Prezidentin köməkçisinin sosial şəbəkə paylaşımına sözardı
Ümummilli lider Heydər Əliyev demişdir ki, yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir. Ulu öndərin bu fikrini xatırlamağımız heç də təsadüfi deyil. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparır. Həyata keçirilən genişmiqyaslı tədbirlərin məğzini yeni yolların salınması təşkil edir. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük yol qovşaqlarını xatırladır. Qətiyyətlə deyə bilərik ki, həmin qovşaqlar ölkəmizin gücünün, qüdrətinin, əzəmətinin göstəriciləri kimi çıxış etməkdədir. Əzəmət qənaət formalaşdırır - Azərbaycan bölgəyə həyat gətirir.
***
Bəli, Azərbaycan həyat bəxş edən ölkədir. Bu düşüncə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” paylaşımı ilə yenidən aktuallaşdı. Əvvəlcə H.Hacıyevin Qarabağ yolçuluğu zamanı paylaşdığı kiçik videogörüntüyə yazdığı fikirləri diqqətə çatdıraq. “Zəngilan hava limanından Laçına doğru. Yeni yol çəkilir. Azərbaycan yollarda sədlər və maneələr yaradan digər ölkələrdən fərqli olaraq, yollar inşa edir və əlaqələrin yaxşılaşmasını təmin edir. Yol sivilizasiyanın mədəni və mühüm komponentidir”.
Göründüyü kimi, Prezidentin köməkçisi iki-üç kəlmə ilə son dərəcə vacib mesaj verdi. Bu mesaj, ilk növbədə, ümumən yolun bəşəri anlamlı mahiyyəti barədə düşünməyə vadar edir. Yəni Azərbaycanın apardığı quruculuq işləri bəşəri hadisədir, bütövlükdə, insanlığa faydadır. Axı işğaldan azad olunmuş torpaqlarımızda salınan hər bir yol, bütövlükdə, Cənubi Qafqaz regionunu tərəqqiyə və inkişafa aparan böyük göstəricidir. Region isə yalnız orada yaşayan xalqlar deyil, bütövlükdə, dünya üçün müstəsna əhəmiyyətə malikdir və bu amil çoxsaylı beynəlxalq toplantılarda dəfələrlə dilə gətirilib.
***
Əlbəttə, Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərinin vurğulanmasındakı ən mühüm mesajların müəllifi Prezident İlham Əliyevdir. Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etdiyini deyən dövlətimizin başçısı ötən il aprelin 29-da ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusundakı beynəlxalq toplantıda belə demişdir: “Biz separatizm, erməni təcavüzü səbəbindən otuz il həmin fürsəti əldən qaçırmışıq. Cənubi Qafqaz inteqrasiya etməmişdir. Bəli, Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Bu, vacibdir. Lakin, eyni zamanda hesab edirəm ki, Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər”.
***
Azərbaycan Prezidentinin bu fikrindən sonra H.Hacıyevin “Twitter” paylaşımındakı ikinci məqama keçid etməyin tam zamanıdır. Hikmət müəllim “yollarda sədlər və maneələr yaradan digər ölkələr” məntiqini elə-belədən gündəmə gətirmir. Dövlətimizin başçısı diqqətə çatdırdığımız iqtibasda Ermənistan üzərinə köklənirdi. Onun köməkçisinin fikirlərindən gəlinən qənaət isə budur ki, İrəvana dəstək göstərənlər da onunla birgə Cənubi Qafqazda ölkəmizin rəhbərliyi ilə hərəkətə başlayan inkişaf qatarının çarxlarına çomaq soxmaqdadırlar.
Bəli, cənab Hacıyev mesajı ilə dünyanın belələrini görməsinin və nəticə çıxarmasının vacibliyini vurğulayır. Dünya yolun timsalındakı böyük mədəniyyət hadisəsi ilə vandallıq arasında seçim etməlidir. Azərbaycan seçmək üçün ortaya sübutlar qoyur. H.Hacıyev özü dəfələrlə xaricdən gələn qonaqlarla bərabər, erməni vandallığının izlərini hələ də saxladığı torpaqlarımızda olub, onları əyani vəziyyətlə tanış edib. Ümumən, dövlətimiz mövcud istiqamətdə sistemli və ardıcıl iş aparmaqdadır.
Ancaq dünyanın, böyük ölçüdə, Ermənistanı düz yola gətirmək üçün əməli fəaliyyət aparmadığını da görürük. Əksinə, baş verənlər onu göstərir ki, beynəlxalq aləm İrəvanın avantürizminə, necə deyələr, “züy tutmaqla” məşğuldur. H.Hacıyev qısa paylaşımı ilə həm də bu məqama diqqət çəkmiş oldu. Eyni zamanda, onun “yol kəsənlər” məntiqi, istər-istəməz keçmişə ekskurs zərurəti yaradır. Cənubi Qafqazda yol kəsənlər kimlər olub? Yollarda basqınlar, quldurluq edənlər, qətllər törədənlər kimlərdir? Erməni avantüristləri!
