PKK-nın 12-ci qurultayında silahı yerə qoyaraq təşkilatın ləğvi ilə bağlı qəbul edilən qərar bu günlər bütün dünyada müzakirə mövzusudur. Bu qərarın Türkiyənin daxili siyasətindən tutmuş regional gəlişmələrə qədər bir çox sahədə əhəmiyyətli təsirləri ola biləcəyi şübhəsizdir. Amma Türkiyə ictimaiyyətinin PKK-nın silahı yerə qoyma qərarına həm ümidlə, həm də ehtiyatla yanaşdığı da faktdır. Türkiyədə PKK-nın silahı yerə qoyacağına şübhə ilə yanaşanlar vardı, artıq hər şey geridə qaldı, artıq PKK yoxdur. Türkiyə bu bəlanı yox etmək üçün çox incə diplomatiyasını işə salmalı oldu .
Türkiyədə terror problemi illərdir gündəmdə olmuş və qardaş ölkə mövcud enerjisini bu beynəlxalq bəlaya sərf etməklə siyasi, iqtisadi və sosial hədəflərindən xeyli geri düşüb. İqtisadi gəlirinin böyük bir hissəsini Türkiyə terrorla mübarizəyə sərf etməyə məcbur olub. Ötən əsrin 70-80-ci illərində Türkiyə dövlətinə qarşı qurulmuş PKK terror təşkilatı 40 minə yaxın insanın ölümünə səbəb olmuşdur.
Keçən ilin sonlarında partiyasının qrup toplantısında çıxış edən Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İmralı həbsxanasında olan Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalana bir daha çağırış edərək, “Terrorçu liderə qarşı təcrid aradan qaldırılarsa, gəlsin, Türkiyə Böyük Millət Məclisinin DEM (Xalqların Azadlıq və Demokratiyası) Partiyasının qrupunun toplantısında danışsın” demiş və əlavə etmişdi ki, “Terrorun tamamilə sona çatdığını, təşkilatın ləğv edildiyini bildirsin”. Baxçalı, “bununla bağlı qanuni tənzimləmələr edilməli və bundan faydalanmaları üçün yollar açılmalıdır”- demişdi. O qeyd etmişdi ki, "Hər kəs ittifaqda olsa, əlimizi deyil, bədənimizi belə daşın altına qoymağa, üzərimizə düşəni etməyə hazırıq. Nə Qəndil, nə də Ədirnə, ünvan İmralıdan DEM-ə qədər uzanmalı, bu ciddi və tarixi terror problemi ölkənin gündəmindən tamamilə çıxarılmalıdır".
Gözlənilən an gəldi və DEM partiyası heyəti Öcalanla son görüşdən sonra İstanbuldakı “Elite World” otelində Xalqların Azadlıq və Demokratiya Partiyasının (DEM Partiyası) millət vəkillərinin keçirdiyi “Sülh və Demokratik Cəmiyyətə Çağırış” toplantısında Öcalanın çoxdan gözlənilən açıqlamasını oxudular. 28 noyabr 1978-ci ildə Diyarbakırın Lice rayonunda qurulan PKK Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə və bir çox başqa dövlətlər tərəfindən rəsmən terror təşkilatı hesab edilir.
Yalnız PKK deyil, bəzi kürd siyasi qruplar kənardan idarə olunmağa başlamışdı. Nəhayət, kürd siyasi elitası da anlamağa başladı ki, keçmiş “mübarizə” üsulu uğurlu ola bilməz . Həm də bunun özü xalqlar arasında min illər boyu var olan dostanə münasibətləri zədələyir. Əsas vəzifə bu gün çox kövrəkləşmiş tarixi münasibəti inanclardan kənar qalmadan, qardaşlıq ruhunda yenidən qurmaqdır. Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və şiddətli hərəkatı olan PKK ləğv edilməlidir. Məsələnin həlli üçün Türkiyə bütün dövrlərdə çalışmışdır. Son proses 2013-2015-ci illər arasında olmuşdu Bu proses kürd probleminin sülh yolu ilə həlli məqsədi ilə başladılmışdı. O zamankı şərtlər başqa idi. Amma Türkiyə dövləti yenə də buna cəhd etmişdi. Prosesin əsas elementlərinə tərksilah, demokratik islahatlar və kürd kimliyi hüquqlarının genişləndirilməsi daxil idi. Bu danışıqlarda da PKK lideri Öcalan əsas rol oynamışdı. Lakin 2015-ci ildə münaqişənin bərpası ilə həll prosesi kənar müdaxilələr nəticəsində faktiki olaraq başa çatdı. İndiki situasiya tamam fərqlidir. Türkiyə əvvəlki Türkiyə deyil və artıq dövlət regional gücdən qlobal gücə çevrilib. Həll edə bilməyəcəyi bir məsələ yoxdur. “Terrorsuz Türkiyə” yolunda bu addımın uğurlu olacağı şübhəsizdi.
