Paris suda boğulanların xilasının yalnız onların özlərindən asılı olduğunu unutmamalıdır
Fransa BMT Təhlükəsizlik Şurasına “Laçın dəhlizinin bloksuzlaşdırılması” məsələsi üzrə qətnamə layihəsini təqdim etməyə hazırlaşır. Bu barədə “Le Figaro” jurnalının redaktor müavini Jan-Kristof Byüsson özünün məqaləsində məlumat verib. Onun ardınca Prezident Emmanuel Makron “Le Point” nəşrinə müsahibəsində “Laçın dəhlizinin” yüklər üçün açılması üçün təzyiqi davam etdirəcəkləri” ilə bağlı bəyanat səsləndirib. Makronun sözlərinə görə, qətnamənin hazırlanmasında məqsəd “Azərbaycanın Laçın dəhlizini bağlaması səbəbindən aclıqdan əziyyət çəkən Dağlıq Qarabağ sakinlərinə yardım etməkdir”.
Parisin İrəvana “qorxma, yanındayıq” ismarıcı
Bu, məlum məsələ ilə bağlı Fransanın BMT-yə üçüncü müraciəti olacaq. Həm Makronun açıqlamasından, həm də yerli medianın yaydığı məlumatlardan belə qənaətə gəlmək mümkündür ki, rəsmi Paris BMT TŞ-da anti-Azərbaycan qətnamə layihəsini keçirməkdə israrlıdır. Axı Paris bununla hayların “böyük bacısı” kimi, boynuna düşən qahmarlıq missiyasını yerinə yetirməyə çalışır. Çox güman ki, BMT TŞ-nin növbədənkənar sonuncu məlum iclasındakı müzakirələrdən və onun haylar üçün acı aqibətindən sonra Makron Administrasiyası irəvanlı həmkarlarına təsəlliverici ismarıclar yollamaqla bərabər, yeni, “daşdan keçən” sənəd hazırladıqları barədə məlumatı da çatdırıb.
Emmanuel Makronun mediaya dediyi “Laçın dəhlizinin açılması üçün Azərbaycana təzyiq edilməlidir” sözləri də həmin ismarıcın tək Paşinyan iqtidarına deyil, Bakının da diqqətinə çatdırılmasına hesablanıb. Artıq Fransa Bakıya sadəcə siyasi təzyiqlərlə kifayətlənmədiyini, üstəlik, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qondarma rejimi, separatizmi açıq şəkildə dəstəklədiyini gizlətməyə çalışmır. Bu gün İrəvandakı revanşistlərə, Xankəndidəki separatçılara ən böyük ümid verən tərəfin məhz Fransa olduğunu rahatca söyləyə bilərik. Gözlə görünən bu həqiqəti gücləndirən məqamlardan biri də BMT TŞ-nin son iclasından sonra Ermənistan hakimiyyəti və Xankəndidəki separatçıların verdikləri açıqlamalardır.
Azərbaycan BMT, ATƏT, AŞPA və Aİ kimi beynəlxalq təşkilatlara, onların qərarlarına həmişə hörmətlə yanaşıb. Bunu dünya birliyi də yaxşı bilir. Bəs onlara qarşı ikiüzlülük, saxtakarlıq edən, qərarlarını yerinə yetirməyən Ermənistan nə edir? “Humanitar fəlakətlə”, “acından ölmək təhlükəsi ilə üzləşmiş” Qarabağın erməni sakinləri üçün yardımlar, bir də qərarlar dilənməklə məşğuldurlar. İndi nəinki “qoca qitə”də, həmçinin okeanın o tayında da hay zarıltısını dinləməkdən beziblər.
Bütün cinahlarda üstünlüyü ələ almaq!
Fransa liderinin qətnamə barədə məlum açıqlaması və BMT TŞ-da yeni cəhd anonsu Cənubi Qafqazda onun maraqlarını nəzərə almayan Bakıya qarşı təzyiq forması, həm də ermənilərə “görürsünüz, biz əlimizdən gələni edirik” mesajının verilməsi məqsədini daşıyır. Parisin bu “diplomatik gedişi” ilə paralel olaraq Hayastanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı Azərbaycana yeni təkliflər göndərdiyini bildirdi. O, son vaxtlar təkrarlamaqdan usanmadığı “humanitar fəlakət”, “Dağlıq Qarabağ (?) ermənilərinin təhlükəsizliyi” barədə saxta iddialarını da davam etdirdi. İrəvanın sülh müqaviləsinə əlavə təkliflərinin yalnız və yalnız vaxtı uzatmağa, Xankəndidəki separatçı-xunta rejimini “ayaqda saxlamağa” hesablandığını söyləmək olar.
Fransanın hazırladığı və BMT TŞ-də qəbulunu arzuladığı qətnamənin aqibətinin necə olacağı sual altındadır. Bu barədə əvvəllər də yazmışdıq: BMT TŞ-də hansısa qərarın – qətnamə, bəyanat, yaxud press-reliz iki yolla qəbul edilə bilər. Ya TŞ-nin daimi üzvlərinin yekdil qərarı ilə, ya da onlardan savayı qeyri-daimi 10 üzvdən 9-nun səsini qazanmaqla. Amma bu zaman 5 daimi üzvdən heç biri veto hüququndan istifadə etməməlidir. Daxili nizamnamə nöqteyi-nəzərindən baxdıqda Fransanın təqdim etməyə hazırlaşdığı qətnamənin BMT TŞ-də qəbulu müşkül görünür. Paris və İrəvan unutmamalıdır ki, TŞ-nin 15 üzvü arasında Azərbaycanı dəstəkləyən xeyli ölkə var. Bunlardan başqa, əksər ölkələrin səfirləri Azərbaycana münasibətdə neytral mövqe sərgilədilər. Ən əsas məsələ isə TŞ-nin daimi üzvü Rusiyanın bölgədə zəifləməkdə olan maraqlarına görə veto hüququndan istifadə edəcəyinin qaçılmaz fakt olmasıdır. Axı Kreml rəsmi Parisin separatçıları xilas edə bilməsə belə, İrəvanda Moskvanı əvəzləmək niyyətindən xəbərdardır. Həm Cənubi Qafqazdakı mövcud geosiyasi duruma, həm də BMT TŞ-də qüvvələr nisbətinə nəzər yetirdikdə Fransanın “bütün cinahlarda üstünlüyü ələ almaq” taktikasının heç bir perspektivə malik olmadığı üzə çıxar.
Xilası uzaqda axtaranlara məsləhət
Ermənistan tərəfindən “humanitar böhran”, “blokada” bəhanələri ilə edilən siyasi manipulyasiyalar təxribat xarakterli hərbi fəaliyyətlə eyni zamanda baş verir. Son həftələr ərzində beynəlxalq hüquqla bərabər, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndinin tələb etdiyi öhdəliyin yerinə yetirilməməsi müzakirə mövzusuna çevrilib. İrəvan tərəfindən bu öhdəliyin kobud pozuntusu kimi Azərbaycanın Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin, Ermənistan silahlı qüvvələrinin tör-töküntüsünün müəyyən ərazilərdə hərbi-mühəndis istehkamları yaratması, eləcə də, digər təxribatların artması müşahidə olunur. Bu qanunsuz silahlı quldurların respublikamızın suveren ərazisində yerləşdirdikləri radioelektron döyüş texnikasından istifadə etməsi, mülki təyyarələrimizin həmin ərazinin üzərindən uçuşuna mane yaratması xüsusi narahatlıq doğurur. Söhbət təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin təyyarələrinin təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrdən gedir.
Ermənistan hakimiyyəti düzdüyü hərbi-siyasi labirintdən qurtuluş yolunun yalnız Bakı ilə dialoqdan, onun beynəlxalq hüquqa və məntiqə söykənən təkliflərinə müsbət yanaşmaqdan keçdiyini anlamalıdır. Təkcə anlamaqla iş bitmir, həm də reallığı qəbul etməlidir. Necə deyərlər, suda boğulma təhlükə ilə üzləşənlərin xilası onların özlərindən asılıdır. İrəvan sülhə gəlməklə həm də kənarda, uzaqda dəstəkçilər axtarışından da canını qurtarmış olacaq. Paşinyan onu sülh prosesində, beynəlxalq platformalarda siyasi avantüralara, bölgədə isə təhlükəli hərbi hərəkətlərə təhrik edən aktorların, diaspor-lobbi-daşnak çetesindən imdad gözləməyin səmərəsiz olması ilə barışmalıdır. Bütün bunların ona heç də yaxşı sonluq vəd etmədiyi barədə də ciddi düşünməlidir. Sonra günahlandırmağa kimsəni tapmayanda, “miatsum” nağılının Ermənistana xeyirli heç nə gətirmədiyini anlayanda gec ola bilər. Biz Azərbaycan türklərinin sonrakı peşmançılığın fayda vermədiyi barədə məşhur zərb-məsəlini xatırlatmaqla yanaşı, qarşınızdakı gücün nəyə qadir olduğunu unutmamağınızı tövsiyə edərdik.
İrəvan-Paris tandeminin yeni səylərinin də fiaskoya uğrayacağına indidən əminik. BMT TŞ-də hətta az ehtimal olunan hansısa anti-Azərbaycan sənədi qəbul olunsa belə, onu Nyu-Yorkun siyasi zibilxanasına atılmaqdan qeyri perspektivi yoxdur. Kart-blanşını İrəvanın qarşına qoyaraq növbəti dəfə revanş götürmək istəyi ilə alışıb-yanan Makronun bu dəfə də döyüş platformasını başıaşağı tərk edəcəyini proqnozlaşdıran ekspertlərlə razılaşırıq. Onun başını dincə qoyub memuar yazmaq kimi gözəl fürsəti olacaq. Necə ki indi onun sələfi Nikola Sarkozi bu işlə məşğuldur. Amma bir məsələdə şübhəmiz var. Emmanuel kağıza köçürəcəklərində Bakının gözəlliyini etiraf edən Nikola qədər səmimi və dürüst ola biləcəkmi? Nə qədər çətin görünsə də, buna inanmaq istərdik.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Makronun buna qədər BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə layihəsini keçirmək üçün göstərdiyi iki cəhdi uğursuzluğa uğrayıb. O, birinci cəhdini 44 günlük müharibənin gedişində etmişdi. Həmin məqamda məsələyə Böyük Britaniyanın müdaxiləsi, Azərbaycanın Qoşulmayanlar Hərəkatındakı üzv-tərəfdaşları qətnamənin mətninə müəyyən dəyişiklikləri təklif etməklə onun Təhlükəsizlik Şurasından keçməsinin qarşısını aldı. İkinci dəfə Paris keçən il sentyabr döyüşlərindən sonra buna cəhd eləmişdi. Bu dəfə Rusiya Fransaya qarşı çıxdı. Çünki Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasında üçtərəfli Bəyanata əsaslanan Moskva bölgədə özündən kənar proseslərin baş verməsi ilə razılaşa bilməzdi. Yenə Böyük Britaniya və ABŞ buna öz etirazlarını bildirdi və nəticədə Paris layihəsini geri götürməyə məcbur oldu.
İndi isə Makron “Dağlıq Qarabağa humanitar yardım” adı altında sənədin BMT-də qəbuluna ümid edir. Düşünürəm ki, Rusiya yenə də həmin qətnamədə özünün rolunun göstərilməsini tələb edəcək, ABŞ və Böyük Britaniya isə buna qarşı çıxacaqlar. Yəni Makron növbəti dəfə aciz duruma düşəcək. Nə qədər dəridən-qabıqdan çıxsa da, rəsmi Parisin bu günə qədərki cəhdləri puç olub, yenə belə olacaq. Bununla da Fransa iqtidarı bu məsələdə nə dərəcədə dişsiz olduğunu təkrarən dünyaya göstərmiş olacaq. Hətta, fərz etsək ki, tövsiyə, çağırış xarakterli bir qətnamə qəbul edildi, bəs onun icra mexanizmi? Ermənistan 30 ilə yaxın BMT-nin dörd qətnaməsini vecinə almadı, indi bir parça kağızı əlində yelləməklə nəyə nail ola biləcək? Heç nəyə!
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