“Xalq qəzeti”nin yaşlı əməkdaşları 1988–1991-ci illəri xatırlayarkən, Qarabağın müxtəlif bölgələrində yaşayan sıravi ermənilərin də qəzetə məktublar yazdıqlarını, millətçi və şovinistlərin yaramaz əməllərinə qarşı tədbir görülməsi üçün xahişlər etdiklərini, hətta yalvardıqlarını vurğulayırlar. Tədbir görülməyib, kimdir müqəssir, yazımızın mövzusu bu olmadığından, məsələnin üzərində dayanmaq istəmirik. Həm də görünən dağa nə bələdçi...
Ancaq tarix təkrarlanır. Bu gün də erməni avantürizmi köhnə “amplua”sındadır. Yol kəsməklə məşğuldur. Kəsilən yol isə həm də mədəniyyətin qarşısındakı əngəldir. Nəzərə alaq ki, müxtəlif xalqların dinc, əmin-amanlıq şəraitində birgə yaşamalarının özü də böyük mədəniyyət hadisəsidir. Digər tərəfdən, Prezident İlham Əliyev və ölkəmizin rəsmiləri dəfələrlə onu da bildiriblər ki, Cənubi Qafqazda nəhəng nəqliyyat xablarının yaradılmasının hədəflədiyi inkişafdan Ermənistanın da, Azərbaycan ərazisində yaşayan ermənilərin də faydalanmaq imkanları var. Bunun müqabilində nə görürük? Hikmət müəllimin vurğuladığı kimi, yolların kəsilməsini. Nəzərə alaq ki, yol kəsənlər əllərinə düşən ilk imkandaca baş kəsməyə də hazırdırlar...
***
Qarabağın erməni əhalisi arasında elə təbliğat aparılır ki, sanki Azərbaycan vandal ölkədir, bölgədə soyqırımı gerçəkləşdirmək istəyir və sair. Nəticədə Laçındakı sərhəddə yaratdığımız nəzarət–buraxılış məntəqəsindən keçib Ermənistana yol alan erməni köçlərini görürük. Sual olunur: onilliklərdir Qarabağda yaşayan, oranı yurd edən sadə erməni nə üçün öz evini tərk etməlidir? Nəyə görə öyrəşdiyi, uyğunlaşdığı mühitdən aralı düşməlidir? Erməni avantürizminin təmsilçiləri, Ermənistan hakimiyyəti, o cümlədən Qarabağdakı separatçı rejim bu suallara cavab verməyi heç ağlının ucundan da keçirmir. Çünki onların sarsaq baxışlarında insanların didərgin salınması adi haldır. Hələ bundan dividend də götürməyə çalışırlar. Baxın, Ermənistan baş naziri Nikol Paşinyan ölkə hökumətinin iclasında utanmadan bildirir ki, Azərbaycan Laçın yolundan keçib Ermənistana üz tutanların geri qayıtmalarına imkan verməyəcək. O, yaxşı bilir ki, gedənlər qayıtmaq üçün getmirlər, bölgəni birdəfəlik tərk edirlər. Ancaq ölkəmizə böhtan atıb xal qazanmaq yolu tutur. Öz aləmində siyasi xal qazanır...
Bir halda ki, tarixə üz tuturuq, bununla bağlı “örnəkləri” də yada salaq. 1988–1991-ci illərdə indiki Ermənistan ərazisindən əsrlərdir orada yaşayan azərbaycanlılar qovuldular. Həmin vaxt Spitakda zəlzələ olmasaydı, heç qaçmağa macal da tapmayacaqdılar. Hamısı qətlə yetiriləcəkdi. Bunu sübuta yetirən faktlar var. Ancaq Xocalıda insanlar rayonu tərk edə bilmədilər... İşğal və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa, çadır şəhərciklərində, vaqonlarda ömür sürməyə məhkumluğu başlandı.
***
Bəli, erməni başıpozuqların insanın həyat elementlərindən məhrumluğunun necə böyük məşəqqət olduğunu anlamadığının nəticəsidir ki, Qarabağdakı erməni əhali ərazini tərk edir. Halbuki, Azərbaycan sıravi insanların deyil, bölgədə hələ də varlığını sürdürən, sayı on minə çatan qeyri-qanuni hərbi birləşmələrin çıxarılmasını istəyir...
Hazırkı mənzərə onu da deməyə əsas verir ki, ermənilər mədəniyyətdən üz döndərirlər. Bu gün Ağdam–Xankəndi yolu, eyni zamanda, mədəniyyət yoludur. Mədəniyyət isə həm də sülh deməkdir. Uzun illər sözügedən yol azərbaycanlıların və ermənilərin sülh şəraitindəki yaşamlarının göstəricisi, Hikmət Hacıyevin də ifadə etdiyi kimi, bölgədəki sivilizasiyanın mədəni və həlledici komponenti olub.
Ancaq sonda bunu da bildirək ki, kiminsə nə deməsindən, erməni şovinist–revanşistlərinə hansı dəstəyi göstərməsindən asılı olmayaraq, Ağdam–Xankəndi yolu açılacaq. Bakı–Xankəndi qatarı da işləyəcək. Bir sözlə, Azərbaycanın əzmi və iradəsi ilə qurulan yollar Cənubi Qafqazdan dünyaya mədəniyyət və sülh yayacaq. Bu, geriyə dönüşü olmayan prosesdir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”