Bu addım Türkiyə ictimaiyyəti tərəfindən də dəstəklənməkdədir. PKK “beynəlxalq gücləri” demokratik həllə mane olmamağa və konstruktiv töhfələr verməyə çağırıb.Prezident Rəcəb Tayyib Ərdoğan, “Bu gün terrordan azad Türkiyə prosesində daha bir kritik həddi keçdik”, – demişdir. MHP sədri Dövlət Baxçalı "Bu gün qazananlar sülh və qardaşlıqdır. Bu gün qazananlar siyasət və demokratiyadır" demişdir.
Baxçalı əlavə edib ki, Suriyada tərksilah, yaraqlıların gələcəyi, PKK ilə YPG arasında münasibətlər kimi məsələlərin hüquqi və strateji çərçivəsinin necə müəyyən ediləcəyi ayrı-ayrılıqda müzakirə edilməlidir. DEM Partiyasının həmsədri Tuncer Bakırhan, "İnşallah, bu prosesi sülhlə taclandıracağıq", – dedi. CHP sədri Özgür Özəl “CHP olaraq tarixi ardıcıllıqla sülhün yanındayıq”, – deyərək, ictimai sülhün qalıcı olması üçün demokratiya və qanunun aliliyinin kurumsallaşması lazım olduğunu vurğuladı.
Terror təşkilatının dərc etdiyi qərar – bəyannamədə "PKK adı altında həyata keçirilən fəaliyyətlərə son qoyulub", – deyildi.
Bəs bundan sonra nə olacaq, proses necə gedəcək?
PKK-nın özünü ləğv etmək və silahı yerə qoymaq qərarından sonra Şimali İraqda İraq mərkəzi hökuməti və regional kürd hökumətinin də iştirak etdiyi mexanizm işə salınacaq. İraqın Süleymaniyyə, Ərbil kimi şəhərlərində dağlardan enən terrorçuların silahlarını təhvil verərək qeydiyyata alınacağı mərkəzlər yaradılacaq. Ehtimal edilir ki, dağlarda 2000-dən 4000-dək arası terrorçu var. Bütün bu proses Türkiyə kəşfiyyatı və hərbi birləşmələrinin nəzarəti altında davam edəcək. PKK-nın silah anbarları və düşərgələrindəki hər cür silah-sursat və partlayıcı maddələr təhvil veriləcək. Silahsızlaşdırma prosesinin yayın sonuna qədər başa çatdırılması nəzərdə tutulur.Türkiyə vətəndaşı olan terrorçular mərhələli şəkildə sərhəddə qəbul ediləcək. Təşkilatın üst rəhbərliyi və qırmızı və narıncı siyahılarda axtarılan təxminən 300 terrorçu Türkiyəyə gələ bilməyəcək. Həmin şəxslərin Norveç və Cənubi Afrika kimi üçüncü ölkələrə göndərilməsi planlaşdırılır. Silahlarını yerə qoyan terrorçuların Suriyaya keçməsinə qəti şəkildə icazə verilməyəcək.Prosesin sonunda kəşfiyyat bölmələri əhatəli hesabat hazırlayıb ölkənin yüksək idarəçiliyinə göndərəcək. Bu hesabat tərksilah prosesinin rəvan keçib-keçmədiyini müəyyən edəcək. Hesabat müsbət olarsa, icra qanununda və Cinayət Məcəlləsində bəzi dəyişikliklər və demokratikləşmə istiqamətində yeni addımlar gündəmə gələ bilər.
Təhlükəsizlik səbəbindən İmralıda qalmağa davam edəcək Abdullah Öcalanın fiziki şərtləri və xarici dünya ilə təması ilə bağlı atılacaq addımlar da bu hüquqi tənzimləmələr çərçivəsində həll olunacaq. Proses boyunca Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqdakı varlığı davam edəcək və sərhəd təhlükəsizliyinə yönəlmiş planlı fəaliyyətlər fasiləsiz davam etdiriləcək. Suriyadakı YPG bölgəsinin prosesə necə daxil ediləcəyi Suriya Mərkəzi Administrasiyası ilə bu qurum arasında artıq davam edən danışıqlardan asılıdır. Səlahiyyətlilər prosesin PKK və onun bütün komponentlərini əhatə etdiyinə diqqət çəkərək, ilk mərhələdə YPG-nin tərkibindəki qeyri-suriyalı silahlı ünsürlərin sərhəddən çıxarılması, prosesin sonunda isə YPG-nin də tərksilah edilməsi lazım olduğunu bildirir.
PKK ləğv edilsə də, bu terror təşkilatının izlərinin yox edilməsi və “Terrorsuz Türkiyə “ anlayışının reallaşması üçün hələ görüləcək çox iş vardır. Türkiyə bu sahədə fəaliyyətini israrla davam etdirməkdədir.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri