Qarabağ ermənilərinə indi də nağıl süjetləri ilə təsəlli verirlər
Reallıq hissini itirənlərin utopik revanşizmə, hansısa xəyali qətnamələrə, hətta nağıl qəhrəmanlarının zühuruna inanmaları təbii sayılmalıdır. Necə ki, indi də cırtdan Lixtenşteynin şahzadəsi, Zati–aliləri müqəddəs knyaz Mixailin “birbaşa mühasirədə olan Dağlıq Qarabağa (?)” humanitar aviadaşımanı həyata keçirməyə hazır olduğu barədə feyk-xəbərləri tirajlayırlar. Bu “şad xəbəri” Qarabağ ermənilərinin ictimai diqqətinə kriminal biznesmen, uğursuz “dövlət naziri” Ruben Vardanyan çatdırıb.
Xəbərdə ondan bəhs edilir ki, əlahəzrət şahzadə Mixail Aznavur Fondunun təşkil etdiyi zəruri ərzaq və dava-dərmanla birlikdə Qarabağa uçacaq təyarənin göyərtəsində olacaq. “Humanitar missiya”da İsveçrənin Impact Investing Solutions şirkəti ilə yanaşı bu məmləkətin şahzadəsi Mayklın, habelə digər “dünya liderlərinin”, indiki və sabiq dövlət başçılarının adları da yer alırmış. Sən demə, bu titulluların hamısı “30 min uşaq daxil olmaqla 120 min insanın 8 aydan çoxdur aclıqdan əziyyət çəkdiyi Dağlıq Qarabağa (?) çatdırılacaq humanitar yükə şəxsən başçılıq etməyə hazırdır”. Bunu hayların qulağına Vardanyan üfürür.
Dara düşənlərə hər zaman yardım əlini uzadan belə parlaq “filantropların” siyahısı da mötəbərliyi ilə seçilir. Görün humanitarların bu ali siyahısında kimlərin adı var: Nobel mükafatı laureatı Leyma Qboyun, Fransanın sabiq xarici işlər naziri Bernar Kuşner, keçmiş səhiyyə naziri Pol Polman, İrlandiyanın keçmiş prezidenti Meri Robinson, Meksikanın sabiq dövlət başçısı Ernesto Zedilyo və başqaları.
Şahzadə Mixailin adının hallandığı informasiyanı BBC-yə istinadən “Avropa həqiqəti” paylaşıb. Vardanyan isə sosial şəbəkədəki hay izləyicilərinə belə bir çağırış da edib ki, xəbərdən hamının hali olması üçün onu daha çox yaysınlar. Moskvanın uğursuz emissarı hesab edir ki, Laçın dəhlizi (?) bağlı qaldığı üçün bu humanitar aviadaşıma Qarabağ ermənilərinin “sağ qalmasına” kömək edəcək. Vardanyan bu məqsədlə Stepanakertdəki (Xankəndi -red) hava limanından faydalanmağın mümkünlüyünü xatırlatmağı da unutmayıb: “Bunun üçün beynəlxalq birlik tərəfindən əlavə səylərin göstərilməsinə ehtiyac yoxdur. Onlardan sadəcə hava yolu ilə daşımaya dəstək vermək və onun təhlükəsizliyinin təmin edilməsi tələb olunur”.
Yəni hər şey bu qədər sadə və asanmış. Avropanın cırtdan dövlətindən humanitar yüklü hava gəmisinin Azərbaycanın hava məkanına daxil olması, sonra ölkəmizin suveren ərazisinə enməsi üçün Bakıdan icazənin istənilməsi zərurəti Vardanyanın heç ağlının ucundan da keçməyib? Yox, komersant Ruben beynəlxalq hava daşımalarının qaydaları barədə kifayət qədər məlumatlıdır, fəqət, bu barədə danışmaq istəmir. Axı Qarabağın erməni əsilli lümpen sakinlərinin beynini belə mürəkkəb mətləblərlə məşğul etməyə nə ehtiyac var?
“Qoy hələlik “Ağ atlı şahzadə” nağılına qulaq assınlar, özlərini röyanın gerçəyə çevriləcəyinə inandırsınlar, sonra bir şey fikiləşərik”. Vardanyan indiki məqamda eynən bu cür düşünür. Buna qətiyyən şübhəniz olmasın. Elə Lixtenşteynin möhtərəm şahzadəsi, knyaz Mixailin xəritədə Xankəndi hava limanının yerini tapmaqda çətinlik çəkəcəyini də əminliklə söyləmək olar. Zati-alilərinə Qafqaza səfərinin əvəzinə iki ildən çoxdur başı qalmaqaldan açılmayan qardaşı Emmanuelin dadına yetişməyini məsləhət görərdik. Ola bilsin son vaxtlar dozası artırılan erməni konyakının “zapoyuna” düşdüyündən bu məsələni tamamən unudub. Onda xatırladaq.
Avropalı eko-fəallar Lixtenşteyn şahzadəsini 2021-ci ilin martında Rumıniyada ov edərkən qitənin ərazisində qeydə alınmış, Artur ləqəbli 17 yaşlı ən yaşlı və ən böyük qonur ayını güllələməkdə ittiham edirlər. Eko-fəalların versiyasına görə, şahzadə Emmmanuelə Rumıniyanın Oydula kəndində fermalara hücum edən ayını ovlamağa icazə verilib. Amma o, “qatil və cinahyətkar” ayının əvəzinə 17 yaşlı veteranı qətlə yetirib. İki ildən çoxdur ki, Lüksemburq şahzadəsi Marqarita və Lixtenşteyin vəliəhdi Nikolausun oğlu Emmanuel bəraət almaqdan ötrü özünə xeyli vəkil tutub. Proses olduqca maraqlı məcrada gedir. Ruben Vardanyan isə burada “Ağ atlı şahzadə”dən danışır. Heç hənanın yeridir?
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

