Üzdəniraq qonşularımızı tanıyandan bəri onlarda müşahidə etdiyimiz bu xüsusiyyət məhz belə deməyə əsas verir.
30 il başqasının torpağını işğal et, orada daşı-daş üstdə qoyma, hər çür vəhşiliyə əl at, bütün bunlara görə layiqli cavabını al. Amma əməllərinə görə üzrxahlıq etmək əvəzinə, özünü “mələk” qiyafəsində qələmə verməyə çalışmaq, həqiqətən də tayı-bərabəri olmayan həyasızlıqdır.
Son günlər Laçın yolu ətrafında yaranmış vəziyyət barədə ermənilərin dünyaya sırımağa çalışdıqları yalanlar da hayların həmişəki mərəzlərindən əl çəkmədiklərini göstərir. Bununla belə, ermənilərin son üç ildə sərgilədikləri davanışlar belə düşünməyə əsas verir ki, həyasızlığa düçar olmuş ermənilərin Azərbaycanın qanun və qaydalarını qəbul etməkdən savayı başqa yolları yoxdur. Hər bir ölkə öz ərazisində qayda-qanunu tətbiq etməkdə suveren hüquqlara malikdir. İkinci Qarabağ müharibəsində qalib gəlmiş Azərbaycan da torpaq bütünlüyünü bərpa etdikdən sonra azad edilmiş ərazilərində ölkə qanunlarına uyğun qaydalar tətbiq edir.
Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması da məhz bu prosesin tərkib hissəsidir. Bundan əlavə, belə bir məntəqənin yaradılması sərhədlərin müəyyən olunmadığı ölkə ilə – Ermənistanla Qarabağda yaşayan erməni əsilli vətəndaşların münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Çünki ermənilər həmin yoldan öz maraqlarına uyğun istifadə etməyə çalışırdılar. Ermənilərin tam başqa, reallığa uyğun olmayan hərəkətlərə yol vermələri Azərbaycanın Laçın sərhəd məntəqəsində nəzarətin gücləndirilməsini və alternativ marşrutun təklif olunması zərurətini ortaya çıxardı. Əslində, Azərbaycan humanistlik nümayiş etdirir. Öz ərazisində yaşayan erməni əsilli vətəndaşlara zəruri məhsulların daşınmasına şərait yaradır. Ən əsası, rəsmi Bakının Ağdamdan Xankəndiyə gedən yoldan Qarabağ sakinlərinin humanitar ehtiyaclarının ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə ünvanladığı təklif, əlbəttə ki, maddi-texniki baxımdan qanuni və məqsədəuyğundur.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də Azərbaycanın Ağdam vasitəsilə Qarabağa humanitar yardım göstərməyə hazır olduğunu bildirməklə, Aİ-nin də bu yola qarşı çıxmadığını təsdiqləmişdi. “Mən Azərbaycanın Ağdam vasitəsilə humanitar yükləri bərabər şəkildə həyata keçirməyə hazır olduğunu da qeyd etdim… BQXK-nın tibbi təxliyənin bərpasını da alqışlayıram”, – deyə Avropa İttifaqının rəhbəri bu yola dəstəyini bildirmişdi.
Analitiklər də hesab edirlər ki, Azərbaycan BQXK-yə Ağdam-Xankəndi yolu ilə Qarabağ erməniləri üçün humanitar yardımların aparılması təklifində həm maddi-texniki təminat, həm də beynəlxalq hüquq baxımından haqlıdır.
Mütəxəssislər onu da vurğulayırlar ki, bu, Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsini təmin etməyin ən kəsə yoludur. Məlumdur ki, keçmiş SSRİ dövründə Qarabağın təchizatı məhz bu yol vasitəsilə həyata keçirilirdi. 1970-ci illərin sonlarında Azərbaycan hökuməti də rayonun yol hərəkətini tamamlayan Xankəndiyə Bakı-Ağdam dəmir yolunun tikintisini başa çatdırmışdı. İndi logistika baxımından bu yol BQXK üçün Laçın marşrutundan daha əlverişlidir. Fakt budur ki, BQXK-nın Bərdə şəhərində nümayəndəliyi və müvafiq resurs bazası var. Bərdədən Ağdama 45 kilometr, Ağdamdan Xankəndinə isə cəmi 26 kilometrdir. Halbuki İrəvan ilə Xankəndi arasında məsafə 330 kilometrə bərabərdir.
Yeri gəlmişkən, Xankəndini Bakıdan təxminən eyni məsafə ayırır və bu marşrutun üçdəikisi yüksək sürətli magistraldır. Yəni, hətta Bakıdan da BQXK-nın çatdırılmaları daha rahat və tez həyata keçirə bilər. Təbii ki, Ağdam-Xankəndi yolundan istifadə təklifi rəsmi Bakının Qarabağ regionunun reinteqrasiyası istiqamətində həyata keçirdiyi kursa uyğundur.
Ancaq Ermənistan və onun xarici himayədarları bu yoldan istifadə etmək istəmirlər və bununla da siyasi spekulyasiyaya yol verirlər. Əslində, ermənilərin bu imtinasını rasist yanaşma kimi də qiymətləndirmək olar.
Ermənilər iddia edirlər ki, guya, İrəvandan gətirilən məhsullar “daha yaxşıdır”. Maraqlıdır ki, erməniləri belə qənaətə gəlməyə hansı meyarlar vadar edir? Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyətinin Ermənistandan gələn məhsulların keyfiyyətindən pis olduğunu təsdiqləyəcək hansı ölçülər və parametrlər var? Əllərində belə arqumentlər varmı? Əlbəttə ki, normal heç bir əsası yoxdur. Ermənilər belə bir iddianı ortaya atmaqla yalnız irqçi təfəkkürlərini bir daha dünyaya nümayiş etdirirlər.
Bu məsələdə diqqət çəkən daha bir mühüm məqam var. Heç soruşan varmı ki, Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycana gətirilməlidir? Belə çıxır ki, Ermənistan humanitar yardım adı altında başqa ölkəyə göndərdiyi məhsullardan gəlir əldə edir. Buna heç bir halda yol vermək olmaz.
Bir sözlə, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin təhlükəsizliyinə tam təminat verir, indiyədək nəinki Laçın yolunda, ümumiyyətlə, münaqişənin 30 ilində onların avtomobilləri ilə bağlı heç bir insident olmayıb. Ağdam–Xankəndi yolundan da istifadədə də hamını razı salan nəticə əldə olunacaq. Bunun əksini düşünənlər isə bağlı qapı arxasında qalacaqlar. Rəsmi Bakı buna tam zəmanət verir.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”


