Azərbaycan XİN-nin BQXK-nin bölgədə humanitar vəziyyətlə bağlı iyulun 25-də səsləndirdiyi bəyanatına dair şərhində deyilir: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar mandatına riayət olunması və ondan siyasi məqsədlər üçün sui-istifadə edilməməsi vacibdir”.
2023-cü il iyunun 15-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin atəşə tutulması, iyul ayında erməni əsilli sürücülərin BQXK-yə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı növbəti qeyri-qanuni fəaliyyət, eləcə də sərhəd-keçid məntəqəsinin fəaliyyətinə maneçilik kimi qiymətləndirildi. Azərbaycan XİN bu kimi pozucu tədbirlərə son qoyulmasını tələb etdi.
XİN-in şərhində deyilir: “Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət cəhdlərinin qarşısını almaqla yanaşı, Azərbaycan tərəfi BQXK ilə vacib əməkdaşlığı davam etdirib. Azərbaycan tərəfinin BQXK ilə apardığı müzakirələrdən sonra, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə şərait yaradılıb və gün ərzində onlarca erməni sakin hər iki istiqamətdə sərhəd məntəqəsindən keçib”.
* * *
SSRİ dağılandan, nankor qonşular tərəfindən işğala məruz qalandan sonra Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə məcbur oldu. Bir milyona yaxın qaçqın və məcburi köçkün ordusu ilə humanitar böhranın məngənəsində sıxılan, əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşmuş Vətənimizin problemləri başından aşırdı. Bu səbəbdən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsi ölkəmizə təşrif buyurdular, müxtəlif səpkili proqramlarla insanlarımıza yardım əllərini uzatmağa başladılar. 1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin respublikada nümayəndəliyi açıldı. Qarşılıqlı fəaliyyət beynəlxalq qaydalar çərçivəsində, yerli qanunvericilik əsasında aparılırdı. Münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərimiz üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin həyata keçirdiyi humanitar proqramlar Azərbaycan hökuməti tərəfindən daim yüksək qiymətləndirilib.
* * *
Çətin günlər arxada qaldı. Müzəffər ordumuz Qarabağımızı yağı düşməndən azad etdi. İndi artıq keçmiş köçkünlər mərhələ-mərhələ doğma yurdlarına dönürlər. Amma, təəssüf ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatçı-daşnak tör-töküntüsü hələ də qalmaqdadır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtinə əməl etməyən bu qeyri-qanuni silahlılar, burada hərbi xidmətlərini keçən Ermənistan vətəndaşları torpaqlarımızı tərk etməyə tələsmirlər. Qarabağın erməni əhalisi isə postmüharibə dövrünün reallığı ilə barışmaq, sülhə gəlmək, Azərbaycana inteqrasiya olunmaq əvəzinə, Bakı ilə ultimativ dildə danışmağa çalışır. Onları bu cür davranışlara təhrik edən “özününkülərdən” savayı kənar qüvvələr də var. Azərbaycanın Laçın yolunda qurduğu sərhəd məntəqəsində baş verən son hadisələr həmin qüvvələrin içində Beynəlxalq Qırmızı Xaç Komitəsinin olduğunu da üzə çıxardı. Məhz onların xidməti və tibbi yardım maşınlarında erməni separatçıları Qarabağa bəyannamədə göstərilməyən məhsulları qaçaqmal yolu ilə keçirməyə çalışdılar. İstər yerli, istərsə də beynəlxalq qanunvericiliyə zidd pozuntu faktları ilə bağlı Bakının sorğusuna BQXK-nın nə Xankəndidəki, nə də İrəvandakı nümayəndəliyi bugünədək ağlabatan bir cavab-açıqlama verməyib. Bu, “şəfqət missiyalı” beynəlxalq təşkilatın Azərbaycana qarşı ikili standartlarına aid birinci hadisə deyil. Onun hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın taleyi ilə bağlı məsələni axıradək araşdırmadığının səbəbi tam aydın deyil. Rəsmi Bakının ictimaiyyətimiz üçün bu ağrılı mövzu ilə əlaqədar çoxsaylı müraciətləri hələ də cavabsız qalıb.
* * *
Azərbaycan XİN-in şərhində deyilir: “Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması və tədarükü üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım təklif olunub. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir. Bununla yanaşı, erməni sakinlərin tibbi məqsədlər üçün Laçın sərhəd nəzarət-buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdırılması məqsədilə BQXK-nın həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bundan imtina olunması da təəssüf doğurur”. Şərhdə, həmçinin qeyd olunur ki, ermənilərin Azərbaycan tərəfindən atılan addımlara və dəstək niyyətinə, o cümlədən BQXK tərəfindən sözügedən bəyanatda da qeyd edildiyi kimi, “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir.
* * *
BQXK-nın dünyanın müxtəlif qaynar nöqtələrində fəaliyyət göstərən nümayəndəliklərinin şübhəli biznes layihələri, korrupsiya qalmaqalları, çirkli pulların yuyulması və sair kimi qaranlıq əməlləri barədə məlumatlar mediaya da sızmışdır. Bir faktı da qeyd edək ki Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçimiz BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonrakı illərdə onların talelərinin necə olması ilə bağlı heç bir məlumat verilmədi. Yəni, erməni əsirliyində olmazın əzablar çəkən soydaşlarımıza qarşı erməni faşistlərinin hərbi cinayətlərinin araşdırılması istiqamətində BQXK nəinki konkret heç bir iş görmədi, buna səy də göstərmədi. Hansını deyəsən, belə faktlar bir deyil, beş deyil.
Azərbaycana, problemlərimizə biganəlik BQXK-nın ikili standartlara uyğun fəaliyyətinin əsasını təşkil edirmiş. Sonuncu faktı da oxucularımızın diqqətinə çatdıraq. 2014-cü ildə itkin düşən soydaşlarımızın DNT məlumat bazası yaradıldı və həmin məlumatlar BQXK-ya təqdim edildi. Üstündən az qala 10 il keçməsinə baxmayaraq, bu istiqamətdə hər hansı irəliləyiş görünmür. Bu da BQXK-nin itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının əyani göstəricisi.
1863-cü ildə İsveçrədə yaradılan Beynəlxalq Qırmızı Xaç Komitəsi xüsusi xeyriyyə təşkilatı kimi planetin münaqişələrdən əziyyət çəkən nöqtələrində, dinindən və irqindən asılı olmayaraq, insanlara yardım edir. Amma bu “şəfqətli xeyriyyəçiliyin” altında bəd niyyətlər də gizlənibmiş. Necə deyərlər, adı bulaşmış bu beynəlxalq şəbəkə kiməsə şəfqət göstərəndə, digərinə də kələk gəlirmiş. Biz, sadəcə onları gec tanıdıq. Eybi yoxdur, ziyanın yarısından da qayıtmaq pis deyil.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”

