Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində 2023-cü ilin birinci yarımilinin yekunlarına dair geniş kollegiya iclası keçirilib.
Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 19.533 cinayət qeydə alınmaqla onların 88,3 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 9946 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 674-ü prokurorluq orqanlarında istintaq edilmişdir.
Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 452, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 8184 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.
Xüsusi qeyd edilib ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik cənab Prezidentin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış “Elektron prokurorluq” informasiya sistemi artıq prokurorluq orqanlarının tam istifadəsinə verilmişdir.
Hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövrlərdə olduğu kimi davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildirilib.
Qeyd olunub ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 218 şəxs barəsində 144 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 3 milyon 996 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 3 milyon 578 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 118 təqdimat verilib.
Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 28 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 85 cinayət işi başlanıb.
Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 310 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
2023-cü ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 733 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Kollegiya iclasında qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 16-na töhmət və ya şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 1 nəfərə irad tutulub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 12 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Vurğulanıb ki, 2023-cü ilin birinci yarımilində də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçilərinin və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlər keçirilmişdir.
Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmuşdur.
Daha sonra Sumqayıt şəhər, Laçın, Qazax rayon və Qubadlı hərbi prokurorları hesabat dövründə görülmüş işlərlə bağlı, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi barədə məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

