Milli Məclisin deputatları Zimbabveyə səfər ediblər

post-img

Milli Məclisin deputatları, Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Zaur Şükürov və Məzahir Əfəndiyev Zimbabve parlamentinin dəvətinə əsasən, mayın 4-dən 8-dək bu ölkəyə səfər ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Zimbabve parlamentinin sədri Jacob Francis Nzvidamilimo Mudenda, Parlamentin Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri, eyni zamanda, Zimbabve-Azərbaycan dostluq assosiasiyasının rəhbəri Vebster Kotivani Şamu, xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Sheilla Chikomo ilə görüşlər keçirilib.

Vebster Kotivani Şamu ilə görüş zamanı o, Azərbaycanın son dövrlər əldə etdiyi uğurları, ölkənin davamlı iqtisadi inkişafını diqqətlə izlədiklərini, ölkəmizin bu “uğur hekayəsi”nin onlar üçün çox faydalı təcrübə ola biləcəyini və məhz bu səbəbdən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

İki ölkə arasında əməkdaşlığın inkişafında parlament diplomatiyasının roluna diqqət çəkən zimbabveli parlamentarilər parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirərək, qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıblar. Söhbət zamanı, həmçinin qadın parlamentarilər arasında əlaqələrin qurulmasının əhəmiyyəti qeyd olunub. Bir sıra istiqamətlər üzrə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinin nəzərdən keçirildiyini qeyd edən Zimbabve tərəfi mədən sənayesi, enerji resurslarının tədqiqi və istehsalı, həmçinin yaşıl enerji, ticarət, turizm, təhsil, kənd təsərrüfatı, infrastruktur, texnologiya, su ehtiyatlarının idarə olunması kimi sahələrin prioritet olduğunu bildirib. Bu xüsusda, Zimbabvenin əlvan metal ehtiyatları və flora-fauna zənginliyini, kənd təsərrüfatının ölkə iqtisadiyyatında payının yüksək olmasını nəzərə alaraq, bu istiqamətlər üzrə əməkdaşlığın qurulması üçün geniş perspektivlər olduğu qeyd edilib. Təhsil sahəsində müzakirələr çərçivəsində Zimbabve tərəfi universitetlərarası əməkdaşlığın qurulması və Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd proqramlarından yararlanmaq niyyətini ifadə edib.

Görüşlər zamanı Milli Məclisin deputatları müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında misilsiz xidmətlərindən, ölkəmizin gələcək inkişafına hesablanmış uzaqgörən siyasətindən bəhs edərək, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafa nail olduğunu, beynəlxalq miqyasda nüfuzunun daha da artdığını vurğulayıblar. Bu xüsusda, həmçinin Zimbabve tərəfinə Ermənistanın onilliklər boyu davam etdirdiyi işğalçılıq və vandalizm siyasəti, tarixi torpaqlarımız olan indiki Ermənistandan zorla qovulmuş soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış hüququ, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində torpaqlarımızın beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnamələri əsasında işğaldan azad edilməsi prosesi, mina problemi, azad olunmuş ərazilərimizdə hökumətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işləri barədə ətraflı məlumatlar təqdim edilib.

Müzakirələrdə, həmçinin Prezident İlham Əliyevlə Zimbabve Prezidenti Emmerson Mnanqaqva arasında keçən ilin noyabr ayında Bakı şəhərində COP29 çərçivəsində aparılmış müzakirələrdən irəli gələn, qarşılıqlı maraq kəsb edəcək sahələrin müəyyənləşdirilməsinin zəruriliyi bildirilib, iki ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda, xüsusilə də Qoşulmama Hərəkatında və QH Parlament Şəbəkəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Zimbabveli rəsmilər çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, Qoşulmama Hərəkatına ölkəmizin uğurlu sədrliyini və sədrlik dönəmində Prezident İlham Əliyevin hərəkat çərçivəsində əməkdaşlığın intensivləşdirilməsi istiqamətində atdığı vacib addımların, irəli sürülən təşəbbüslərin xüsusilə təqdirəlayiq hal olduğunu vurğulayıblar.

Qeyd edək ki, Milli Məclisin deputatı Zaur Şükürov səfərin yekunlarına dair Zimbabvenin dövlət televiziya kanallarına müsahibə verib, səfər yerli mediada işıqlandırılıb.



















Siyasət