Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən Laçına qayıdış marafonunun 8-ci köçü də ruh yüksəkliyi ilə gerçəkləşib.
Yenidən qurulan Laçın şəhəri bu dəfə 19 ailəyə qucaq açıb və daha 89 nəfər laçınlı yurduna qovuşub. Bununla 152 ailənin, yəni 591 nəfərin doğma məkanda məskunlaşması təmin edilib. Səhər Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və bir neçə saatdan sonra Laçına çatan məcburi köçkünlər 31 ildən sonra öz doğma yurdlarına qədəm qoyanda böyük coşqu ilə qarşılanıblar. Onlar əvvəlki köç karvanı ilə Laçına qayıdan həmyerliləri ilə sevinclərini bölüşüb, şəhərin gözəl mənzərəsini birlikdə seyr ediblər.
Artıq o nisgilli günlər geridə qalıb. Bu münasibətlə açarların təqdimetmə mərasimi olub. Yenidən öz evində məskunlaşacaq ailələr təntənəli surətdə açarları təhvil alıblar. Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər. Onlar bu yolda canlarından keçən şəhidlərimizi də böyük ehtiramla yad ediblər.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə yaşaması üçün bütün şərait yaradılıb.
“Xalq qəzeti”

