003-cü ildə Klivlend xəstəxanasında vəfat edib. Onda mənim 4 yaşım vardı, ata-anam danışıblar. İmkan düşən kimi, ildə–iki ildə bir dəfə Vətənə gəlir, Bakıda, Faxralıda oluruq.

– Bakıda olanda haraları gəzir, hansı ünvanlara baş çəkirsiniz? Sevimli məkanınız varmı?

– Əlbəttə, Vətəndə ruhən zənginləşirik. Bu dəfə mən 10 gün Bakıda olacağam. Qədim yerləri, xüsusilə də İçərişəhəri çox sevirəm. Heydər Əliyev Mərkəzinin müasir memarlığı diqqətimi çəkir, maraqlı binadır. Mərkəzin layihəsini 2007-ci ildə İraq əsilli britaniyalı məşhur memar Zaha Hadid işləyib. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi – gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir. Binanın dalğavari quruluşa malik harmonik görüntüsü maraq doğurur. Bakını Amerikada “Formula1” də çox tanıdıb. O yarış hər il Azərbaycanda keçirilir və marşrutlar Bakının maraqlı yerlərindən keçir.
Bu gəlişimdə Şamaxıda da oldum. Rayonun Pirqulu kəndi, oradakı rəsədxana maraqlı gəldi. Əvvəlki gəlişlərimdə Qusarda, Qəbələdə də olmuşam. Burada fərqli təbiət – dağ, yaşıllıq görürsən. Azərbaycan insanları da fərqlidir. Ciddi, küçədə gülməzlər, amma daha səmimidirlər. Amerikada əksər insanları üzə gülür, amma səmimi deyillər. Azərbaycanın təbiəti, yeməkləri də əsrarəngizdir. Amerikada adamlar məndən tez-tez haralı olduğumu soruşurlar. Mən də fəxrlə deyirəm ki, mən azərbaycanlıyam! Amerikada doğulsam da, mən azərbaycanlıyam!

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ



Müsahibə